Alatoran_header  
Əsərlər > Elsevər > Nəytub

Mənim ağıllı balam, aşqili gözünə nənən qurban! Kəndə qayıdıb bizi urvatsız eləmə.
Sən gedəli kəntdə oxərtə şey dəyişib ki, Manafın oğlu olub, Ziliş ərə gedib, yolun qırağında Orucgilin dalında təzə tükan da tikiblər. Day şey-şüy alanda gəlini Vəlinin tükanına göndərmirəm. Əvrəş qoyun əkiz bala verdi. Qara Dümbələyi deyirəm, sən həmişə onu belə çağırardın. Sən gedəndə yelinliydi ,əmingilin ala düyəsini də qurd basdı. Deyirəm də mənim balam , xeylax şey dəyişib sən gedəli. Yadıma düşmüşkən onu da qoy deyim, gül , Tərlanın qızı var idi ha, Tavıs, ərə gedib. Bilirəm inanmırsan ,əvvəlcə heç kəs inanmırdı. Amma gədəni yanına salıb kəndə gətirəndə hamı çarəsiz qalıb inandı. Yadındadı, deyirdin onun sifətini görəndən sonra qorxudan yeddi gün gözümə yuxu getmir.
Müharibə çıxardanın ,görüm ,balası ölsün. Sən indi kənddə olmalıydın e… evimizin dadı-duzuqeybə çəkilib. Hərdən evimizin yanındakı yala çıxıb səni aparan yolları qarğıyıram. Sənə kim deyirdi get özünü dürt o qan-qadanın içinə. Məhlim səndən əsgər olar, sən heç tüfəng ata bilərsən? Yazıq kişinin dili yağır olmuşdu , səni ova səsləməkdən. Sənsə elə hey qandan qorxduğunu bəhanə eləyib dədənlə ova çıxmırdın. Qonaq-qara gələndə də toyuğu arvadına kəsdirirdin. Özün denən, səndən döyüşçü çıxar, sən heç adam öldürə bilərsən?Niyə qoymursan cadımızı yeyək, qoturumuzu qaşıyaq. Kənddə hamı elə bilir ki, sən qəhrəmanlıq göstərif həlak olmusan. Bədbəxtlər hardan bilsinlər ki, sən qorxağın yekəsisən. Nə qəhrəmanlıq eləyib kimisə öldürə, nə də qəhrəmanlıq eləyib ölə bilərsən. Çox güman ki, fərarilik eləyib hardasa gizlənmisən, bir də ki, sən şəhid olsaydın mən heç saya nəytub yazardım?!
Səndən qəhrəman olsa, biqeyrət dədəndən də kolxoz sədri olar. Bilirəm, eşitsən xətrinə dəyəcək, dəyən yerin yaxındır axı… Yeri gəlib, çox şeyləri açacam ki, xəbərin olsun. Üzüm ayağının altına, dədən toy gecəsi gördüyü «iş»dən elə qorxmuşdu ki, bir ay mənə yavımadı. Mən dətəzə gəlin , fısqırıqlı vaxtlarım. Fırlatdım, fırlatdım, kəndin bazburatlı kişilərindən birini saldım cəngimə. Siz kişi xeylağısınız, arvadların oyunundan xəbəriniz olmaz. Yox, yox, ürəyində qara qalmasın, sən dədəyin balasısan. Düzdü, sən orduya gedəndə elə bilirdim səhv eləyirəm, sonrakı işlərin məni hali elədi ki, mən düz fikirləşmişəm. Neyləyim axı, yaş ilə əlaqədar yaddaşım da zəifləyif. Hə bala, bunlardan heç kimin xavarı yoxdur. Bir daş altda, bir daş üstdə. Dilini dinməz yerə qoy, farağat otur. Əşi, elə deyirəm ki, guya nəytubumu oxuyub eliyəssən e… Bilirəm sənə çatsa oxuyarsan, amma oğraş poçtalyonlar elə bil səni tapmırlar o boyda şəhərdə. Oduye, paçtalyon Səməd irayonun məmə deyəndən , pəpə yeyəninə qədər tanıyır. Sənə yazdığım nəytubların hamısın ona vermişəm, nə bilim, yalançı o olsun, deyir aparıb irayon poçtuna. Bu səfər şəklini də nəytubun içinə qoyub yolluyacam. Bilirsən, hansı şəkli deyirəm, əlində tüfəy olanı deyirəm, əskərriydən yollamışdın e.
Dedim evləndirməyək , biqeyrət dədən dedi ki, oğlum məytəbi qurtaran kimi evləndirməliyik. İndi başıdaşdı arvadın sənin alt paltarını yuyub sərməkdən əllərinin qabığı, tumanının irəngi gedib. Yaxşı ki, halal süd əmib, əyər həlləm-qəlləm olsaydı, çoxdan bizi atıb getmişdi.
Min yaşasın, bizə korrux-zad verib eləmir, əksinə bizim nazımızla oynayır.
Bala, ağzım qızışdı, kefinisoruşmadım. Bir də ki, yadında saxla, mən səni vətən üçün doğmamışam . Nəytubum işdi əlinə keçsə oxuyub təsirlənib kəndə qayıtma. Amanın bir günüdür. Burda araqarışıb, məzhəb itib, bacar xaricə-zada qaç get. Ara sakitləşəndən sonra qayıdıb gələrsən. Get, başına dönüm, get.Nə var axı bu xarabada, get özünə bir gün ağla. Bu dövlətə dədən də , mən də ömrümüzü sərf etdik. Bu boyda zəhmətin əvəzində beş şirvan yeddi məmməd bir nizami pensiya alırıq. Bu da nə əynimizə çatır, nə başımıza.Boğazımıza gücnən əlac eləyirik. Dədən sənin köhnə-möhnələrini geyir. Mənim tumanımın da şiltiyi çıxıb. Başıva dönüm, bala, o günlərisi televizorda bir arvad deyirdi ki, fərariləri qəhrəman analar doğmur. Ordenimi özüngörmüsən də. Gətirib soxacaqdım gözünə. Hava qaralır, indi inəklər örüşdən qayıdacaq. Bu cümələni də qurtarıb dururam. Bala, Allahın əli kürəyində olsun. Di, sağ ol!
       İmza: Maman Ərkinaz.
       13 noyabr