Alatoran_header  
Əsərlər > Elxan Zal Qaraxanlı > Çadrasız üfüq

Bu yazın nə gözəl səhəri varmış,
Elə istəyirsən tutub yeyəsən.
Buludlar tüstüsüz alovlanarmış,
Çadrasını atan üfüq qızarmış,
Bu yazın nə gözəl səhəri varmış.

Səhərin quşları uçur yan-yana,
Adamın dünyaya baxmağı gəlir.
İlahə üzünə bənzəyir səma
Tutub dodağıma sıxmağım gəlir.

Elə bil yüz illik çaxırdı hava,
Dadına baxanlar məst olasıdır,
Adamın içini çıxardır hava,
Sanki qız şıltağı, gəlin nazıdır.

Cırır köynəyini, cırır vəcdimiz,
Doyumluq həddinə bircə udum var.
Gözəllik oduyla tutuşanda biz
Canda zərrə qədər imanmı qalar?

Bizə bu cənnəti bəxş eləyən sən,
Qəsdin canımızı almaqdı, Allah.
Əl çəkib dünyanın bu ləzzətindən,
Sənə qovuşmaq da günahdır, Allah

                                                       1985