Alatoran_header  
Əsərlər > Elxan Zal Qaraxanlı > Dörd dev

R. Qaracaya                                                                                                    

...Dünyanın dibindən dörd dev dəbərdi,
dörd idi, dörd nəfərdi,
devlər, haramı devlər,
tünd və hallı,
qalmaqallı
bir sujetin eskizində
köhnəliyin kötüyünə balta çalan
hirsli hippi,
ya Xəzərin neft qoxuyan sularına
axıb gələn Missisipi
görkəmində dörd həzrət,
gəldilər devrim və cəsarət
yüküylə kosmik uçaqlarda,
dörd Apokalipsis atlısı
və dörd kitabdan azman,
yarı əsgər, yarı pozan
Əng dağıdıb halay pozan
sehrli söz vəliləri,
Çənlibelin dəliləri
dörd dev gəldi yer üzünə
gözləmələr deposundan,
oyan, oyan mürgülü an,
taxtından düş,
tarixin qış sarayına
yürüş var, yürüş,
sıraya dur, qorxunu qır,
sərhədlərə sığışmayan bir ölkə qur,
bir söz düzəlt quşdan qıvraq,
bir bina tik göyə qundaq,
ölməzliyin iksirini
ürəyində apar ev-ev,
dörd dev gəlir şaqqaşaraq,
gəlir dörd dev.

                                                       2001