Alatoran_header  
Əsərlər > Elxan Zal Qaraxanlı > Təzədən doğulur əski sevdalar

Təzədən doğulub əski sevdalar,
Təzədən sevməyə başlayır ürək.
Təzə nəğmə qoşur bəstəçi bahar,
Təzədən yanırıq yeniyetmə tək.

Sanki ötən günlər bir ilğım imiş,
Ağrılı anlar da yaşanmayıb heç.
Bir dev qəsrindəki xəzinə kimi
Arzu ambarımız boşalmayıb heç.

Heç nə dəyişməyib, qalıb eləcə
Elə duyğular da həmən-həməndi.
Sevda ulduzunu yandıran gecə
Yenə əzəlki tək nur çiləyəndi.

Yenə o şirinlik, yenə həmin tam,
Qəlbə sığal verir, qəlbə can verir,
Yenə də əl üstə əl toxunanda,
Ürəklər çırpınıb həyəcan verir.

Elə bil yenə də onbeş yaşımız,
Macəra ölüsü, sevgi acıdır.
Yenə and yerimiz, məhək daşımız,
Gizlicə görüşmək ehtiyacıdır.

Yenə də sevirik yeniyetmə tək,
Yenə də bizimçün oxuyur bahar.
Təzədən yanmağa başlayır ürək,
Təzədən doğulur əski sevdalar.

                                                     1987