Alatoran_header  
Əsərlər > Elçin Alıoğlu > Şən adamlar üçün qorxulu nağıllar > Nağıl 7

Mərhəmət, məsumluq, sayğı...

Kimin kimlə sevişdiyini bilmək istəmirəm.
Nədənsə əminəm ki, bəndənizlə həmfikir olan insanlar az deyil.
Sadəcə, Azərbaycanda yox, dünyanın hər yerində ünlü insanların eşq macəralarının, özəl yaşamlarının, ailə həyatlarının bunca təfərrüatlarıyla, "incəlik və xırdalıq"la araşdırılması... Kimin kimlə sevişməsi, kimin kimlə düşmənçilik etməsi, kimin kiminsə yatağından keçməsi barədə "şok açıqlamalar"... Belə rəzalət "xəbər"lər olub, var və nə yazıq ki, bundan sonra da olacaq - çün arada kütlədəki bir para məxluqların " ulduzların həyatlarına maraq"ları var.
Nə verir belə xəbərlər bizə?
Bill Klinton, Şakira, Hyu Qrant, ya da Acda Pekkan, Sibel can və ən nəhayət - daha doğrusu, yamanın yaman günü - Samir Bağırov, Aygün Kazımova, Brilyant Dadaşova və sairlərin nə etdiyi, necə etdiyi çoxmu maraqlıdır?
Məncə, əsla.
Həyat pəncərəsini başqasına açmaq olmaz.
Fəqət, əyalət səviyyəli "məşhur sənətçilər" və "superstar"larımız bunu anlamır.
Daha doğrusu, dərk etmək istəmirlər.
Özəl həyatla bağlı açıqlanmaması gərəkən, amma yekə mərəkəylə səviyyəsiz "şou-proqram"larda flaş xəbər təki təqdim olunan məqamları izlədim.
Filankəs arıqlamaq istəyir, bəhmənkəs filankəsə "mesac" yollayır, filan filanın pişiyi doğub, bəhmənkəs bağından "on-line reportac" verir...
Gəvəzə, tühaf işlər.
Bəzən də sıra gəlir kompromat savaşına.
Toylarda yambız sürüyüb göbək atanlar kimin göbəyinin daha gözəbaxımlı olmasından tutmuş, kimin kimlə vazkeçilməz anlar yaşadığınadək səviyyəsiz dedi-qodular baş alıb gedir.
Canları cəhənnəm, bu qodu və dedilərin obyekti kişi olanda bəlkə də dözmək olar.
Amma özünü "kişi" sayan kişiciklər qadın "ulduz"lar barədə danışanda çiyrənirsən.
Axı kimlərsə bizim barəmizdə dedi-qodu edəndə "vay sənin ananı, nə çirkin iş görür bu adam" söyləyir, amma başqaları haqqında çənə cırıltısının səsinin çıxdığı qeybətə varır və bundan əşha-ləzzət alırıq ki...
Başqalarının həyatı, qovğası, paraları, şöhrəti, bəxtəvər və ya bədbəxtliyi nədən bunca maraqlı olmalıdır - anlamıram...
Ancaq...
Ola bilər ki, səfil həyatın hökm sürdüyü, insanların ağır və monoton günlər yaşadığı yerlər bir səbəbdir bu anormal marağa.
Bəs yaxşı, o "böyük həyat"ların içindəkilərə nə deməli? Dəbdəbəli imarətlər, çoxmilyonluq hesablar, dövlət qurumlarında üst düzəy mənsəb sahibləri, sonra da yazanlar, cızanlar, oxuyanlar və oxudanların bunca təlaş, maraq, ağızdakı köpük və gözlərdəki vəhmlə "şok-şok-xəbər" gözləmələrinə nə ad verək...
Harada, necə yuvarlanırıq bu rəzalət girdabına?
"Yox, yox! Elə proqramlara, elə səviyyəsiz verilişlərə əsla baxmaram! Əsla!!!" bağırır bəziləri. Amma "filankəsin bəhmənkəs haqqında nə dediyini eşidibsən?" deyən təki gözləri alacalanır və başlayır sənə o filankəsin yaşamından, bəhmənkəsin macəralarından və ən başlıcası, həmin proqramdan danışır.
İçində gərginlik, eşq, seks, macəra, para olan filmi seyr edən kimi baxırıq bu olanlara, yaşananlara. Tum çırtlaya-çırtlaya, çay içə-içə.
Haradək, nə vaxtadək davam edəcək bu?
Baxılacaq. Sonra qınanılacaq, "tfu, ayıb olsun sizə" deyiləcək, baş yellədiləcək, nırçıltı qopacaq, daha sonra eşidilənə birə min qatılacaq, başqalarına ləzzətlə danışalacaq.
Və bu zaman unudulacaq ki, eşq iki insanın arasındakı hissdir.
Sadəcə, iki insanın.
Bizlərsə içimizdə alaqaranlıq bir durum yaşadırıq.
Belə getsə, vaxt gələcək, yaşamın özü kompromat hədəfinə çevriləcək.
Telefon danışıqlarımız, yediyimiz yeməklər, geyinib-soyunmağımız, əllərimizi yumağımız - hamısı "şok xəbər"ə çevrilər...
"Kim çəkdi bunları, nə zaman çəkdi, kiməm mən, bunlar kim?" soruşub çırpınarkən qurtula bilməyəcəyimiz an gələcək, hər yerdə düşkün hallarımızın əksini görəcəyik...
Heç bir şeyin, heç bir olayın özəli, məxfisi, müqəddəsliyi və gizlisi qalmayacaq.
Kim bilir... Bəlkə də bu kabusun ən yaxşı tərəfi hər kəsin ən çılpaq halıyla ortada olmasıdır.
O zaman maraqlanmayacağıq ki, kim kiminlə sevişib, nədən sevişib, necə sevişib...
Belə getsə...
Mərhəmət... Məsumluq... Sayğı...
Kimsə xatırlamayacaq.
Nəydi bunlar?
Oxumayın...