Alatoran_header  
Əsərlər > Elxan Zal Qaraxanlı > Mart həsrəti

Dilləndir, dilləndir susmuş fleytanı,
Bəlkə söyüdlərin saçı darana
Bu sonsuz gecənin nəmli haytası,
Dönüb duyğuların dərd cidarına.

Qurtardı quşların nəğmə saatı,
Pişiklər yatışır mart həsrətində.
Dəmir başmağını yırtan əsatir,
İndi nəğmə qoşur səhərə tində.

Rəng-rəng tüstülənir yol işıqları,
Yaşmaqlı gecələr utancaq olub.
Elə bil qaraçı alaçıqları,
Yuxulu səhrada səhv salıb yolu.

Getdi son avtobus, nəymiş təsəlli,
Bu, nə yolçuluqdu, müsafiri yox.
Biz saziş bağladıq dövlət məsəlli,
Bəs niyə yanımda bir səfirim yox.

Uçmağa həvəsli üzüntülər var,
Gəl aç, könlümdəki qara qaytanı,
Hərdənbir nəğməsiz qalsam, nə olar,
Dillənir, dilləndir susmuş fleytanı.

                                                          1987