Alatoran_header  
Əsərlər > Elxan Zal Qaraxanlı > Ölümlə seviş

Anam mənim,
göy üzündə qara bulud,
yer üzündə qara gecə.
Ömür ötür yavaş-yavaş
bədənimdən keçə-keçə.

Ömür gedir, ölüm gəlir
yaxasında it hürüşü,
dan yerində dodaq yeri qoyub gedir
ömrün sonuncu öpüşü.

Gedəcəyik, gilasların allığında
dodaq-dodaq qalmaq üçün gedəcəyik,
yovşanların arasında
sonuncu qurd nəğməsini
çalmaq üçün gedəcəyik.

Yeri, yeri bizli dünya,
yeri, yeri bizsiz dünya.
Ölüm ilə sevişimiz
qalıbdı kəbinsiz dünya.

Ömür boyu canımıza yığdığımız
kiri-pası çırpa-çırpa,
ölməzliyin yoncasından
astacana qırpa-qırpa
ilahə anamızın hörüklərindən
sallaşa-sallaşa
göyə gedəcəyik birbaşa.

                                                            1982