Alatoran_header  
Əsərlər > Elxan Zal Qaraxanlı > Torqovı peyzajı

Bura nə Parisdir, nə Sidney,
Bura heç Dakar deyil.
Adam nə iş tapa bilir özünə,
Nə də ki, bekar deyil.

Gözləyişin sonu yoxdur,
Lap Allaha yüz yol əyil.
Get özünə macəra gəz,
Ya da dolan veyil-veyil.

Kefli baxışların nəmi,
Yer gəzir paltar sərməyə,
Burda könül şosesi yox,
Üstündə maşın sürməyə.

Küçələrin səhnəsində
Pantomimli teatr.
Bura bizim Brodveyimiz,
Bura bizim Monmartr.

                                          2002