Alatoran_header  
Əsərlər > Elxan Zal Qaraxanlı > Qara gecə, qəmli dəniz

Qara gecə, qəmli dəniz,
Ağlar söyüd hıçqırığı.
Su üstündə rəqs eləyir,
Yarpaqların qışqırığı.

Dalğaların zümzüməsi,
Həsrət dərir sini-sini.
Xatirələr yırğalayır,
Xoş günlərin nənnisini.

Yel yelləyən üfüqlərdə,
Nə gəmi var, nə kapitan.
Tamaşaçı dəqiqələr,
Çıxıb gedir dal qapıdan.

Göy üzünə su qaldırır,
Fontanların ən şuluğu.
Bir az öpüş tamı verir,
Yaş havanın turşuluğu.

Şam yandırır dan tanrısı,
Tüklücə palmadır duam.
Gözlərimə girir Nargin,
Gözdən uzaqdadır Quam.

                                     1987