Alatoran_header  
Əsərlər > Elxan Zal Qaraxanlı > Duyğu desantı

İstəyirsən pəhriz saxla,
istəyirsən oruc tut.
Yenə duyğu desantına,
lazım olur paraşut.

Qırıq valını fırladır
duyğyların azanı.
Nə tanrını eşidən var,
nə də kitab yazanı.

Gün gözünə işıq saçır,
ağ sinələr kümbəzi.
Kimi para ovundadır,
kimi təzə din gəzir.

Sürməli kipriklərin
üstündə cin oynaşır.
Günah yazan mələklərin
kitabı qalınlaşır.

                                   1999