|
|
Yollar yorulsa da, qurtaran deyil,
Yaşanmış günlərin gözündə yaş var.
Aysız gecələrin kirimiş neyi,
Bir şehli səhərdə təzədən çalar.
Təzədən açılar arzu mücrümüz,
Yenə at səyirdər şıltaq bəstələr.
Bəxtini gözləyən sevda hücrəmiz,
Təzə tərəvətlə bizi məst elər,
Bu sevda qurtarmaz, vallah qurtarmaz
Arzu da istək də löyün-löyündü
Cismimiz qalsa da torpağa muraz
Sevdalı ruhumuz yenə göyündür
Çünki istəyimiz azalan deyil
Daim təzələnir hər rəng, hər çalar,
Yaşanmış günlərin kirimiş neyi,
Bir mavi gecədə təzədən çalar.
1995
|
|