Alatoran_header  
Əsərlər > Elxan Zal Qaraxanlı > Ömür retrosu

Üzür perik düşən gül ləçəkləri
Sahil baxçasının gölməçəsində.
Sevda pərisinin ağ əlcəkləri
Damcı dənələyir fontan səsində.

Buta baxçasının buxarı incə,
Bu bəyaz buxarı rübənd elə sən.
Ömür retrosunu yaşadan küncə
Nimdaş günlərini yuyub sərərsən.

Geyib təzələşən sevgi donunu
Bəxtinə çıxanı çəkərsən tinə.
Devid Kopperfildin maq qutusunu
Xeyirxah sehrçi yollar üstünə.

Könül sonetlərin açsa qapağı,
Dəniz düyünüylə bağla əhdini.
Vərəsə qazanmış prinses sayağı.
Bir yolluq tutarsan şahlıq təxtini.

                                                   1987