Alatoran_header  
Əsərlər > Elçin Alıoğlu > Şən adamlar üçün qorxulu nağıllar > Nağıl 2

Əsl şer, qaçılmaz öpüş və əyilən məkan...

Poeziyanın məna yükünü tam anlamıram.
İllərdən bəri məşğul olduğum Jurnalistikanı sonunadək dərk etmədiyim təki.
Söz yığınından, daha doğrusu, sözlər arasındakı boşluqdan beynimə qaçaq yolla soxulan fikirlər və ruhumu qara qapıdan saran hisslərin doğulduğu, tam real əşyalar və canlılarla dolu bir dünyanın necə yarandığını da sonunadək anlamıram.
Amma əsl şerlərdə, yəni məhz sənin "əsl" saydığın şerlərdə anlaşılan bir məna var.
Onlar dünyanın səhih koordinatlarını verir.
Şər "İks", Xeyir isə "İqrek" oxu üzrədir. "X-U" sistemində hər şey dəqiqdir.
Onlar problemləri səviyyə, lay və ranqlara bölür.
Pul qazanmaq problemi haradasa orada, aşağıdadır. Özünün insan sifətinin, insanlığının qorunub saxlanılması isə haradasa burada, yuxarıdadır.
Adi əşyalar qaydası, nəsnələr düzəni.
Əvvəlcə daxili/iç dünya, yalnız sonra zahiri/çöl aləm.
İndi Azərbaycanda nə əsl poeziya var, nə gerçək məkan.
Poeziya hər yerdə və heç yerdədir.
Həmişə və heç vaxt...
İnsan həyatı da belədir.
Ötən ömürlər, yaşanmış həyatlar, reinkarnasiyalar və ölümdən sonrakı həyat barədə boz saçaqlı süzük nağıllar əslində insanın "burada" və "indi" anlamlarından asılılığını azaltmaq, Adəm övladının özünü əbədi və sonsuz hiss etmək istəyinə xidmət edir.
İnsan yalnız məkanı qulaqardına vurmaq və zamanı görməmək qabiliyyətini əxz edəndə şəxsiyyətə çevrilir.
Dəbə, kütlənin zövqünə, siyasi konyukturaya boyun əymək, qula dönməkdən azad olur.
Əsl poeziya adamın özünü özündən, milyonlarla mənadan və vücudundan çıxarmaq vasitəsidir.
Sözlərin, fikir və xəyalların, əşyaların düzülməsini seçmək sənətidir.
Görmək və düşünmək bacarığıdır. Buna görə də zahirən sarsaq danışıq forması - axı bizlər normal həyatda nə qafiyələrlə, nə də verlibrlərlə danışmırıq - belə canlı, əbədi və qartlaşmaqdan azad qalır.
Əsl şerlə rastlaşanda az qalırsan sırf hüceyrə səviyyəsində yazılanların sənin də ağlına nə zamansa gəldiyini hiss edəsən...
Bunlar məni sözlərim, mənim hisslərim, mənim fikirlərimdir! Belə deyirsən əsl şer görəndə.
Həyatımda belə görüşlərin sayı çox azdır. Amma hər dövrdə baş verib. Bu minvalla qafiyələnmiş sözlər Dəməşq poladından daha bərk, daş abidələrdən daha səbatlı olur. Siyasətçilər, inqilablar, savaşlar, imperiyaların tənəzzülü və respublikaların intişarından da uzunömürlü olur şerlər.
Əsl poeziya təmənnasız yardım aktıdır.
Bir konkret adam (yəni şair) başqa konkret adama (yəni mənə) yaşamda yardımçı olur.
Esxalotizm nə ki...
Şerdə harmoniya və gözəllik olmalı.
Şerdəki köpüklü pafos muzey salonunda yaddan çıxmış aftafaya bənzəyir.
Ən mürəkkəb, qarmaqarışıq nəsnələrdən sadə dillə bəhs etmək əsl sənət və şerdir həm də.
Yaşım az deyil.
Çox da sayılmaz.
Nə qocayam, nə cavan.
33 yaş. İsa Məsihanın yaşı...
Mən də öpüşün qaçılmazlığını dərimlə hiss edirəm.
Öpüş müəllifinin kimliyi, ölüm və ya qadın olacağı əsla önəmli sayılmaz.
Önəmli olası dodaqların toxunmasıdır.
Dəridəki buz kimi sıyrıntıdır vacib sayılan.
"Sən sağsan, yaşayırsan, ağrı duyub gülə də bilərsən, ağlaya da..." Bax, beyin və onurğandan keçən bu fikir-ildırımın saniyənin yüz milyonda birində şütüməsidir vacib.
Zamana, məkana, siyasətlə iqtisadiyyata tüpürmək istəyirsən.
Çünki sən varsan...
Sən əsl şer oxuyursan...