Alatoran_header  
Əsərlər > Elsevər > Hekayə

Bu kişinin adı Muraddır. Özünün dediyinə görə bir hekayə yazmaq eşqinə düşüb. Məni də bu hekayəyə baş qəhrəman roluna dəvət edib. Daha doğrusu başımı, beynimi aparıb. Mən də (adım şəklin yanında yazılıb, elə şəkil də mənimkidir) canımı dişimə sıxıb razılıq vermişəm. Ancaq bir şərtlə. Şərtim də ondan ibarətdir ki, mənim bu yazıçı dostum yazacağı hekayənin qısa məzmununu və bir sıra maraqlandığım şeyləri mənə ərz eləsin. (lap qoca kişilər kimi danışdım) Müəllif də mənə bildirdi ki, hekayəsini ümumbəşəri mövzuda yazacaq. Burada narkomaniya və beynəlxalq terrorizm əleyhinə faktlar işıqlandırılacaq. Hətta beynəlxalq terrorist Ben Ladenə ağzına gələni deyəcək. Bunlarla yanaşı incə ruhları riqqətə gətirən, insanları rövnəqləndirən, bulaq suyu qədər parlaq, saf, Mariana qədər dərin, Everest qədər uca , daim bakirə ümummilli sevgi də, o cümlədən vətənə, torpağa, Qarabağa , üçrəngli bayrağa fərdi münasibət də əks olunacaq, ağsaqqala hörmət, dinə sayğı, xalqa qayğıkeşlik, müqəddəs prezidentə ehtiram( Allah bizdən kəsib ona calasın) da müəllifin hekayəsində önə çəkiləcək (ağzıvı büzmə, mən yaxşı bilirəm ki, bu uzunluqda cümlə olmaz).
Qısası mən payız fəslində (yağış da şıdırğı yağır) Bakı Soveti metrosunun çıxışında səhər saat 8 : 30-da əlimdə 3 qızılgül (çox çək-çevirdən sonra qərənfilləri qızılgüllə əvəzlədim) .
Zəruri qeyd: hekayəyə sponsorluğu müəllif şəxsən özü edəcək. Borclu olduğum insanlar hekayəni oxuyub üstümə hücum çəkməsinlər.
Təyin olunmuş vaxtdan düz bir saat sonra qız gələcək. Yazıq canım qız gələnə qədər cumculuq olacağam. Yaxınlaşıb gülü ona tərəf uzadacağam. O da əvvəl məni tanımayırmış kimi ötüb keçmək istəyəcək. Çox yalvarışdan sonra minnətlə də olsa gülləri əlimdən alıb iyləyəcək və «güllər o qədər də gözəl deyil» deyib dənəsini iki şirvana aldığımız qızılgüllərin qiymətini öldürəcək. Mən də onun sözünün qarşısında daha centlmencə davranıb(kim olsaydı gülü təpəsinə çırpardı) «siz bütün güllərdən gözəlsiniz» deyəcəyəm. O, dərsə gecikdiyini bəhanə gətirib çıxıb getmək istəyəcək, mənsə guya ki, onu məcburən Vahid bağına tərəf çəkib aparacağam. Yağış da kəsmək bilmir. Aşağı yenişdə yıxılmasın deyə qoluma girəcək (bayaqdan aramızdan kamaz keçərdi ) prospekti keçib bulvara gedəcəyik, bir dalda skamya tapıb pencəyimi altımıza salıb əyləşəcəyik. Bir az beyləqan vəziyyətdən danışırdıq ki, bir də görəcəyik ki, polis yanımızı kəsdirib. Tutub bir şirvanımızı alacaq. Dalı da ikinci hissədə olacaq.
Bunlar hamısı aydın və başadüşüləndir. Müəllifə öz təkliflər paketimi hazırlayıb göstərdim, sizə də göstərirəm.
1. Bu hekayə nə iqtidaryönlü, nə də müxalifətyönlü mətbuatda çap olunmayacaq. Olsa yalnız «Sənət» qəzetində çapa gedəcək.
2. Oynadığım baş rola görə yüksək səviyyədə qonorar istəyirəm.
3. Pencəyimin qurudulması və tibbi sığortam da müəllifin boynunadır.
4. Polisə verdiyim bir şirvanı da müəllif ödəməlidir...
Bu təklifləri oxuyan müəllif Murad müəllim o gedən getdi. Yaxşı ki, yağış kəsdi, durum mən də gedim. Ay qaqaş, çayın pulunu da Muraddan alarsınız.