Alatoran_header  
Əsərlər > Elxan Zal Qaraxanlı > Qar üstündə nar

Eşqim mənim, yaşıl çalar,
Yaşıl külək qışqırığı
Şüşələrə düşüb qalar,
Ulduzların hıçqırığı.

Lüt bədənə qızmar gecə,
Taxar ayı yaxasına.
Xatirələr yatan küncdən,
Salxım-salxım ah asılar.

Eşqim mənim, bahar çağı,
Su üstündə ay yaxması.
Almaların qış qabağı,
Damla-damla qan axması.

Eşqim mənim yaşıl çalar,
Qar üstündə nar allığı,
İşıq gəzən yarasalar,
Kəsib tökür qaranlığı.

Bu cığırdan pişik keçib,
Həsrətin ləyəni deşik,
Nəhlət sənə, qara gecə,
Nəhlət sənə, qara pişik.

                                      1987