Alatoran_header  
Əsərlər > Elxan Zal Qaraxanlı > Edam

Cəllad baltaları kəsdi aranı,
Yatmış toxumunu cücərtdi Pilat.
Şair ovcundakı qanlı yaranın,
İçinə duz basdı mürgülü elat.

Öləni adətdir dirilər ağlar,
Diri ölüləri kim ağlasın bəs?
Dirilər təsəlli tapır araqla,
Ölmüşü araqda ovuda bilməz.

Ağrı qazanında günəş qovrulur,
Əzab da, fərəh də göydən asılı.
Qurbanlara qurban gedən oğulun,
Taleyi görəsən kimə yazılır.?

Hələ də hökmünü saxlayır Pilat,
Qırlı qazanlarda yanır dan yeri.
Səma sandığına yığılır qat-qat,
Ölgün baxışların ağrıdan yeri.

                                                    1985