Alatoran_header  
Əsərlər > Elçin Alıoğlu > Şən adamlar üçün qorxulu nağıllar > Nağıl 10

Ey Filipp Larkin, sən bu yağışı
harada gördün ki...


Yağmur
Başımı qaldırıb yarpaqlarında duran yağmur damlalarının üzərimə düşməsi üçün ağacı incə gövdəsindən tutub silkələdim.
Qısa, kiçik bir yağış.
Yağışcıq...
Günəş doğmadan öncə, sübh namazından sonra, səhər ertədən işə gedənlərin oyadıldığı bir əsnada yağan yağmurdan sonra qalan damlalar üstümə düşdü.
Bu yağmurun taxtapuşda, evimin damında çıxardığı səslərə oyandım dünən. Pəncərələrdən bəlli-bəlirsiz bir işıq gəlirdi. Lampanı yandırıb saata baxınca bunun ay işığı yox, günəşin ilk xəbərçisi olduğunu anladım.
Saat altıya iyirmi beş dəqiqə vardı.
Gün nə qədər gec işıqlaşır artıq...
İngilis şair Filipp Larkin bu saatlarda oyandıqda yataq otağının pərdələrinin arxasından işıqla bərabər ölümün də girdiyini görürdü. Bütün həyatı boyunca yox ola qorxusu ilə yaşadıqdan sonra 1985-ci ildə 63 yaşında boğaz xərçəngindən öldü Larkin.
Özündən sonra ötən əsrdə yazılmış ən gözəl şerlərdən bəzilərini qoyub gedərək...
Melanxoliya, qısqanclıq, acı və sevinc illərinə gecikmənin üzüntüsünü səsləndirən şerlər. İnsan adlı bir quşun oxuması...
... Bu otağa ölüm girə bilməz, Sadəcə, işıq, nur girə bilər.
Çünki burada qızım uyuyur.
Orada, pəncərənin yanında.
Qızımın çarpayısının baş tərəfi qapıya baxır.
Qucağında balaca ayısıyla bahəm yatır. Qapqara, uzun, azacıq qıvrım saçları yastığa dağılıb.
Oyadıram onu.
Anlayır ki, durmaq vaxtıdır.
Yorğanı başına çəkir, yeni gündən gizlənməyə çalışır.
Səhər evdən çıxanda yağmur yağışa dönüb, sakitləşib.
Evin qarşısındakı yol bomboşdur.
Ağacların arasıyla gedən yolda bir kimsə yox.
Belə yaxşıdır.
Dəfnə, şam, küknar qoxularını ciyərimə çəkirəm.
... Kiməm mən? Burada nə işim var? Kilometrlərlə uzun damarlarımda litrlərlə qan fırlanır, yardımıma heç ehtiyacı olmadan ürəyim vurur, ciyərlərim nəfəs alıb-verir, zülal və proteinlər kiçik hüceyrələrə bölünüb vücudun çeşidli yerlərindəki hücrələrə yollanır. İçindən sürəkli düşüncələr keçən insan beynini alimlər Kainatdakı ən qarışıq nəsnə kimi qəbul edirlər.
Amma bu beyin nə Kainatı anlayır, nə məni.
Sanıram ki, yatıram, oyanıram. Halbuki yatızdırıram, oyadıram...
Məskkun olduğum bu bölgə də mənə yox, burada öz təqvimlərinə və proqramlarına görə fəaliyyət göstərənlərə aid. Həmin fəaliyyətlərin nəzarəti də başqalarında.
İnsanın içində, insandan müstəqil olur bütün bu qarışıq, ağlagəlməz işlər.
Durmadan qəlbinə nələrisə yeridib nələrisə çıxarmaq istəyən bu vücudun sahibi kim?
Bu qəlb nədən məhz vücudun içində, köksdədir?
Daha öncə haradaydım? Buradakı işim bitincə hara gedəcəm?
Yanımda nəsə götürə biləcəyəmmi...
Burası ilk və son dayanacaqmı...
Yoxsa buranın yanından keçərkən "bir baş çəkim" söylədim...
Fırtınada batan gəmidən qurtulub dalğalar üstündə üzən bir qapıya sığınan yolçu kimi əqlimə tutunmağa çalışıram...
Nə qədər dayana biləcəm - bilinmir...