Alatoran_header  
Əsərlər > Elçin Alıoğlu > Şən adamlar üçün qorxulu nağıllar > Nağıl 8

Dördündən biri...

Yəqin sizlərin də elə yuxuları var ki, arabir olsa da həyatınız boyu onları görürsünüz.
Eyni yuxu dəfələrlə təkrarlanır.
Mənim də belə yuxularım var.
Üç yuxu.
İkisi yaxşı, biri pis.
Hər üçü anlaşılandır və bu yuxuların məni nədən təqib etdiyini də yaza bilərəm.
Dördüncü yuxu, məncə, fərd olaraq bəndənizə dəxli olmayan bir vaqedir.
Bu yuxunu ilk dəfə iki il öncə, 11 sentyabr faciəsindən iki gün sonra gördüm.
Gördüm ki, 4 nəfər hansısa binanın ən üst qatındakı pəncərədə əl-ələ tutub durublar, sonra da uçurlar.
Yuxarı, daha yuxarı, lap yuxarı.
Bina isə 4 nəfər əl-ələ uçandan sonra yerlə yeksan olur.
Paradoksaldır ki, yuxudakı adamlar yuxarı uçurlar: halbuki ağırlıq qanununa görə, bina qatından atıldıqları andaca yerə düşməli, paramparça olmalıydılar.
Onları görürəm.
Qardaşlıq məzarına dönmüş binadan aralanan, göydə pərvaz edən insanlar.
Qayət nikbin yuxudur və hər dəfə də qəlb rahatlığı ilə ayılıram bu röyadan.
Yəqin o insanların uçmağı, olayın nə ilə bitməsini bilməməyimdir bu yüngüllüyün səbəbi.
Yuxunun sonucunu görmürəm.
Sadəcə olaraq o yuxuda sonuc yoxdur.
Əfsuslar olsun ki, həyatda sonuc vardı - insanlar gerçəkdən də əl-ələ verib özlərini göydələnlərin ən üst qatlarından aşağı atır, həyatlarındakı ilk və son uçuşun dəqiqəsini binanın içindəki boğucu və odlu cəhənnəmdən üstün tuturdular.
Düşünürəm ki, o yuxu 11 sentyabr olayından etkilənməyimin səbəbidir. Daha doğrusu, insanların əl-ələ verib özlərini aşağı atmaları içimi silkələmişdi.
11 sentyabrdan hesablanmağa başlanmış olayın finalı dünya üçün hələ də bəlli deyil.
Statistika göstərir ki, terrorizmlə savaşın ikinci ili birinci sənədən daha çox qurban aparıb.
Yeganə savaşdır ki, düşmən qalasının alınmasıyla başa çatmayıb və çatmayacaq da.
Haradadır bu savaşın finalı...
Kim deyər ki, terrorizmlə savaş başa çatıb...
Heç bir qaydası olmayan savaşda qalib ola bilərmi...
"O tərəfdən" sülh müqaviləsini kim imzalayacaq - Bin Ladin, yoxsa Səddam Hüseyn...
Terrorizm adlı Şərin axırına çıxmaq bəşəriyyət üçün triumfa çevriləcəkmi əcəba...
Bu triumf nə olacaq - Bin Ladinin ölümü, yoxsa Səddamın məhkəməsi...
Ola bilər.
Fəqət, günün sabahı beş oğlan və ya beş qız, Bin Ladinlə Səddamı həyatları boyu görməmiş yeniyetmələr Allahın cənnətinə düşmək üçün növbəti "Boinq"i ələ keçirərlər, atom stansiyasını partladarlar, ya da zəhərli qazı şəhərdə yayarlar.
Axı Amerika və müttəfiqləri bütün müsəlman dünyasını işğal edə bilməz ki...