Alatoran_header  
Əsərlər > Elxan Zal Qaraxanlı > Dərdin gizli hesabları

Yoların yorğunluğu
Tər tökür bıldır-bıldır.
Halın yoxsa, borc elə
Kefini göyə qaldır.

Burası Kaylas deyil,
Nə evlər göyü dəlməz.
Dünyanın gəlinliyi.
Yorğun qucağa gəlməz.

Ehtiyacın dağları,
Qor bişirir qarında.
Dərd yatır can bankının
Gizli hesablarında.

Borc mayanı basanda,
Ağrısı can incidir.
Bizmi almaq bazıyıq,
Ya tanrı sələmçidir?

Günahın vekselləri
Yığılıb xışma-xışma.
Borcları sıfırlasaq,
Tanrı, bizi bağışla.

                                  2002