Alatoran_header  
Əsərlər > Elxan Zal Qaraxanlı > İntellektual gecə

İşıq lampaları köz-köz tökülüb,
Dənizin qırağı manqal kimidir.
Qara dalğalara dil çalan külək,
Çöldə eşşək görən monqol kimidir.

Qartımış buludlar benzinsizləşib,
Binalar da daha yeriyə bilmir.
Pişik sonetləri, it romansları,
Günəşi görməsə kiriyə bilmir.

Bu da bir gecədir intelektual,
Bilgisayarında sayt açıb qafa.
Mənim ürküb qaçan yuxularımı
Qonşu qadınları yığıb şkafa.

Narahat dənizin sifəti bom-boz,
Küləyin dalınca uçdu külqabı.
Dadlı bir çərəzdir yatarqarnına
Şer kafesinin axşam qutabı.

                                                      2002