Alatoran_header  
Əsərlər > Elxan Zal Qaraxanlı > Həyat eşqinə şam

Aylı gecələrdə boğar məni qəm,
Niskilli anlarım tamı zəhərdi.
Bəlkə, gəzdiyimiz sahman-səliqə,
Taxçada tor basan üzüntülərdi.

Ömrün cəbhəsini fırladır əsrar,
Axırmı əzəldi, əzəlmi axır?
Həyatın eşqinə şam yandıranlar,
Ölümün dalınca həsrətlə baxır.

Bu dünya gözəldi, yaşantısı qənd,
Ən acı günü də qoymağa qab yox.
Biz eşqə mailik, dünya bizə bənd,
Dünyadan qopmağa kimsədə tab yox.

Yaranıb, yaradan öləsi deyil,
Yüz ocaq çatıla, yanmaz yazılan
İnsanı qorxudan ölü taleyi,
Vur-tut bircə andır, cəmi bircə an.

                                                           1995