Alatoran_header  
Əsərlər > Elçin Alıoğlu > Şən adamlar üçün qorxulu nağıllar > Nağıl 3

Yad planetli adamlar, qadınlar və kişilər...

Qədimlərdə Mars planetində kişilər yaşardı. Onların sivilizasiyası çox inkişaf etmişdi. Marsdakı kişilər zəhmətkeş, vicdanlı və ədalətliydilər. Onlar bütün günü səhər açılandan toran qarışanadək işləyər, gecələrsə hərə öz mağarasına çəkilərdi.
Bəzən də elə olurdu ki, kişilərdən biri xəstələnər və ya qəmlənərdi. Belə durumlarda həmin kişi mağarasından bayıra çıxmaz, dərdiylə baş-başa qalardı.
Və Marsdakı kişilərdən bir kimsənin ağlına belə gəlməzdi ki, mağarasına çəkilmiş adamı narahat etmək olar.
Zira hamı anlayırdı ki, vaxt keçəcək, hər şey yoluna düşəcək.
Və onda dərdini unudan kişi mağarasından çıxacaq, hər gün gördüyü işin qulpundan yapışacaq.
Mars planetindəki kişilər beləcə yaşardılar.
Onlar həyatlarından çox razıydılar.
Mars planetindən milyonlarla kilometr aralıda Venera planeti vardı. Bu planetdə yalnız qadınlar yaşardı.
Onlar çox mehriban və sakitdilər. Axşamlar bir yerə yığışar, Venera dilində uzun-uzadı avazla oxuyardılar.
Bəzən də elə olurdu ki, qadınlardan biri xəstələnər və ya qəmlənərdi.
Belə durumlarda başqa qadınlar dərdli qadının yanına gələrdi. Qadınlar bir yerdə oturar, danışar, oxuyardılar. Az sonra isə dərdlənən və ya xəstələnən qadın dərdini unudar, yüngülləşərdi.
Venera planetindəki qadınlar beləcə yaşardılar.
Onlar həyatlarından çox razıydılar.
Günlərin birində Marsdakı sivilizasiya o qədər inkişaf etdi ki, kişilər ulduz gəmisi tikə bildilər. Gəmi tikiləndən sonra kişilərin bir parası kosmosa yollandı.
... Vaxt keçirdi. Uzaqdakı ulduzlardan biri əvvəlcə ləkəyə, sonra balaca topa, sonda da planetə çevrildi. Bu, Venera planetiydi.
Kişilər anladılar ki, bu planetdə ağıllı məxluqlar yaşayır. Kişilər həmin məxluqlarla danışmaq, ünsiyyətdə olmaq istədilər.
Kişilər qadınlardan çox xoşlandılar. Qadınlarsa kişilərə ehtiyatla yanaşdılar. Onlar ilk-əvvəl kişilərdən xoşlanmadılar.
Amma zaman keçdikcə kişilərin heç də əcaib məxluq olmadığını anladılar.
Qadınlar da kişilərdən xoşlandılar.
Məlum oldu ki, iki sivilizasiyanın bir-biriylə bölüşəsi çox nəsnəsi var. Kişilərin bir parası Venerada qaldı. Bir dəstə qadınsa Marsa yola düşdü.
Kişilər Venerada özlərinə mağara düzəltdilər və orada yaşamağa başladılar. Onlardan hansısa biri qəmlənəndə və ya xəstələndə mağarasına çəkilər, çölə çıxmazdı.
Qadınlar başı dərddə olan kişilərin mağaralara çəkilmək şakərini anlamadılar. Bu iş onlara çox qəribə gəldi. Di gəl qadınlar başa düşürdülər ki, onlarla kişilər ayrı-ayrı planetlərin övladlarıdır. Hər planetinsə öz qanunları var.
Həmin qanunları sayğı ilə qəbul etmək gərək.
Kişilər də qadınların davranışlarında çox məqamı anlaşılmaz, qəribə və yaramaz sayırdılar. Amma kişilər dərk edirdilər ki, onlarla qadınlar ayrı-ayrı planetlərin övladlarıdır.
Hər planetinsə öz qanunları var. Həmin qanunları anlamırsansa, sadəcə, qəbul etmək gərək.
Belə anlayışa malik qadınlarla kişilər firavan və rahat həyat sürürdülər.
Və günlərin birində onlar böyük, lap böyük ulduz gəmisi tikib uzaqlara səyahətə çıxmağa qərar verdilər.
Səyahətə uzun zaman hazırlaşdılar. Gəmidə çoxlu qadın və kişi vardı.
Gəmi kosmosa çıxanda isə qadınlarla kişilər tək qaldıqlarından təlaşlandılar, özlərini itirdilər. Kosmosda xeyli dolaşandan sonra naməlum bir planetə endilər. Kişilərlə qadınlar planeti tədqiq etməyə başladılar.
Əsl cənnətdi bu planet. Bumbuz Mars və ya çox isti Venera ilə müqayisəyə belə gəlməzdi.
Yamyaşıl meşələr, məxmər çəmənlər, masmavi okean... Çaylar balıqlar, meşələr də heyvan və quşlarla doluydu.
Kişilərlə qadınların xəyalına belə gəlməzdi ki, dünyada belə möcüzə ola bilər.
Planeti o qədər sevdilər ki, elə buradaca qalmaq qərarına gəldilər.
Vaxt keçdi. Marsdakı bütün kişilər və Veneradakı bütün qadınlar Yer adını verdikləri bu planetə köçdülər.
Kişilərlə qadınlar Yerdə uzun zaman bəxtəvər və sakit yaşadılar. Lap əvvəllər olduğu kimi...
Amma illər keçir, nəsillər dəyişirdi. Və kişilərlə qadınlar ayrı-ayrı planetlərin övladları olduqlarını unutmağa başladılar.
Kişilər qadınları, qadınlar da kişiləri anlamağa başladılar. Onlar bir-birlərini "düzəltməyə" çalışır, dalaşır, qovğa edirdilər.
Bəxtəvərlik və rahatlıq Yerdən uzaq qaçdı. Savaşlar başladı, şəhərlər yandı, Xaos dönəmi qədəm qoydu...
O dönəm indiyədək davam edir.
Halbuki yetər ki, kişilərlə qadınlar ayrı-ayrı planetlərin övladları olduqlarını xatırlasınlar. Həmin planetlər öz qanunlarıyla yaşayır. Başqasının qanunlarına isə sayğı duymaq gərək...