Alatoran_header  
Əsərlər > Elxan Zal Qaraxanlı > Yaquar yerişli zaman

Gecənin uzunluğu
Göydələndən yekədir.
Kipriyimin ucunda,
Yuxu bircə tikədir.

Ay yanıb ağarmayıb,
Hələ körükləyir dan.
Ömrün budaqlarında
Yel qovur oranqutan.

Xoruzların səsində,
Nə tikiş var, nə sırıq.
Tənəklər damcı tökür,
Sallananda mısmırıq.

Quşlar hava çalmıyor,
Saata sığınıb takt.
Caynaq çəkir üstümə
Yaquar yerişli vaxt.

Gecənin uzunluğu,
Rezindən də elastik.
Mürgüsünü tutammır,
Nə mütəkkə, nə yastıq.

Mən səni düşünürəm,
Sükut titrəyişində.
Gecə öz işindədir,
Düşüncə öz işində.

                                2002