Alatoran_header  
Əsərlər > Elçin Alıoğlu > Şən adamlar üçün qorxulu nağıllar > Nağıl 5

Dilək ağacı, budaqdakı kağız,
kağızdakı yazı...


Otağımda kiçik bir ağac var. Pəncərinin önündə.
Budaqlarına balaca kağız parçaları bağlaram.
Sarı, qırmızı, çəhrayı, göy, ağ.
O kağızlarda da diləklərim.
Diləklərin çin olarsa bir gün...
Hər gün yazı yazmaqdan qurtularam, gülüm.
Hər gün yazı yazmaqdan qurtulmaq üçün hər gün kiçik ağacın budaqlarına balaca dilək kağızları bağlayıram.
Əslinə baxsan... Yazı yazmaqla kağız bağlamaq eyni şeydir.
Hər ikisində ümidlənirsən. "Birdən gerçəkləşdi..."
Amma gerçəkləşmir.
Nə yazıdakı məsələlər, nə də kağızdakı diləklər.
Hər ikisində bəxt kordur.
Boş işdir, gülüm.
Hər gün kiçik ağacın budaqlarına kağızlar bağlaram. Çünki hər gün yazı yazmaq istəmirəm.
İşim birdi, iki oldu.
Hər gün həm yazı yazıram, həm kağız bağlayıram.
Hər ikisində bir ümid, sonra hüzn var.
Kağız, ya da yazı.
Nədənsə işə yaramazlar.
Nə o kağızlardakı gizli diləklərim tutdu, nə də yazıdan sonra təqaüdçülərin pulları artdı, kasıbların üzü güldü, kəlpeysərlərin başına vuruldu, rüşvətxorun haram pulları burnundan gəldi.
Amma...
Doğrusunu bilmək istəsən, gülüm, kağızdakı diləklərim işə yarayarsa, hər gün yazı yazmaqdan, ağlı başında yazılarımdakı müşküllər də çözülərsə, ağacın budaqlarına dilək kağızı bağlamaqdan qurtularam.
Fəqət, heç biri gerçəkləşmir.
Nə dilək, nə yazı.
Hər ikisində istək, sitəm, arzu, ümid, sinir var.
Və hər ikisindən sonra oturub düşünürəm.
Bəlkə bu gün sadəcə, yazı yazım?
Yox.
Bəlkə bu gün kiçik ağacın budağına dilək kağızı bağlamaqla kifayətlənim?
O da yox. Alınmır.
Bəlkə diləyi yazım, yazını da budağa bağlayım?
... Otağımdakı pəncərənin önündəki kiçik ağacın budaqlarına hər gün dilək kağızı bağlayıram.
Diləklərim çin olsa, bu yazılardan qurtulacam.
Bu gediş, bu iş, bu yorğunluq, bu əsəb, bu əndişələr, bu səbr, bu anlamsız yazılar bitib gedərdi...
Yaramazlıqlar da yox olardı.
Amma diləklər tutmur ki, gülüm.