Alatoran_header  
Əsərlər > Həbib Müntəzir > İtirdiklərimiz

(Bəhri-təvil)


Biri vardır, biri yoxdur, mini acdır, biri toxdur, bu elin dərdləri çoxdur, bu məkanda, bu cahanda, bu zamanda nə həqiqətdən əsər var, nə ədalətdən əsər var, nə şücaətdən əsər var, çoxalır get-gedə alçaqlığı, yaltaqlığı, axmaqlığı, sarsaqlığı icra eliyənlər və onlardır yeriyənlər qabağa, gəl aşağa düşmədə əxlaq, ənənə-adətimiz, erməniyə nifrətimiz, insani şəxsiyyətimiz, mənəvi keyfiyyətimiz, hormətimiz, izzətimiz var ilə dövlətlə hesablanmada, bu millətim aldanmada, avropanın eşqi ilə canlanmada dərk eyləməyir yanmada, tarixdə qazandıqlarımızdan çox itirdiklərimizdir məni heyran eliyən, yer ilə yeksan eliyən, halu-pərişan eliyən, biz qazandıq "Azadlığ"ı, gəl itirdik Qarabağı o ocağı ki, Üzeyir ilə Bülbül və Natavanı, həmi Xanı yetirmiş, millətim çox şey itirmiş, biri də namusu-qeyrətdi və torpağa məhəbbətdi, həmi dini şəriətdi, hələ abrı-həyanı demirəm, dosta vəfanı demirəm, yox deyirəm çünki gərək, Haqqı millətə yetirək, səhvimizi dərk edərək, bunlardan ibrət götürək. Hələ biz çox şey itirdik, məsələn: Zəngəzuru, Göycə Mahalın və o Dərbəndi həmi Təbrizi, ey xalqımın ən axmağı, ən əzizi! Gəl dinlə məni, biz bunlara layiqmiyik? Bizlər haqqa aşiqmiyik? Eşqimizə sadiqmiyik? Yox! Belə olduğundandır ki, bu bəlalar, bu cəfalar, bu gəda oğlu gədalar, bizlərə hakim olub, guya bunlar xadim olub, hamısı da zalim olub, xalq da ki, mülayim olub bunlara qarşı, o səbəbdən də çəkib həmmişə başı, nə zülmlər, nə ölumlər, gəl biz etmişik səbir ilə dozümlər. Qəlbimiz olub yaralı, nə rəhbər var nə ziyalı. Ey əhali! Həbibin vardı sizə bircə sualı: Yazılıb tarixə bildiklərimiz, görüb, eşitdiklərimiz, bəs eyləməzmi itirdiklərimiz..?


Qarabağa bax!

Zəmanə pis dövr eləyir, bül-bül ucan o bağa bax!
Qonub palma ağacına, oturduğu budağa bax !

Tox yadına salmır acı, acın kəsilib əlacı
Həccə gedib olub Hacı, polkasında arağa bax!

Görür bütün müsibəti, verir xalqa əziyyəti
Soyur yenə də milləti, əlindəki çomağa bax!

Millətimin qanın sorub, onun ürəynə xal vurub
Düşmən orda villa qurub, gözün aç Qarabağa bax!

Xalqın əlacı faldadır, millətin ağlı daldadır,
Falla camaatı aldadır, evindəki ocağa bax

Geyib o mini yubkanı, salib çiyninə sumkanı,
Sürtüb üzə kraskanı, portiretdi yanağa bax !

Nefti əcnəbiyə satıb, artıq istəyinə çatıb,
Xaricilər burda yatıb, Xəzərdəki yatağa bax !

Həbib Haqqı söyləginən, dillə cihad eyləginən,
Haqq sözünü dinləginən, Onnan gələn varağa bax !


Etiraflar!" Felyetonu

Bir gecə röyada Məhşər gününü gördüm...Bütün insanlar Yaradanları qarşısında bu dünyada etdikləri əməllərə görə cavab verirdilər. Ələlxüsus, böyük günah sahiblərinin haqq-hesabı, iztirabı, əzabı, günah və savabın cavabı cox uzun cəkirdi. Əlacsızlığdan özləri etiraf edirdilər günahlarını. Buyurun baxın...

Rəhbər:
Gör neçə ildir xalqa zülm ilə rəftar etmişəm.
Millət vəkili:
Mənsə milləti yalan udmağa vadar etmişəm.
Polis:
Mən günahsız insanı soyub günahkar etmişəm.
Hakim:
Yazıq insanlara "iş" verib xətəkar etmişəm.
Müəllim:
Elmi yox, rüşvəti məktəblərdə izhar etmişəm.
Molla:
Öz əməlimlə Böyuk Allahı inkar etmişəm.
Şeyx:
Gör neçə layiqsizi Məkkədə zəvvar etmişəm.
Nazir:
Mən bütü mədh eyləyib, villa, saray var etmişəm.
Həkim:
Kim kasıbdırsa Hippokrat canı bimar etmişəm.
İncəsənət xadimi:
İncəsənətdə olub, sənəti qəddar etmişəm.
Qız:
Oğlanı cəzb etmək ücün paltarı dar etmişəm.
Oğlan:
Mənsə düşmən "Axçini" sevib özmə yar etmişəm.
Millət:
Qorxudan səbr eyləyib özmu yaman xar etmişəm.
Həbib Müntəzir:
Ən boyuk günahım odur Haqqı aşkar etmişəm.

18 Sentyabr 2003, Berlin.


Telefon Danışığı (Berlin-Bakı)

Həbib: Əvvəlcə salam əleykim ey dost. Necəsiz, siz?
Xeybər: Ay əleykəs salam. Şükr Allah, babatıq biz.
Həbib: Uşağlar necədi, yaxşıdılar? Dərsə gedirlər?
Xeybər: Rüşvət deyilən çirkab ilə tədris edirlər.
Həbib: Arvad necədi? Uşağlara baxır? Dincəlir?
Xeybər: Arvaddı da evdən səhər çıxır, axşam gəlir.
Həbib: Bəs səndəki işlər necədi? Gedirmi, bari?
Xeybər: İş yoxdur a qardaş, evdə tutmuşuq qərari.
Həbib: Dövran dəyişibmi Bakıda? Söylə görək bir!
Xeybər: Yox, yox əşi dəyişsin hakimiyyət gərək bir.
Həbib: Bu millətimin halı nə cürdür? Elə izhar!
Xeybər: Bu millətimin halı yamandır, açıq-aşkar.
Həbib: Yaxşı de görum Qarabağ haqda düşünən var?
Xeybər: Yoxdur əşi ancaq onun üstə döyülən var.
Həbib: Yaxşı olacaq səbr eləyin bir neçə ay da!
Xeybər: Aylar yox e, illər də ötüb olmadı fayda!
Həbib: Bəs tazə gələn yaxşıdı da, həm də cavandır.
Xeybər: Dərk eylə kimin oğludur!
                                Onnan da yamandır!
Həbib: Ehh.. Mən də dedim ki,
                                gələrəm doğma məkanma.
Xeybər: Hər kim ki, desə gəlginən,
                                ay qardaş inanma.
Həbib: Vallah nə bilim vətən üçün
                                göynəyirəm mən.
Xeybər: Amma rahat olmayan
                                yeri nəynəyirəm mən?
Həbib: Nəysə kədərləndim yenə mən,
                                qalın səlamət.
Xeybər: Sağol, salamat qalgınan, Allaha əmanət,
Xeybər: Bir də, ay Həbib bu
                                "Zamanın Sahibi" gələcək,
Xeybər: Ancaq o zaman işlərimiz hamsı düzələcək.

24 Oktyabr 2003, Berlin.


Biz kimik?

biz hər şeyimizlə başqalaşanlarıq
biz kecmişimizlə öyünüb bu günümüzə biganə
qalanlarıq
biz əlimizdəki nemətlərə şükr etməyənlərik
biz qatığa qara deyənləri təsdiqləyənlərik
biz dünyada ən cox torpaq peşkeş edənlərik
biz torpaq itirərkən kef çəkənlərik
biz mədəniyyətdən dəm vurub
mədəniyyətsizləşənlərik
biz rus dilində danışıb öz dilini bilməməklə
fəxr edənlərik
biz bizə düşmən olanı bütləşdirənlərik
biz haram yolla pul qazanmağı
halal zəhmət bilənlərik
biz rüşvətə düşmən rüşvətxorlarıq
biz hüququ tapdanan, səsi oğurlanan
ədalət carcısıyıq
biz döyülüb, söyülən, əzilən biçarələrik
biz danışmağı əməldən üstün sayan səfehlərik
biz Avropaya girmək istəyən avropalılarıq
biz azərbaycançılıqdan üz döndərən
azərbaycanlılarıq
biz hər şeyi siyasiləşdirən anti-siyasətçilərik
biz Qarabağı verib, Bakıda torpaq davası edənlərik
biz dinə qarşı olan dindarlarıq
biz bilik xaricindəki gücün hesabına
universitet qurtaran tüllablarıq
biz dilimizlə qan udduran zəyiflərik
biz ədəbiyyata könül verən ədəbsizlərik
biz Hipokrat andı içən cəlladlarıq
biz incəsənətdə xadim olan qaba sənətkarlarıq
biz tarixi saxtalaşdıran taxtalarıq
biz Amerikanı dəstəkləyən müsəlmanlarıq
biz yerlibazlıq edən yersizlərik
biz Allahdan danışan satanistlərik
biz himnini bilməyən vətənpərvərlərik
biz pislərə rəhmət oxuyan lənətliklərik
biz Bakını gozəlləşdirən, "İçəri Şəhər"
düşmənləriyik
biz idmançılarımızla fəxr edən məğlub ölkəyik
biz iqtisadiyyatı günü-gündən irəliləyən aclarıq
biz hər tin başı fontan qoydurub, vedrələrlə su
daşıyanlarıq
biz xaricdə azərbaycanlıyam deməyə utananlarıq
biz Həccə gedən 70-il Allahsız olanlarıq
biz şəhidlərin ruhundan utanmayıb xiyabanda
mazaqlaşanlarıq
biz qanunu qoruyan qanunsuzlarıq
biz qüdrətli ordusu olan sülhsevərlərik
biz müstəqil olan düşmən tapdağlı dövlətik

biz mədəniyyət işçisi olub televizorda dal
göstərənlərik
biz hər ay şadlıq evi açdıran bədbinlərik
biz bir metrə torpaq almayan bol generallılarıq
biz milli qəhrəmanı kalan Qarabağsızlarıq
biz bunları oxuyub "Biz Kimik?" deyənlərik

21 Avqust 2004, Berlin.


Proşay Karabax!

Ya ne xoçu proşatsa, doljen! Proşay Karabax,
Ya puqannıy, ili trus? Tı sam uqaday Karabax.

Xoroşo znaeş şto bez tebya ocen ploxo,
Ya ne moqu otdıxat, lijbı tı otdıxay Karabax.

Tı koqda uşol ot nas kak bud to ya popal v ad,
Tı bıl rayom, i seyças ray, vseqda budeş ray Karabax.

Mı ne mojem dokazat miru şto tı vseqda naş,
Skaji miru i "xaçikam" şto tı naş kray Karabax.

U nas netu dastoyenstva mı vseqda veselimsya,
Odinatsat let ne radivalsya, teper ne iqray Karabax.

Sistema lay-lay poyet ştobı naş çelovek usnul,
Muntezir qovarit şto ne delay bay-bay, Karabax!

Berlin, 10 Avqust 2004

                                                                                                                               Almaniya/Berlin