Alatoran_header  
Əsərlər > Elxan Zal Qaraxanlı > Tünd öpüşlər

Gülüş səsi iz salanda Bosfora,
Adam bir az çağalanmaq istəyir.
Sarmaşıqlı görüşlərin güldanı,
Dodağımda qoşa yarpaq istəyir.

Ac olsaq da nə hacət var nahara,
Sevdamızın göy dumanı lokantı,
Adaların xəlvəti ormanında,
Təklik də qurtardı, söz də tıxandı.

Viskidən də, vodkadan da tünd olur,
Ürkək öpüşlərin Efes pivəsi,
Mənim qulağıma xoş gəlir yaman,
Qadın sığalının İzmir şivəsi.

                                                       2002