Alatoran_header  
Əsərlər > Elxan Zal Qaraxanlı > Sənin islanmış odun

Ürəyim bir dəstə qırmızı güldür,
Ay dəniz, ay dəniz ürəyimi al,
Allığa bürünmüş dan havasında
Nə olar ay dəniz mənə mahnı çal.

Gəl bir az oynaşaq uşaqlar kimi,
Tutaq dalğaların ritmlərini,
Mən sənin islanmış odundan içim,
Sən də ürəyimin allığını al,
Nə olar ay dəniz mənə mahnı çal.

Ay dəniz sən mənə bir gəmi yetir,
Süvari suların qoynunda itir,
Uzaq, gözdən uzaq ölkəyə apar,
Qurtar məni qurtar, təklikdən qutar.

Ürəyim bir dəstə qırmızı güldür,
Al, al ürəyimi sovqat kimi al,
Nə olar ay dəniz mənə mahnı çal.

                                                     1984