Alatoran_header  
Əsərlər > Elxan Zal Qaraxanlı > Bozqurd andı

And olsun Tanrıdağın vulkanlaşan səbrinə,
And olsun ər Tunqanın qeybə çıxan qəbrinə.
Yovşanlı düzənlərin cübbəsinə and olsun,
Şəhid məzarlarının qübbəsinə and olsun.

Qutlu savaş günündə kül olsa da ətimiz,
Yenə yetmiş ordunu yenəcək hiddətimiz.
Bizim şanlı torpağın hər dənəsi müqəddəs,
Yurda nicat ərlərin bədəni kəfən bilməz.

Bu dağ, bu orman, bu çöl babaların tənidir,
Vətən onu qoruyan kişinin vətənidir.
Sən ey bizdən törəyib bizdən olmayan alçaq,
Tanrının öc qılıncı sənə qənim olacaq.

                                                                       1989