Alatoran_header  
Əsərlər > Həbib Müntəzir > Gəl yazma...

Gəl yazma amandır sənə divanə deyərlər,
Yazdıqlarına lağ edib, əfsanə deyərlər.

Odlar diyarinin biçarə sakinisən sən,
Amma bu diyarın qərib didərginisən sən,
Bir çoxları üçün vətənin xainisən sən,
Bir az qisim isə sənə mərdanə deyərlər.

Zövq ilə ədalət azalır məmləkətimdə,
Zülm ilə cəhalət çoxalır məmləkətimdə,
Nahaqq deyən insan ucalır məmləkətimdə,
Haqq söyləsən əlbət sənə məstanə deyərlər.

Şairliyi tərk eyləyərək sən Yapa keçsən,
Pambıqla fəqir millətimin boynunu biçsən,
Mədh eyləyib alçağlığı, yaltağlığı seçsən,
Bəlkə o zamannan sənə dürdanə deyərlər.

Dözsün axı nə cür bu iztiraba könüllər?
Artıq öyrəşibdir zülm, əzaba könüllər,
Dərdən əriyib, puç olub xaraba könüllər,
Qəlbən dağılan xanəyə viranə deyərlər.

Aşkar eləmə gizli həqiqətləri əsla,
İslam adıyla edilən qarətləri əsla,
Tənqid eləmə dindəki bidətləri əsla,
"Qulluq eləyir lənəti şeytanə" deyərlər.

Mən dedim ki, yazma! Yazmısan bir daha Ey dil!
Bu Müntəziri gətirmisən iştaha Ey dil!
Çox qəm yemə təvəkkül elə Allaha Ey dil!
Yoxsa xiridarlar sənə qəmxanə deyərlər.

24 Fevral 2004, İsveç