Alatoran_header  
Əsərlər > Həbib Müntəzir > Paxılın dili

Səhər tezdən deyinə-deyinə evdən çıxdım. Atam yenə, - alman dilini öyrənmək lazımdır, görürsən ki, bizə lazım olur, hər dəfə kimisə narahat edirik tərcüməyə görə, - deyirdi. Bəli düz deyir öyrənmirəm, tənbəlin dal ayağıyam çünki. Demək olar ki, hər ayda dövlət idarəsində sənədlərimizlə bağlı işimiz olur. Və atamın dediyi kimi tərcüməçi ehtiyacı yaranır. Amma əslində bizim işlərimizə baxan almanın rus dilini yaxşı bildiyinə əminəm. Sadəcə olaraq çox tərs adamdır. Həmçinin deyir: "ruslar bizi böldükləri, illərlə ayrı yaşadığımız üçün mənim və millətimin düşmənidir. Mən niyə düşmənimin dilində danışmalıyam ki? O vaxtı məcbur idik rus dilini öyrənməyə. Həmçinin də siz bizim dövlətdə yaşadığınıza görə alman dilini öyrənmək məcburiyyətindəsiz".
Evdən çıxdığım an yadıma düşdü ki, vətənə zəng etməliyəm. Çünki tez-tez evə zəng edib ailəmin vəziyyətini öyrənirdim. Bir az gec zəng edən kimi yamanca darıxıram. Berlində telekafe itə-tökdür. Demək olar hər tin başı xaricə, eləcə də daxil üçün telefon mağazası var. Bizim səmtdə isə demək olar alman çox azdır. Çoxu türklər və ərəblərdir. Hətta biz qaldığımız yerdən 3 dayanacaq sonrakı səmtə "kiçik İstanbul" deyirlər. Telekafelərin əksəriyyəti türklərin, qalanı isə dıgər millətlərdən olanlara məxsusdur. Bizim evin yanında nədənsə Azərbaycana zəng etmək çox baha başa gəlir. Bunun üçün metro ilə həmin "kiçik İstanbula" yollanıram. Bir iğdırlı (türk-azərisi) qardaşımızın orda telekafesi var. Sağ olsun bir həmvətənimizə orda iş verib, o da vətənə rahat və ucuz zəng etmək üçün şərait yaradıb. Demək olar bir çox azərbaycanlı ordan əlaqə saxlayır. Keçdim içəri hal-əhval tutduqdan sonra gözüm iki gənc qıza sataşdı. (Aha torbada pişik var) Yox əşi, məni cəlb edən onların danışdıqları dil oldu. Rus dilində danışırdılar. O tərəflərdə rus dillilərin yaşamadığı üçün təəccübləndim. Orda çalışan həmin azərbaycanlı dostumdan soruşdum dedi ki, bizim tələbələrdir. Yaxınlaşıb salamlaşdıqdan sonra niyə ana dildə yox, rus dilində danışdıqlarını sual etdim. Dedikləri cavab isə: "biz avropada yaşayırıq hansı dildə istəsək o dildə də danışarıq. I biz "rus sektorunu" bitirmişik, po azerbaycanski pis bilirik" oldu. Mənə bunu demək olar?! Açdım sandığı, tökdüm pambığı: "Vətəndə yaşayasan və öz ana dilində danışmayasan məgər bu eyib deyilmi? Dil bilmək gözəldir. Lap düşmənin də dilini bil. Amma ilk növbədə öz dilini yaxşı öyrən, yaşad və qiymətləndir də". Utandılar, heç bir söz demədilər. O anda həmin alman yadıma düşdü. Paxıllığım tutdu. Ümumiyyətlə almanların çoxu bu cür fikirləşir. Məcburi öz dillərini öyrədirlər. Biz isə gəlib avropanın göbəyində bir-birimizlə rus dilində mırt vururuq. Cəhənnəmə almanca olsa dərd yarı bilərsən ki, öyrənmək üçündür. Amma indi o dili daha çox danışıb, yaşadırıq hansı ki, həmin dilin nümayəndələrinin başımıza gətirmədiyi oyunlar qalmayıb. 70 il mənəviyyatımıza, mədəniyyətimizə, adət-ənənəmizə, dilimizə, ədəbiyyat, musiqimizə və s. dəyərlərmizə endirmədiyi zərbəmi var? Yaxın tarixdə olan 20 Yanvar, Qarabağ müharibəsi, Xocalı soyqırımı nə tez unuduldu? Dilini bilməyən, qorumayan, qiymət vərməyən xalq ölümə məhkum və məcburdur!!!