Alatoran_header  
Əsərlər > Elxan Zal Qaraxanlı > Könlümün dəhlizindəki təlaş

Boylan bu yollara həsrətlə boylan
Ümid lampaların işardı bəlkə.
Paralel dünyanın yarıqlarından
Sənə prins gətirər bir mavi yelkən.

Sən onda təp-təzə şam yandırarsan,
Qoy yansın üstünə hopan bəd nəzər.
Dustaq hisslərini oyandırarsan
Göyə kəmənd atar çiynindəki pər.

Yuxuda gəzdiyin div kimi oğlan
Düşər arzuların nur gəmisindən.
Dəniz sahilində üşüyüb qalan
Gözlərin isinər eşq sinisində.

Və sevincdən doğan iki damla yaş,
Yatırdar yolların tilsim-tozunu.
Könül dəhlizində vurnuxan təlaş
Saçlarına sancar bəxt ulduzunu.

Büt kimi bərq vurar o bəxt ulduzu
Sən də diz çökərsən o büt önündə
Ömrünə şirinlik gətirən duzu
Yığıb saxlayarsan timsah gönündə.

<