Alatoran_header  
Əsərlər > Elxan Zal Qaraxanlı > Üzüntülər oteli

Üzüntülər otelində üzülən dəqiqələr,
İçilməmiş qədəhlərin
İçilmək ehtirası.
Macal qarsonumuzla
Üzülüşüb bir təhər
Hesabları bağlayacaq bir
italyan havası.

Duyğuların deposuna
Zəng olunub nə vaxtdan.
Sığalların əzginliyi
Taksi gözləyir gedə.
Yapışmayan kəlmələri
Uc-uca calamaqdan
Üzüntülü bir oteldə
Halsız qalıb vaxt-vədə.

Hər görüşdə bir ayin var,
Hər öpüş bir yatırım.
Könüllərin külfəsində
Yanmaz sevgi vekseli.
Keçənlərin acısını söz selində batırıb,
Hərdənbir zəng vur mənə,
Xəttində "Azərsellin".

                                                          2002