Alatoran_header  
Əsərlər > Elxan Zal Qaraxanlı > Qızsız qalanda

Qucağa da yerləşməyir,
bu əsrin son payızı.
Ya bir araq boşaldasan,
ya yanğılı bir qızı.

Hava sümsük it kimidir,
yerə axır heliyi.
Yuxuda pul gəzənlərə,
yaxın gəlmir pul iyi.

Mələksiz qalıb bu şəhər,
adamlarda təpər yox.
Göylə yerin arasını
pərdələyən çəpər yox.

Havalar da soyuq keçir,
qızsız qalanda qucaq.
O dünyaya turist yığır,
xərçəng, infarkt,.. və bıçaq.

                                     1999