Alatoran_header  
Əsərlər > Elçin Alıoğlu > Şən adamlar üçün qorxulu nağıllar > Nağıl 9

Bəlli deyil...

Dözün. Az sonra hər şey yaxşı olacaq. Çünki o şey ki, olasıdır, deməli, olacaq və olmaması mümkün deyil. O şey ki, olmamalıdır, deməli, olmayacaq və olması da mümkün deyil. Və o şeylər ki, olsa da olmayan kimi anlaşılır, ya da olmadığı halda olan kimi qavranır, onların olmaqlarındansa olmaması yaxşıdır. Axı olanla olmayanın arasında olmaqlıq fərqi olduğundan olmayın olan təki təqdim etmək mümkün olsa da, olmaz.
Bu qədər bəsit...
Olanlar arasında bəllilər də var.
Yəni bəlli olan məqamların mövcudluğu insan yaşamını rahatladır, beyni qurutmur, insanı vərəmlətmir, əlləri boşaltmır.
Laübaliliksə tam tərsinə, beyni qaxaca döndərir, vərəmdən ciyərlərin çatlayır, əllərin qarğı tək yanına düşür, ağzın əyilir, naçar başın aşağı dikilir, peysərin çopur günəşin mırtlı şüaları altında təzəcə təmizlənmiş qaloş kimi işıldayır.
Dövlət bizi çox istəyir.
Biz də məmurları canımızdan artıq sevər, sayğılarını baş üstündə gəzdirib çiyin atarıq.
Niyə?
Çünki biz qanunsevər, stabil, mükərrəm və istiqrarlı kəslərik.
Dəxi haramzada işlərdən eyzən uzaq qaçarıq.
Məsələtün, artıq neçə gündür ki, məmləkətin iki böyük kəndi sayılan Bakı və Sumqayıtın arasında bağırsaq təki uzanan yolun Bakıya dırmaşıb gənəşən səmtini bağlayıblar.
Qazırlar, tökürlər, süpürürlər, təmizləyirlər, hamarlayırlar, asfalt döşəyirlər, sonra yenə qazırlar.
Ləzzət, fiesta, osannadır.
Millət nə edir?
Heç nə.
30 dəqiqəlik yol olur 2 saat, "marşrutka" deyilən kəl arabalarının içində sükan hərləyənlər bir-birlərini söyüb biabır edir, toz dumana ərş olur - di gəl durum düzəlmir.
Çünki burası təmir məkanı.
Təmir isə, bəlli, həyatda ən qorxulu vaqelərdən biri.
Bəlli ki...
...Bəzi şeylər tam bəlli olsun deyə dövlət böyük qurumlar qurdu. Çünki dövlət üçün heç bir yönümüz bəlli deyil.
Ölkədəki insanları saydılar - əhalinin rəsmi sayı ilə gerçək say arasında fərqdən danışdılar.
Başı buraxılmış dana təki hara yürüdüyü bilinməyən inflyasiyanın real həddini hesablamaq istədilər, hesabladılar, dedilər - kimsə inanmadı bu bəlli olmayan işə.
Ölkənin iki qatını da çapıb taladılar, amma çapanla çapılan bəlli olmadı.
Bir para qanunlarımız Konstitusiyaya uyğun olmadığı halda Avropa Şurasının firəngləri bu məmləkətə gələndən sonra bunu desələr də, kimin nə iş görəcəyi bəlli olmadı.
Və seçkilər... Prezident kürsüsünə oturmaq istədiklərini söyləyən şəxslərin gerçək niyyətləri, nə istədikləri, nə bacaracaqları və bizlərin onlardan nə yolla qorunacağı bəlli olmadı ki...
Biz nə edəcəyik əcəba?
Nə yaxşı ki, hər şeyimiz tam bəlli olsun deyə dövlət çeşidli qurumlar yaradıb.
Bu üzdən heç nəyimiz bəlli olmur.
Biz kimik, nəyik, nəçiyik, necəyik?
Varıq, yoxsa yox?
Bəlli deyil...