Alatoran_header  
Əsərlər > Elçin Alıoğlu > Şən adamlar üçün qorxulu nağıllar > Nağıl 4

Həyatın mənası və kitabsız qalan şah...

Həyatın mənası nədir ki...
Bir şah yaşardı. Taxta yeni çıxdığından və hələ gənc olduğuna görə hər şeyə maraq göstərən birisiydi. O, artıq çox şeyi bilsə də, daha çox öyrənmək, yaşama bəlad olmaq istəyirdi. Amma nə edəsən ki, saraydakı kitabaların nə sayı vardı, nə hesabı.
Şah anlayırdı ki, bu kitabların hamısını oxumağa ömrü yetməyəcək.
... Günlərin birində şah sarayın ən müdrik alimini yanına çağırır və əmr edir ki, bəşər xəlq olandan üzübəri insanlığın tarixini yazsın, ona versin. O da oxusun, nəyin nə olduğunu bilmərrə anlasın.
Müdrik alim illər uzunu çalışdı.
Aylar sənələr, onilliklər keçdi. Nəhayət ki, nökərlər şahın yanına beş yüz böyük kitab gətirdilər.
Kitablarda bəşəriyyətin tarixi yazılmışdı.
Şah təəccübləndi. O, artıq gənc olmasa da, biliyə olan marağı öləziməmişdi. Di gəl o, yanına gətirilən kitabların hamısını oxumaq üçün illərini xərcləyə bilməzdi.
Şah alimi yanına çağırdı, bəşər tarixi haqda yazdıqlarını bir az qısaltmağı, yalnız ən vacib məsələləri qələmə almağı əmr etdi.
Və müdrik alim yenə çalışdı, aylar və illər keçdi.
Günlərin birində nökərlər şahın yanına içində 50 kitab gətirdilər.
Şah isə yamanca qocalmışdı. O, anlayırdı ki, bu kitabları oxuyub başa çatdıra bilməyəcək. Şah üzünü alimə tutdu və bundan sonrakı kitablarda ən mühüm, mühümlərin mühümü olan məsələləri yazmasını əmr etdi.
Müdrik alim yenə yazdı. Vaxt-vədə tamam olanda o, bəşər tarixini bircə kitaba sığışdıra bildi. Di gəl kitabı şahın yanına gətirəndə gördü ki, hökmdar ölüm ayağındadır. O qədər zəifləyib ki, kitabı səhifələməyə belə gücü qalmayıb.
Şah xırıldaya-xırıldaya dedi ki, bəs bəşər tarixini elə indicə, bircə cümlə ilə yazsın. O dünyaya gedənəcən bilsin insan övladının tarixini...
Alimsə kağız parçasında bircə cümlə yazdı.
"İnsan doğulur, əzab çəkir və ölür..."