Alatoran_header  
Əsərlər > Elçin Alıoğlu > Şən adamlar üçün qorxulu nağıllar > Nağıl 6

Qorxunun yovşan ətri...

XXI əsrin ilk günü 2 il əvvəl 11 sentyabrda, Nyu-Yorkun Manhetten səmtində, "Liberty Street"də yaşandı.
... Qlobal savaşlar, dövlətlər koalisiyalarının qarşıdurmaları, totalitar ideologiyalar və recimlər, kütləvi qırğın silahları və ən nəhayət "qorxu mütənasibliyi" əsri canını Nyu-Yorkda və Vaşinqtonda tapşırdı.
XX əsr başladığı kimi də bitdi. Qəflətən, vaxtından əvvəl, təqvim, məkan və zaman anlayışlarına tüpürə-tüpürə.
Cənub və Şərqdəki bəzi xalq və dövlətlərsə tamamən fərqli hərəkət trayektoriyasını seçdi.
Tarixin məhvərinin yerindən oynadığı, dəyişilənlərin faciəyə, faciələrin də əksər hallarda qrotesk halını aldığı bir dönəmdəki sənələrin öldürülən günlərə, ölülərin canlılara, yarıcanların da ölüm üstə olanlara həsədlərinin göz önündə ağlını itirmiş atlar təki çapdığı anlar illərə döndü ahəstəcə.
Tarixləri yazanlarla onları yapanların insanlar olduğunu gördük həmişə.
Yaşamı tarix edənlərin də bəni-adəm olduğunu sezdik.
Di gəl tarix də adam kimidir - ikiüzlüdür həmişə.
Bir üzü qara, o biri üzü ağ.
Siyah və bəyazlı tariximiz ötən savaşlarda, İraqda, Əfqanıstanda can verdi xəstə qoyun kimi. Müharibə xırıldadı, qan qusdu, savaş əkdi.
Aldığımız acı, verdiyimiz zəhər oldu.
Nəfəs alıb-vermə prosesindəki fasilələrdə isə bəşər övladı insani kəşflər yapdı, ixtiralara vardı, insanın həyatını dəyişəcək dürlü işlər gördü.
Nə yazıq ki, belə tənəffüslərin sürəkliliyi az oldu.
Ötən tarixin anamnezi bəlalı.
Tarixin vəba iyi verən nəfəsinin kəsifliyi sonradan günə bərabər əsrin cüzamlı yaralarından sızan qırğın irininə çevrildi...
Bizi başqa tarix gözləyir.
Yeni, qarşıdan gələn tarixin bir para görüntü cizgilərini indidən təxminləyə bilərəm.
Yeni əsr bizləri girova döndərdi. Hamımızı...
... 11 sentyabrdan sonra Xeyir və Şər arasında hədd zorakılığa tərəf daha da sürüşdü.
11 sentyabr Yerin vücüdu hücum və geri çəkilmə, desant və mühasirələri göstərən rəngli ox və xətlərin, savaşdakı cəbhə xətlərini səciyyələndirən qırmızı və göy punktirlərlə örtüldü, cüzama tutulmuş xəstənin dərisini xatırlatdı.
Başlayan yeni əsrdə Yerin vücudunda güclü yanıq yeri yarandı. Hərgah belə getsə, əsrin sonunadək Yer, terror aktlarından və bu aktlara cavab olaraq düzənlənən "cavab əməliyyatları"ndan sonra qalan dəhşətli çapıqlarla örtüləcək.
Tarix qarşısında nə edəcəyimizi bilmədiyimizə görə də qorxulu anların yuxusuzluğunu göy qurşağına, təlaşlı yuxuları isə qəssab dükanındakı ilikli sümüklərin işartısına oxşatmaq istədik - alınmadı.
Çünki təhtəlşüur səviyyəsində anlayırıq ki, ötən tarixin xatirələri olsa-olsa qorxu və fobiyaların yovşan iyi verən tərinə çevrilib.
O tərə ki, qorxudan ucalan səsimizlə budaqdakı quşları belə ox təki vura bilərik.