Alatoran_header  
Əsərlər > Həmid Herisçi > Nekroloq

DAMĞA

Roman
1-ci hissənin sonu

Anaxanımın sandıqçası

Bu gün külək yenə güclənib. Mən biləni, adına "xəzri" deyilən əbədi Bakı küləyinin bircə...bircə arzusu - istəyi var: özünü, - bəlkə, ancaq öz gizli, xəlvət umudlarını, - şəhərin kos-kocaman qara daşlarına çırpmaq. Köhnə pəncərələrin sınıq-mınıq şüşələri, - gərək onları dəyişəydilər, - silkələndikcə silkələnir. Oradan doğan əsəbi səslər, evdə oturub "Xaç Atası" filminin axır dəqiqələrinə baxanların ah-ufuna qohum çıxır sanki... Türklərin "Ramstore" supermarketi səmtdəki küçə işıqları sağa-sola cansız işartılarını saçır, üzü xəzriyə doğru qorxa-qorxa irəliləyən məmmədlərin, hüseynlərin xəstə, yornuq vücudunu, qaraltısını dirildib canlandırmır. Sarılıq xəstəliyi keçirən bu qorxaq işıqlar, adamların ancaq kədərini, qədərini işıqlandırır, arzularını yox. Özü də, məhz buna görə bizlər hər ay Barmek şirkətinə pul-para ödəyirik, cibimizdə heç nə qalmır, siçan oynayır cibimizdə, siçan. Necə ki, indi Ağa Nemətulla küçəsindəki zibillikdən bığlı-mığlı bir siçan çıxdı, sağ-solunu güdə-güdə gedib girdi "Ağ çiçəyim" adlı gül dükanına. Küçədəki bu qədər adamın içindən yalnız məni, - niyə məhz məni, - öz oğurluğuna şahid seçdi...
Niyə? Səbəb? Səbəb?
Üç gündən bəri oyan-bu yana əyilməkdən təngə gəlmiş, cana doymuş dimdik qovaq ağacları, zəif-sısqa qol-budaqlarını al-əlvan reklam lövhələrinə çırpır. Çırpır, çırpır, çırpır, axırda bezir. Üstü bir barmaq toz bağlamış, - sənin barmaqların incə olar, APİ müəllimi,qonşumuz Rafiq kişinin tüklü barmaqlarını nəzərdə tuturam , - reklam lövhələrinin biri üzərinə "Vergi məsələləri ilə bağlı sorğularınızı 193 saylı telefona verin!" arzusu həkk olunub. Külək güclənir, damağımdakı Kazbekin boz külünü Bakıxanov küçəsi, Hyatt Regensy Otelinəcən alıb aparır. Onun gen şüşə qapılarını bəzəyən İngilis, Rus, İran, Uruqvay, Bantustan milli bayraqları dəli küləyimizə tabe olsa da , bu yalançı, gözaldadıcı, geydirmə bir mənzərə, görüntüdür ki, sən gəl inanma, inanma ona. Məktəb günlərimin dostu Elxan demiş: "yüz faiz, fıs faiz"
Bu küləkli qərib axşamının alaqaranlığında, pəncərədən eşiyə boylanarkən, gördüm budur, araya həmişə vay-şivən salan qonşu Anaxanım xala topuqlarınu döyən uzun donunun ətəyini bir əlində büküb bürmələyərək, Lermantov küçəsindəki köhnə evimizin taxta pilləkanları ilə yuxarı, ikinci mərtəbəyə, qarmonçalan Kar Rəhmangilə qalxır: "Bilirəm...bilirəm evdə şellənib nəşə çəkirsiniz, oğraşlar, qəhbə balağından düşənlər. Açın qapını, açın!" - bu qışqırıqları tək mən yox, künc-bucaqda tir-tir əsən, ana südündən yanıq yetimcə pişik balaların da eşidir, diksinən kimi olurlar. Deyirəm ki, belə vaxtlarda pişik balalarını yerdən götürüb tumarlamağın ayrıca ləzzəti,ayıca mənası var...
Gorbagor Bakının iyrənc "Bakı" otelində, miskin, quldurxislət Gəncənin "Gəncə" mehmanxanasında bazlıq etdiyim, nəşə sümürdüyüm laçın vaxtlarımda mən həyatın min bir sifətini, onun "1001 gecə"sini görmüşəm, Azərbaycanan bütün əclaflarıynan, əclaflıqlarıynan bir masa arxasında oturub eyni qazandan yağlı bozbaş yemişəm. Fahişə sevmişəm, adı Xudafərin, hər sevişmədən sonra yatağa tulladığım prezervativə o, tezmacal düyün vurardı. Düyün vurardı ki, içindəki axıb yorğan-döşəyi islatmasın. Ancaq...ancaq, mən həmişə...həmişə, bu eybəcərlikləri, şeytan əməllərini görüb diksinən pişik balalarını qucağıma almışam, tumarlamışam, elə bilmişəm dünyanın sağalmaz yaralarını sığallayıram...İndi də, Anaxanım xalanın vay-şivəninə hürkmüş məstan balalarını yerdən götürüb bağrıma, köksümə basdım. İndi də...
- Noolub, Anaxanım xala, yenə eli-aləmi qatıbsan biri-birinə?
Təzəlikcə gəlin getmiş qızı Rübabənin "üzü ağlığını", məhbəslərdə dığlayıb ölmüş oğlu Yədullanın vərəm qanlı cib yaylığını, badamgöz Anaxanım bir-birinə bükərək, novrağı sovrulmuş köhnə cehiz sandığında qoruyub saxlayır. Bu təzə yüküynən, cehiziynən haqq dünyasına gəlin getməyə hazırlaşır, orada özünə axirət sevdası arayır. Ağzı söyüşlü bu şərşəbədə arvadla gərək az danışıb, çox susasan. Özü də burada, məhlə ceyilləri, oğru-əyrinin ərklə basıb keçdiyi üfunətli kandarda. Suç-günah dərgahında.
- Xeyir ola, Xeyrullanın toyudu? Sən nöş qatışırsan söz-söhbətə? Yasamalda bir əclaf var eee, xəstə İsmayıl, sən tanıyarsan onu, - Anaxanımın qocaman, kaftar, mitili çıxmış məntiqincə, hamı... hamı bu şəhərin əclaflarını tanamığa məhkumdu, o cümlədən mən. Nə bilim, bəlkə bu Bukının pozulmaz qanunudu? Gərək tanıyam, gərək tanıyaq onları. Yoxsaaaaa...
- Oğlum Yədulla haqqında söz buraxıblar aləmə ki, satqın, işverən olub. Deyirlər ki, Kar Rəhmandan eşidiblər bunları. Oğraş, çıx bayıra...
Gün o gün olsun ki, qurtarsın dava, dağılsın buludlar, açılsın hava...Həə, manqa başçımız Süleyman Rüstəmin sözü olmasın, bir günləri bu hadisələr bitəcək, onlardan bircə tilfə sümük belə yadigar qalmayacaq. Biz də yaşlanıb qocalacağıq. Kişmişlə - bəlkə keçmişlə? - çay içə-içə köhnə zəmanələri xatırlamaq istəsək belə, o qeybə çəkiləcək. Uçub gedəcək Anaxanım xalanın köhnə cer-cehiz sandıqçasına. Məncə, yüngül olar bu qara sandığın çəkisi, yüngül. Günlərin bir günü Bakı da dağılıb itəcək ortadan, Bayılın, Yasamalın, Sovmin binasının idbar daş-qayası axıb gedəcək Xəzərin dibinə, balıqların süfrəsinə. Azərbaycan türkcəsi də unudulacaq. İngilis-fransız, inisi də imansız, Anaxanımın qara sandıqçasını yüz il sonra açıb oradan cəmi, vur-tut on-on beş kəlmə azərbaycanca söz tapacaqlar. "Məna yükü" - bu axmaq ifadə onları lap çaş-baş edəcək. Qara eynəkli alimlər fikirləşəcəklər ki, məna bizim üçün həmişə yük olub. Həə, elədir ki, var, yük olub, özü də ən ağırından, belimizi qırıb həmişə, onurğa sütünumuzu əyib. Başı çalmalı, üzü nurlu Nizami Gəncəvini "Xəmsə"sindən təkcə onun quru adı yadigar qalacaq. Əli çəlikli professor Richard Adimson şərqşünasların 40-cı Nyu-York konfransında sübut edəcək: "Xəmsə" sözüynən, dini vergi anlamına gələn "xüms" kəlməsi bir kökdənmiş. "Xəmsə" mənəvi, "xüms" maddi vergi imiş, vəssalam, götür çayını iç, çox soyutma. Birincisini yalnız Nizami ödəyib, ikincisini tək-tük avamhal şəxslər. O cümlədən ayağı şapşaplı Anaxanım xala. Qızlarının "üzü ağlıq" əskisiynən, oğlanlarının vərəm yaylığını bir birinə büküb saxlayan azərbaycanlılar bununla çox... çooooox dərin, gizli bir ayini həyatı keçirirlərmiş. Sən demə bacı ilə qardaş bu yolla sevişirmiş bir-biriynən. Özü də harada? - analarının köhnə cer-cehiz sandığı içində. Freudist alimlər bu haqda on cildlərlə kitab yazacaq, həmin ayini-oyunu yenidən dirçəltməyə cəhd göstərəcəklər. "Qiymət" sözü ilə "qiyamət" kəlməsinin oxşarlığı... - həə, bax burada çoxbilmiş Oxford biliciləri fikrə dalıb bahalı qəlyanlarını fıs-fıs tüstülədəcək, qara qəhvədən içib, sarı bığlarını eşəcəklər. Azərbaycanlılar bütün canlı-cansızların qiymətini yalnız qiyamət günü verməl imişlər...Fəqət...tələsiblər. Sabir Əhmədli demiş, yorğanı başlarına çəkib yatırmışlar, elə bil özlərini boğaraq, yuxu gətirirmişlər gözlərinə. Gecələri qara olub, işıqları sarı. Əhəng fırçalarının tükləri ilə, insan saçları burada həmişə...həmişə eyni sürətlə seyrəlib tökülüb, eyni taleyə, alın yazısına tabe olub. Çay içərkən, bu ölkənin adamları həmişə yalan-palan danışıblar. Onların böyük məharətlə zildən oxuduqları "Qarabağ qayıdacaq, ay balam, hey-hey, sülh yoluynan, sülh yoluynan" muğamını bərpa etmək, ingilis musiqişünaslarının fikrincə imkansız bir işdi. İmkansız! Vəssalam.
Vəssalam...
Səbrli oxucum, dediklərimə, gopa basdıqlarıma yaxşı fikir ver, burnuvu qurtdalama, yanıvı qaşıma, üzüvü köhnə televizora tərəf tutub Az.TV-yə baxma. Gör indi sənə hansı sirrin düyünlərini açacam: 90-cı illərin əvvəllərində biz, qırmızı kommunistlərlə savaşırdıq ki, erməni Şaumyanın adını daşıyan Bakının bir hissəsi həmin qara ləkədən azad olsun. İstəyirdik ki, ora XVI Yüzil Azərbaycan hökmdarı Şah İsmayıl Xətainin adını verək. Orada, bu şəxsiyyətin adına layiq heykəlini ucaldaq. Axırı, arzumuza çatdıq. Yeddi il sonra çinin, ruslar demiş Kitayın səfirliyi də, həmin ərazidə tikildi. Almanların "Spiegel" dərgisində bu haqda məqalə dərc edən professor Riçard Adamson, bütün bu hadisələrdə qəribə bir məntiq tapmışdı: "Xətai" ləqəbi qədim Şərqdə çinli, kitaylı demək imiş. Şah İsmayılın bu adı, sən demə, uzaq Çin ilə hər zaman gizli əlaqəyə girirmiş. Məhz bu səbəbdən, Bakının bu bölgəsinə "Xətai" adı verilən kimi, çin səfiri oppana-oppana durub gəldi məhz oraya. Atsifət ingilis alimi Riçard Adamson gəldiyi son nəticə isə, adamı lap çaş-baş edir: "...indi ölmüş azərbaycan türkcəsi sən demə, sirrli bir gücə malik imiş, nəzərdə tutduğu bütün anlayışlarla birbaşa əlaqədə imiş. Lazım gəlsə, hətta çini-Maçindən belə, onları tutub hakim olduğu öz ərazisinə gətirirmiş! Welcome to Violence. The word and the act. But a word of caution: handle with care and don't drop your guard! "
heeeeeeyif bu dildən...
Yüz il sonra ölü azərbaycan türkcəsi ilə maraqlanan dazbaş professor Riçard Adamsona gəlin mane olmayaq, qoy o, öz vəzifə borcunu yerinə yetirsin, gücənə-gücənə öz uzun məqalələrini yazsın. Onunla biz hələ dönə-dönə məsləhətləşib-gənəşəcəyik. Nəzərə alın ki, -day bunun oyan-buyanı yoxdu, - mən özüm də... özüm də...otuz il öncəki həyatım haqda fikirləşərkən, - unutma, fikrə qərq olduğum vaxtlarımda mən, əruz vəznində düşünürəm, - Riçard Adamsondan da qəribə, ağlasığmaz qənaətlərə gəlirəm. "Gənc-iyrənc", "beyin-peyin" kimi yağlı qafiyələrin şerimizdə istifadəsiz qalması, həmişə...həmişə...fikirlərimin alt qatlarına zərbə vurub, orada mışıl-mışıl uyuyan qalaq-qalaq vaqeələri kökündən-özülündən sarsıdıb. Oturub susmuşam...baxmışam...dalmışam qaranlıqda canlanan gerçəkliyə: pişiklərin oğurluğuna, müştəri bəkləyən sürücülərin çarəsizliyinə. Görmüşəm ki, yekəqarın polislər artıq insafa gəlib, öz sillələrini bizim sifətimizə yox, ovuclarımıza vururlar - güya ki, salamlaşırlar bizimlə.

güya, güya...
Qısası, gördüklərim qorxudub məni. Bax bu soyuq çayın tamı haqqı, sarı rəngi haqqı, qorxmuşam... yaman qorxmuşam...
Keçək mətləbə, cümə axşamı deyil ki, Milli Məclisin qanunvericilik şöbəsində işləyən rəhmətlik Cövdət Məmmədəliyevin yasına, onun alın yazısına, onun yazdığı qanun yasasına gecikək. Bazar günüdür, vaxtımız boldur, bol. Bu boş beynimlə yox, alın qırışlarım, üzümün sərt baxışlarıynan fikirləşirəm: haçan...nə vaxt, buruların alın yazısına köçürüldüm mən? Haçan? Nə vaxt? Həə...otuz il öncənin söhbətidi bu. Otuz il. otuz il. oktyabr devriminin 50 illiyində, 1967-ci ilin sarı payızında ayaq basdım mən tarixin qara dərgahına. otuz il öncə. baksovetdəki 132 saylı məktəbdə.
o vaxt, o vaxt gəlib düşdüm Anaxanımın sandığına.
o vaxt...


"Maknamara" gözlüyü (Bakı - 1967)

- Neynək...yaşayırıq. Azdan-çoxda gəlirim var. Allah deyib durmuşuq, görək nə olacaq.
Sarı "Volqa"sının yarıaçıq pəncərəsindən mənlə salamlaşıb-sağollaşan köhnə bakılı qəssab Ələkbər, bilirəm, sözün düzünü deyəndi, yalan danışmaz. Ancaq, onun, - yazıq xəstədi, mədəsində yara var, - dilindən çıxmış "Allah deyib durmuşuq" deyimini mən, Bakı sakinlərindən çox, bu şəhərin çar II Nikolay dövrü yadigarı qədim ikimərtəbə binalarına aid edərdim. Onlardır...onlardı "Allah deyib dayanan", yaşayan, ölməyən, danışan, fikrə qərq olan. Onlar. Biz yox. Lermantov küçəsindəki köhnə ikimərtəbə mülkümüzü də, onların uzun, bitib-tükənməyən sirasına, siyahısına qat. Qat, qorxma. Qarşı səkidəki qocaman, gövdəsi çat-çat qovaq ağacı, bizim evnən haçandı ki, üzbəüz duraraq onunla təkbətək kişi söhbəti aparır. Yalnız, qapımızdan çıxıb Baksovetə sarı boylanan dayım Əliheydəri hərdənbir qatır özünün bu xəlvət söz-söhbətinə. Həzin pıçıltısını tumsatan Naznaz nənəyə, sükutunu isə mənə...132 saylı məktbin beli çantalı 1-ci sinif şagirdinə ünvanlayır. Dar-düdtək mətbəxdə anam, çilçilsifət Tamila Axundova götür-qoy edir, altı qaralmış qazanlarla işini qurtarıb keçir qab-qacaq yumağa. Pürrəngi çay dəmlənincə, hamı rahatlanır, söz-söhbətlər söhbətə, atam atama, Bakı Bakıya bənzəyir.
Baksovet tərəfdən, işıq dirəkləri al sovet bayraqları ilə bəzənmiş Kommunist küçəsindən, yol hərəkətini yönləndirməyi bacarmayan gədəbəyli QAİ işçilərinin qışqır-bığırı, ana söyüşləri ətrafa dalğa-dalğa yayılır, axırda, son nəfəsində özünü bizim məhəlləyə çatdırmağı bacarır. Biz heç...Künc-bucaqda şeytanlıq edən, it işəyən yerləri bəzəyən hörümçək torları da eşidir bu sör-söyüşləri. Tərpəşir, silkələnir. Dalğalanır azcana. Hörümçəklər də şad xəbərə agah olurlar, zarafatdı bəyəm? - Oktyabr devriminin 50 illiyidi, Türkiyə Cumhuriyyəti başqanı, sir-sifətinin qırışığı açılmayan Cövdət Sunay Bakıya təşrif buyurub. Bər-bəzəkl küçələrdə, ehtiyat əmək qüvvələrinin qoşun-qoşun dəstələri, musiqiyönlü "gecə-gündüz" məktəblərin şən şagirdləri "açıldı gözəl səhər, işqlandı obamız, azadlıq verdi bizə, Lenin, əziz babamız" nəğməsini cəhcəhlə oxuyur, arada imkan tapınca dondurma satanlara tərəf qaçırlar. Mərəkədi lap, çağırın evdəkiləri, gəlib müftə, - nə müftə? 50 ilin tökülmüş qanlar bahasına bu tamaşaya baxmaq hüququnu qazanmışıq, - yeyib içsinlər, şənliklrə qatılsınlar. Xalq Şairi Meymunça Mobil adamı lap əsəbiləşdirir, halay gedənlərin içində "kisəçi" rəqsini ifa edir, iki əlini müştərinin kürəyinə sürtər kimi, dala-qabağa aparıb gətirir. Məncə o bu qədim rənsin məşqini hamamda... Poluxindəki köhnə "Şor" hamamında təcrübədən keçirib, indi özünə arxayın gəlib burada bizləri feyziyab eləyir. Belə görürəm ki, Oktyabr devrimi çox...çoox təmizdi, pakdı. Çətin... çətin onun əyri belindən kir-kəsafət çıxa. Bəsdi...əbəsdi, Xalq Şairinin inadkarlığı, onun ağlasığmaz səyləri...Bu, lalların dediyi, karların eşitdiyi, korların gördüyü bir vaqeədir ki, biz biçarələr gərək onu, durna lələkli qələmlərlə tarixin, yaddaşın qara kitabına yazıb köçürək.
Yaddaş dedim... yaddaş dedimsə, bu gün - 2004-ün haray-həşirində, mən başıbatmış bu xatirələri bilirsənmi... bilirsənmi necə canlandırmaq, yaşatmaq istəyirəm?! Naşı-nadanlar tək barmağıynan piano dingildədən kimi. Pisdi? Bacarmıram? Həə, düz dedin, hardandı bizdə o baxt... Yox!...Yadıma düşür, olub-keçənəri bitdə-bitdə xatırlayıram, barmaqlarımın ucuna, - bəlkə beynimə? - tüpürərək, yaddaş dəftərçəmi vərəqləyirəm. Vərəqləyirəm ki, görüm...görüm, türklərin 1918-ci ildə Bakıya gəlişi, növbəti dəfə 50 il sonra necə təkrarlanır. Bu dəfə Cövdət Sunayın yorğun simasında. Sonra, 90-cı illərin soxasoxunda, fələyin çərxi yenə çevrilid - türklər bu dəfə dönər kabab, ucuzdu pal-paltar, "Türk Hava Yolları", erkək küaförü, İbrahim Tatlısəs, Küçük Əmrah, "Doğu Pazarlama" şirkəti şəklində təşrif gətirdilər bizim yetimsifət Bakıya. Mən tarixin bu təkrarından o qədər bezdim ki, axırda, qara bığlı İbrahim Tatlısəsə, Tatlıseks adını qoşdum. Qansız dodaqlarımı dişləyə- dişləyə hiss etdim: mənim bu oyunbazlığımla, qoca tarix də, İbrahim Tatlısəs də tam tərsinə fırlandı. O bitdi, tükəndi, heçliyə yuvarlandı, "tatlı bir seks" başladı - indiki dövr. Onun içində hamı tərsinə yaşayır, orada Tatlısəs Tatlıseksə, qeyrət isə bakılıların "qiryet" dediyi əcaib bir şeyə çevrilir. Yaşa görüm necə yaşayırsan bu fır-fırıldaqçılarla.
yaşa, yaşa, yaşa...
Ancaq hələlik 67-ci ildi, Oktyabr devriminin 50 illiyi. Talışlar mollalığa təzəlikcə girişib. Köhnə ağbaş kişilərə - təqaüdçülərə qırmızı rəngli kitabçalar paylayıblar ki, şəhər nəqliyyatından pulsuz yararlansınlar. Dikbaş, lotutəhər şərqşünas alim, ilahi ərəbcəni su kimi bilən, Sovet İttifaqı qəhrəmanı professor Ziya Bünyadov, Şura Hökuməti qarşısında sərt tələb qoyub: ev verin mənə vəssalam! Yoxsa, gedib Təzəpirdə mollalıq edəcəm, döşümdən qəhrəmanlıq ulduzunu da çıxarmayacam... Hökumət çaşıb, qorxudan tumanını batırıb, Ziyaya xəbər göndərib ki, gəl evinin qırmızı qotazlı açarını apar...Həə, 1967-ci ildi. Kişilikdə payı olmayanlar, Az.TV-yə çıxır, boşboğaz danışıqlarının ən axmaq, oğraş məqamnda kiçik haşiyə verirlər: "çox xahiş edirəm, sözlərimin bu yerini kəsib doğramayın, olduğu şəkildə buraxn efirə, qoy xalq eşitsin, bilsin ki..." Bax həqiqəti orayacan, oraya qədər deyirlər, sonra susurlar. Susurlar...67-ci ildi - İçəri Şəhər, Bayır Şəhər dolanbaclarında bircə bircə məsələnin söhbəti gedir: "cəhudilər, ermənilər öz alababat istedadlarını belə qiymətləndirir, sıçdıqları poxun da başına papaq qoyurlar, biz isə..." Həə, 67-ci ildi - qonşumuz, 28 aprel küçəsindəki köhnə alman, lüteran kilsəsində gözətçi işləyən kefcil Hacı Baxışov bizə, atamla mənə, bir az duruxa-duruxa gözlənilməz bir sual verir:
- İstəyirəm ağarmış saçlarımı qaraldam, yanılmıram ki, Qafar Ağa?

Atam susur, armudu istəkanda soyuyan pürrəngi çay tam hərəkətsizdi... O çay bilirsənmi nə vaxt dalğalanıb hərəkətə gələcək? Atam Hacı Baxışova öz qısa cavabını verdiyi vaxt. Anam, - onun göz yaşları "Kəşmirdə məhəbbət" adlı son hind filminin redaktəsindən təzəlikcə çıxıb deyə, atam onu çox incitmir, süfrəyə çay gətirsə bəsdir, - bir kənarda dayanıb cınqırını da çıxarmır, fikri başqa yerdədi...- rəhmətlik atası Mahmud Bəy Axundovun divardan asılmış köhnə şəklində. Onu deyəsən çox da yuxarıdan asmayıblar, üstəlik, şəkil azca sola tərəf meyllənib. Sağlığında solçu, kommunist olan bu kişinin mərəzi, soçuluğu bu dəfə fotosuna keçib. Bumu çaşdırıb anamı? Mən araya çökmüş nigarançılığı o zaman duyuram ki, anamın baş barmağındakı qızıl nişan üzüyü, armudu istəkana toxunaraq, indiyəcən eşitmədiyim nisgilli bir səs çıxarır. Bu səsin ahəngi uzanır...uzanır...
- Hacı, inişil, sarı "Moskviç"ini qara rəngə boyamaq istəyəndə nə oldu? Nə oldu, həə? Dedilər get yol polisindən, QAİ-dən icazə al. Saçlarını qaraltmaq üçün gərək MVD-yə xahiş-minnət eləyəsən, ay rəhmətliyin oğlu, - sakitliyini pozmayan atam, zarafatının son nöqtəsini hələ qoymamış, süfrə başındakıların hamısı gülməkdən qarınlarını tutur, day bilmirlər nə etsinlər. Bütün nurani şəxslər kimi atam gülmür, sadəcə gülümsəyir. Nəhayət, çayını içir - elə bil, çayı ləzzətlə içməyin haqqını, halallığını, icazəsini yalnız indi qazanıb. Sanki azacıq yanılarsa, iti baxışlarını, Hacının yağlı-tərli sifətindən ayırıb, bizim çaşqın üzümüzə baxarsa, bu haqqı ömürlük itirəsidi.
- Ee...Qafar Ağa, siz həmşərilər solaxay söhbətlər edirsiz həmişə, adamı lap çaşdırırsız, - bayaqkı zarafatın tüstüsü hələ ortadan seyrilib havaya çəkilməsə də, çatmaqaş Hacı özünü sındırmır, qırışlı alnının muncuq-muncuq tərini bircə barmağı ilə silərək, söhbəti dəyişir. Qara təsbehi də ki əlində. O, bu qədim təsbehin yumru daşlarınımı oynadır, yoxsa beynindəki qara fikrləri ? Bəlkə bunların hər ikisini? Bilinmir.
- Bələ də hökumət olar? Cümə axşamları bütün ölkədə "balıq günü" elan edilir, gərək həmin gün balıq əti yeyəsən ancaq. Dördüncü gün dövlət idarələrinə, bax bu balaca oğlunun dərs oxuduğu 132 saylı məktəbə girmək nədi, onun kandarına yaxınlaşmaq mümkün deyil heç - balıq qızartısının ağır qoxusu adamı 100 addımlıqdan gic eləyir lap!...hökumət...Nə hökumət? Hansı hökumət? Qocalar yaxşı söyləyib, bax bu qəndin halva olmaq haqqını təsdiqləyərək deyirəm: əgər, dovşan bostana girib orada balalayıbsa, bu, həmin bostanı qoruyan tazının oğraşlığındandı yalnız! Vəssalam!
Sol tərəfi əsəbiləşərkən, arabir titrəyib lərzəyə gələn Hacı kişinin narahatçılığına səbəb var: keşiyində durduğu xarabatəhər köhnə alman kilsəsinə QDR-dən, Almaniya Demokratik Respublikasından arfaçalanlar musiqi dəstəsi gəlib. Tərbiyəli-qanacaqlı, utancaq 10-15 qız uşağı. Dondurmanı yeyib kağızını zibil qutusuna atırlar, təəccübləndirirlər bizi. Sarısaç, göygöz gözəlçələr, Azərbaycan Dövlət Konservatoriyasından götürdükləri arfa alətlərinin kirli-pasaqlı olduğunu görüncə, dəhşətə gəliblər, az qalıb ağlasınlar. Dənizə, Şıx çimərliyinə gediblər - ora da kirli-kəsafətli. Soyunub qazarırsan, gözlərivi yummusan, qəfildən görürsən ki, bir Mərəzə dilənçisi əl uzadıb pul istəyir səndən. çılpaq adam pulu-pənəni haradan çıxarıb onlara versin? Xülasə, almanlar çimərliyi gözdən keçirib görüblər ki, oradakı tək-tük ağacların gövdəsinə naşıcasına yapışdırılmış "buranı zibilləmə!" yazı lövhələrinin hətta özləri belə, zirzibilə oxşayır. Nəyi, harası ilə ətrafındakı pox-püsürdən seçilir axı? Dəniz kirli, arfaların üstü ləkəli-məkəli... kababçılar, manqaldakı kababı unudub yarıçılpaq qızlara tamaşa edir, sonra, yanıb kül olmuş kababı elə həmin o qızlara satmaq istəyirlər...Almanlar nifrət ediblər bizlərə, ən çox, neyçünsə, zavallı Hacı dayıya. Kilsəyə girib-çıxarkən heç salam da vermirlər bu bədbaxt qapıçıya. "...das ist unglaublich! Abschaum, scheiəkerl, scheiəe Du!" - almancanın sakson şivəsində səslənən ən incə, zərif kəlmələr, Hacının tüklü qulaqlarını oxşayır.
"Bostan, dovşan, tazı" söhbətinə gəlincə məyər, alman kilsəsini qoruyan Hacının özü elə həmin tazılardan biri deyilmi? həə? Dovşan, bostana - konsert zalına çevrilmiş köhnə alman kilsəsinə, çoxdan girib, orada axşamlar lotu-potu, həlləm-qəlləm adamlar araq vurur, bazlıq edir, Həcı kişi isə, göz yumur bütün bunlara, hələ utanmaz-utanmaz, orada Qurani-Kərimi qiraət edib, höccələyir. Sözdə, misal gətirdiyi dədə-baba ifadələrində o, kilsədəki biabırçılıqları etiraf edir, ancaq, niyə özünə...şəxsən özünə aid etmir bütün bu biabırçılıqları? Nə üçün boynuna almır ki, "oğraş tazı" məhz özüdür ki, özü...Bəlkə də, bütün bu fani aləm. Xalq. Xalq. Kimdən qorxur Həcı kişi? - Mədəniyyət Nazirliyinin Həmkarlar İttifaqı sədri Əsədulla Ağayevdənmi? Bəlkə özündən qorxur, məhz özündən? Alman kilsəsinin kandarına düşən öz bappalaca kölgəsindən? Allahdan, almanlardan necə, qoxmur ki?
Hə, haqq-həqiqət heç vaxt susmur, belə olduqda, o rəmz, işarələrlə danışır. Kirli arfa, bulanıq dəniz, İbrahim Tatlıseks, Dövlət binaları qarşısında heykəlləşmiş qara "Volqa"lar, oğraş tazı, alman kilsəsi qapısında oturub saatlarla Quran oxuyan Hacı dayı rəmzləri ilə işarətlənir. Həmin rəmzlərin sirrli-sehrli, dodaqdəyməz "quş dili"lə danışır, danışır, danışır. Biz - atamla mən, onu eşidənə qədər.
Alman kilsəsinin sökülmüş məbədində bu rəmzlərin əsrarəngiz səsini eşitmək daha kimə... kimə müəssər olacaq?
Rəmzlərin, ehkamlı baxışların, hikmətlərin yorucu söhbətləri bitir. Atam, Bakıda sığınacaq tapmış Təbrizli siyasi pənahəndə, sonuncu kərəm, - məncə ilk dəfə, - Həcınin tüklü sifətinə zillənir. Həcı, qoca tazı, bizə gətirdiyi Qurani-Kərimin köhnəlmiş cildinə, "Kommunist" qəzetindən üz çəkir. İşini şərəflə axıra çatdırdığı vaxt, mızıldanır: "Mən bilirəm neynirəm"
- Həmid, saat bir tamamdır, çantanı götür, dərsə get, yubanarsan, - atamın yorğun səsi otağa yayılınca, mən çantamı qapınca, annam əlavə edir:
- Zibili qapıda qoymuşam, gedəndə onu da götür, at.

Ucu yeyilmiş çəkmələrimi geyənəcən, imkan tapıb bir gözümlə, dar dəhlizimizi işıldadan köhnə, palıd çərçivəli güzgüyə zillənirəm. Amamı deyə bilmərəm, ancaq Hacı dayı buradan baxsan tamam başqa sifətdə görünür. Bilinir ki, bu qoca tazının canında olsa-olsa bircə qətrə, bircə misqal sevgi var - onu da ki, Hacı kişi, televizorda seyr etdiyi bayağı müğənni Zeynəb Xanlarovaya xərcləyir.
hamı kimi.
hamı kimi.
Palıd çərçivəli sirli güzgüdən seyr etdiyim həyat tamaşası sürətlə, bircə göz qırpımında dəyişib əvəzlənir. Atamgilin əyləşdiyi qonaq otağından zəif, tənha bir səs gəlib məni diksindirir - şarrrrrap! Hacı dayı, ikiqat bükdüyü "Kommunist" qəzetini havada oynadaraq, süfrəyə qonmuş qara milçəklərin birini, ən yekəsini vurub öldürür. KİÇİK HAŞİYƏ: yadımdadı, ağzının yalanı, bişirdiyi milli xörəklər qədər yağlı-piyli olan qoca nənəm Zəhra xala həmişə...xüsusən, dəmə qoyduğu plovun altını yandırdığı vaxtlar, ah çəkərək bütün söhbətləri bir mövzu ilə bitirərdi: "Bacım Balacaxanımı kommunistlər güllələdi, neft buruqlarımızı əlimizdən aldılar, Ağadayı qaçdı İrana". Di gəl ki, kim, hansı köpəyoğlunun balası bunun canlı şahididi? Heç kim.
"Kommunist" qəzeti ilə öldürülmüş qara milçəkləin ölüsünü isə hamı görüb, görür. Hələ üzün illər boyu görəcək.
Artıq, Leninqrad malı, dabanı ağır "skoroxod" çəkmələrimi ayaqlarıma geymişəm, bircə qalır, qapını aralayıb küçəyə çıxmağım. Qəfildən bir gözüm, işıq sayğacımızın altına sancılır. Dün gecədən bizim zavallı ailənin, ən çox, nisgilli atamla əsəbi anamın qanını canına sovurmuş quduz ağcaqanad balası da burada imiş ki... Ay sənin zatıvı kəsim mən, neçə gündür ki, səni əl-əl axtarıb-arayıram... Səsimi çıxartmadan yavaş-yavaş ona tərəf gəlirəm, diqqətlə baxıram bu şeytan balasına, şər törəməsinə. Təbrizli Qafar Herisçinin, bakılı Tamila Axundovanın al-qırmazı qanı bir səndə...səndə peyvənd olub, calanıb bir-birinə. Bir də məndə... məndə... Bu iki qanı bir-birinə calamaqda məqsədimiz, niyyətimiz nə idi bizim?.. İkimiz də, şəhvət dolu, ac-yalavac Bakı gecələrindən doğduq, tapışdıq, sevişdik, ayrıldıq. Məqsədimiz nə idi bizim? Nifrət idi, yoxsa sevgi?.. əşşi, təki sənin başın üzərindən şeytan, mənikindən mələklər əskik olmasın.
Beyin qafam dinclik bilmir, rahatlıq tapmır, qapını nə təhər açmışam, Bünyad Sərdarov küçəsinin İran səfirliyi yerləşən səkisi üstdə necə, nə cür gedib çıxmışam, deyə birmərəm indi. Ona sarı uzanan darısqal dalanımızı arxada qoyanacan, həyətimizin sevimlisi, Londan adlı kor pişik məni qarabaqara izləyir, axır dayanır, başlayır ardımca yazıq-yazıq miyoldamağa. Sol səkidəki "92" telefon qovşağının alaqapısı üzərində "Pomojem Narodu Vğetnama!" şüarı qızarır, baxanların gözünü eşim-eşim ovur. Bizim 132 saylı orta məktəbdə belə, Vyetnama yardım yığırlar, indi unudulmuş Xoşimin, Hanoy adları, sinif rəhbərimiz, sifəti cehizlik gəlin çəkməsi kimi ağappaq Müşərrəf müəllimənin dilindən, ağzından düşmür. Qoy bir hələ əlifbanı öyrənək, o vaxt biz bu ölkə haqda inşa da yazarıq. Bu uzaq, əfsanəvi ölkənin dil dolaşdıran adı hamını... hamını, ən çox bizdən bir tin yuxarı yaşayan, söz-söhbəti, ayağındakı şap-şapların səsinə züy tutan Anaxanım xalanı çaşdırıb. Nə çaşdırıb...Qapını taqqıldadıb 5-10 rubl pul istəyən işıqçılara o, öz köhnə adətincə "pul verimirəm, ərim veterandı" yerinə, səhvən "ərim Vyetnamdı" sözlərini hayqırıb, ətrafdakıları çaş-baş edib, xəbər gedib çatıb JEK müdiri Qaramollayev Hacıbalaya. Hacı dayının rəhmətlik xalası nəvəsinə. Yeri gəlmişkən, məqamdı soruşum, sizə qohumluğu çatmırmı onun?
Korazehin, unutqan anasından fərqli olaraq, oğlu Yədulla, Bakıda təhsil alan Vyetnam tələbələri ilə möhkəmcə curlaşıb, öz puluna, qoluna arxayın alver edir bu badamgözlülərlə. Sarıkök, eynək-meynək, saat-maat alır onlardan, sonra satır on qat bahasına, "Azərbaycanfilm"in çayxanasına toplaşan ədabaz kinorejissorlara. Onlardan biri var ee, Hacı dayının qohumu, rejissor Rauf Cənnətəliyev, o, bu eynəklərin lap bərk bazıdı. Anaxanımdan tez-tez Yədullanı xəbər alır. Qıfıllı-kilidli sandıqçasından, Anaxanım, hərdənbir Yədulla çəkən siqaretlərin boz külünü tapır - həmin gün dava çıxır ana-bala arasında, mafraq küçə qapısı iki-üç dəfə çırpılır, pərdəsiz pəncərələrin sınıq şüşələri titrəyir, qonşular, car-camaat uzaqdan-uzağa bunu görüb pıçıldaşırlar öz aralarında: "Kaş, atası, Nəcib kişi sağ olaydı indi. Yazıq, nə ki, pulu vardı, verdi bu dəyyus-dələduza, kəfən pulusu düşdü bizlərin boynuna. O kişinin ruhu bura gəlməsə, ana-bala sakitləşməyəcəklər".
Odeeeyyy, Yədulla, M.F.Axundovun cıqqılı heykəli arxasında dik qamətini əyib, vyetnamlılarla alver edir yenə.
- Bir topa maknamara eynəyinə nə verim? 50 rubl, həə? Nəə, yoox? Adə, badamgöz, bir yumruğa aşırdaram səni, yıxılıb yerdən götünnən çör-çöp yığarsan. Hə, imana gəl. Aşağısı... aşağısı...
- Sto rubley, ne menşe, - boyu bircə qırıq olan Vyetnam bicbalası söhbəti caydırır, çayxana künc-bucaqlarında isbatlanmış qədim Bakı əclaflıqlarına boyun əymir. Yədulla, yarıciddi, yarazarafat, vyetnamlını sağ çiyni ilə vurub azca kənara itələyir. O, cayıldı axı
"jiquli"sini sürətlə sürə-sürə "ikiçarx" edib bir böyrü üstdə yana əymək,
kürdəmirin pambıq qozasını yeyə-yeyə boya-başa çatan kəndçi balalarını dəqiqəbaşı söymək,
əsgərlik andını vladivostokda içmih dəniz piyadası yədulla üçün
vəzifə borcudu.
çox danışsan fısıldayacaq: çıxar bıcağını, keçək qaranlığa.
ancaq qorxma...hap-gopdu bu.
söhbətiniz köhnə inturistin stalin zövqü ilə bəzədilmiş restoranında bitəcək.
o tumsatanlardı milisin girinə keçən, tutulan, həbs edilən. bir də görürsən ki, küçəynən milis gedir, əlində tum dolu torba, arxasınca mal yiyəsi. yədulla tutularsa, inan, bakı meyxanalarının bir qafiyəsi əskik gələr. özü də ən vacibi.
- Ala, nə yatıbsan ki, yuxu görəsən, yoldaş Xoşimin, - hissiyatını deyə bilmərəm, ancaq üz- gözünün vəhşi, əcdaha baxışlarını məharətlə cilovlamağı Yədulla yaxşıca bacarır. O, yek kəlmə söz deyəndi, daha danışmayacaq. Zilə qalxmış sarı günəşin amansız işartıları eyvanları sarımış üzümlüklər arasından qalibcəsinə suzulərək, Yadullanın sakit baxışları üzərində oynayır, orda öz son məqsədini tapır sanki. Titrək üzüm yarpaqların oynaq kölgəsi, böyrümüzü kəsən 6 saylı hamama, onun nəm divarlarına gözoxşayan milli naxışlar vurur, Bakı eybəcərliklərini az çox örtbas edir. 3-4 dəqiqə baxınca, hayılmayıl olarsan həmin ilginc görüntülərə. Ancaq, Yadulla o həzin şeyriyyətin qarmağına düşmür, qəfildən saz bir yumruq yedizdirir vyetnamlının ənginə. Ortalıqdakı meşin çantadan bir topa "Maknamara" eynəyini qamarlayıb, gen köksünə basır, üzü yuxarı, dağlı məhləsinə sarı götürülür. Ardınca şəriyi Kar Rəhman. Onlar çalıb oğurladıqlarını növbə ilə bir birlərinə ötürə-ötürə, yol azdırır, dallarıca yüyürən vyetnamlılardan yaxa qurtarmaq istəyirlər. Yox, alınmayacaq, dargöz tələbələr artıq Kar Rəhmanı yerə yıxıb, Yadulla da indicə ələ keçəcək. Qəfildən o, ayaq saxlayır, fikirləşməyə vaxt tapınca, əlindəkini mənə...mənə sarı tullayır:

- Məhlə uşağı, həmşəri, daban 56, qaç ee burdan, sonra görüşərik.

Çiynimdə şagird çantası, ələrimdə bir topa eynək...dayanıb qurumuşam durduğum yerdə. Eyvanları saran üzümlüklərin seyrək yerindən gün vurur, üz gözümü qamaşdırır. Həə...həə, əclaf Bakı həyatı məni də...məni də öz oyununa, qoynuna aldı, nəhayət ki. Növbə mənimdi indi. Hazırammı mən bu oyuna, bu qədim ayinə? Hə, hazıram. Yoxsa, Yadulla gicdi, nədi, bir topa "Maknamara" eynəyini götürüb tüllasın üstümə? Özün de, gicdi?Bəlkə başına at təpib. Yox. O, bilir bu dovğanı hansı taxta qaşığla qarışdırmaq lazımdır, o, tanıyır məni, güvənir mənə. Hardan tanıyır? Elə məhlədən.Məni özü kimi bakılı eləmək fikrindədir. Mən həmşərini. Pişəvərinin yaxın silahdaşı, Təbriz inqilabçısı, gizli adı "Kəndli" olan Qafar Herisçinin doğma oğlunu.
Fürsəti əldən buraxmayıb, 6 saylı hamamın dar həyətinə soxuluram. Bir həmliynən, dama çıxan taxta pilləkanı arxada qoyub, gözdən itməyi bacarıram. Damda qonşum Nərbala kişiynən toqquşuram. Hamamda yuyunan qızlaramı tamaşa edir o?
Nə isə, cavab sormağa vaxt yoxdur. Su navalçasından yapışa-yapışa, astaca öz həyətimizə enirəm. Bəlkə...bəlkə evdə, güllü döşəyim altda gizləyim bu əmanəti? Uzanım yatım...elə yatım ki, gecənin şər vaxtı üzümə qonmuş ağcaqanadı necə öldürdüyümü sonra xatırlamayım belə. Eləcə baxım onun qanlı izinə...Heçnə, heçnə xatırlamadan.. ..Sən isə, səbirli oxucum, tanıyırsan...tanıyırsan, həmin o ağcaqanadı - atamla anamın, Təbrizlə Bakının al qanını əvvəlcə o sovurub qatıb bir birinə, sonradan mən - bu yazının müəllifi. Gec-tez, əvvəl-axır həşərat aləmindəki öz qardaşımı öldürməliydim, yox etməliydim mən.
Mətbəxə baxan qapını açınca, içəridə, masa üzərində çörək doğrayan anamın qolu-biləyi yerindəcə donur qalır - sanki ona öz bədənini tərpətməyə icazə yoxdur hələki. İndiki halda o, yalnız başını mənə sarı çevirmək gücünə malik.
- Dərsə niyə getmədin? Noolub? Dillənsənə bir.
Qorxuram, üzündən bütün qanın çəkilib qeyb olduğunu sezə-sezə, durduğum, qərar tutuduğum yerdən bircə addım kənara tərpənə bilmirəm. Bulaq başında daş üzünə həkk edilmiş şəhid şəkillərini, indi özümə aid etsəm də, bu mənim daxili hissiyatımdı, anam başqa gözlə baxır mənə, başqa. Yox, o, məni görmür. Taleyimi görür, solğun- soluq üzünü, bəyaq atamın əyləşdiyi bom-boş kresloya sarı çevirir. Heç onu da görmür. İndiki vəziyyətində o, divardan asılı rəhmətlik atasının şəklini görə bilər yalnız. Yerdə qalan digər görüntülər öz əhəmiyyətini qeyb edərək, yoxa çıxıb, heçliyə yuvarlanıb... bu qadının qonur gözlərində.
Belimə keçirdiyim göy çantanı indi çıxarıb döşəmə üstə atarsam, mətbəxə keçib, soyuducudan pendir çıxarsam, anam lap əsəbiləşər. Lənət şeytana, gərək ona bir iki kəlmə yalan satam:
- Sinfimizdə bir gic-gicə var, adı Məlik, Sovetskidə olur. Onula dalaşdım. Müşərrəf müəllimə məni sinfdən çıxardı.
- Eh...nə olacaq...bütün bunların axırı.
Qara dəstəkli çörək bıçağı süfrədə yiyəsiz qalıb. Anamı başıma gələnlərin son məşhər nöqtəsi düşündürür sə, mən həyatın ancaq başlanğıc nöqtəsindəyəm hələki. Bir vaxt, nə zamansa, hər iki nöqtə gəib bir birinə qovuşacaq, ancaq dediyim məsələ gələcəkdə öz həllini tapacaq bir işdir ki, onun möcüzə, yaxud ölümlə nəticələnəcəyini elə indidən sezmək mümkün. Elə indidən qarşımdakı qonur gözlərə baxa baxa dərk edirəm: bu hər iki nöqtə, yəni əvvəl ilə axır, sürətlə bir birlərinə doğru hərəkətə keçib. İnan, kimsə saxlayamaz bu sürət qatarlarını.
Fikrin özünə getməsin. Çox fazla yalan goplamadım mən, öz ağbirçək, kədərli anama. O, halsız, taqətsizdir, gücü qüvvəti yalnız xələtini düymələməyə yetər. Yox... O, bunu da bacarmadı. Üzündən analıq sifəti itdi, yerinə məktəb müəllimələrin acı baxışları gəldi. Kaş, gəlməyəydi. O, ancaq mənim... mənim sonumu, axırımı görür. Süfrəyə qonan qara milçək sayının artdığına əsla fikir vermir... Əslinə qalarsa, mən anama həqiqəti söyləmiş kimiyəm - məktəbdə gerçəkdən Məlik adlı bir heyvərənin burnunu əzmişəm. Ancaq dünən olmuş bu,
dünən... ikinci fasilə vaxtı.
əlifba dərsindən elə təzəcə dəhlizə çıxmışdım ki...
dəhşət oldu bu dalaşama, dəhşət...
anamın xəbəri yoxdur hələ mənim belə belə işlərimdən.

X X X

Ucsuz- bucaqsız, əvvəlsiz - axırsız London şəhəri üzərinə qalın qış pərdəsi şəklində çökmüş bu bomboz sis-dumanın qarşısını necə, nə təhər alasan axı? Daş kömürlə qızdırılan qədim evlərdə tək tənha oturursan, göz qapaqlarını yumunca, itkin günlərin xatirəsi yaddaşını qıdıqlayır, içində, ayağa qalxıb tərli pəncərələrdən Londona baxmaq arzusu oyanır. Baxıb görürsən ki, küçələrdə keşik çəkən balıq gözlü sehirli işıqların müqvimət gücü azdır, London dumana qərq olunca Tauer qəsri, Biq Ben qülləsi, təmtəraqlı Soxo xiyabanı, əfsanəvi Hayd park gözə görünməz olur. Onların əriyib itən vücüdları sənin xam xəyallarına qoşulmaq, onlarla birgə eyni taleni, eyni dumanı paylaşmaq, oralarda ... məhz oralarda öz qismətini, xoşbəxtliyini, itirdiklərini tapmaq arzusundadır. Sən öz qonur gözlərini sonunadək açaraq, qarşındakı nəm dumana baxa-baxa, özünün nə qədər yalqız qaldığını, təkcə London şəhərini deyil, bütün zahiri dünyanı qeyb etdiyini hiss edirsən, aldadıcı bir xəyalpərəstliyə yuvarlanıb da, elə bilirsən ki, dünyanın tək bir həqiqi nöqtəsi, mərkəzi var - sən özün. Professor Riçard Adamson şayət bu səbəbdən özünə çox...çoox güvənən birisidir. Hər dəfə London ağ duman südünə bürününcə onun bu xasiyyəti bir azacıq da qabarıb böyüyür. Şişir, şişir, fəqət onun gombul, kök vücudundan o tərəfə öz dar sərhədlərini genişləndirə bilmir. Bunun imkansızlığını, çətinliyini dərk edincə, professorun dili, nitqi açılır, o öz gənc köməkçisi Elizabet Kinqə qısa suallar verir. Alaqaranlıq iş otağına sakitlik, rahatlıq gətirəcək sarı çırağın ağappaq yastı düyməsinə əl atır. Gənc tələbənin xoş sifəti ilə birlikdə onun divardakı kölgəsi də professora sarı dönür.
- Anaxanımın sandığından daha nələr tapdınız? - tənbəlçəsinə qımıldanan professorun bu sualı yazı masasını taqqıldadan kobud kişi barmaqlarının əsəbi səsi ilə müşayiət olundu. Əgər Elizabetin cavabı bir-iki dəqiqə yubanardısa, yəqin ki, qapısı açıq mətbəxdən gələn soyuducu səsi də cəlib bura çatardı. Bayaq künc- bucağı silib- süpürən gürcü qızının çıxıb getməsindən sonra otağdan yaş toz qoxusu gəlir. Qonaqlar sonralar duyacaq bunu - kəşv etdikləri həqiqətlər onları sarsıdıb susduranda...
- Bir ədəd saxta "Maknamara" eynəyi. Vyetnam savaşında eyni adlı amerikan generalı gözlərində həmin eynək bütün Hind-Çini yerlə yeskən edibmiş. Bu eynəklər Honq-Konqda qanunsuz istehsal olunurmuş. Bütün SSRİ-də, o cümlədən Bakıda təhsil alan Vyetnam tələbələri onların alış-verişi ilə məşğul imiş bəlkə də, - bu yerdə Elizabetin səsi dəyişir. Guya nitqinə özgə bir səslə davam edərsə, professor onun soylədiklərinə daha ciddi yanaşacaqmış. O , sakit təbiətinə yad olan cəldliklə, üzərinə "BP" yazılmış iri şüşə külqabını, - onun masa üzərində mövcudluğu yalnız indi aydınlaşır, - özünə tərəf çəkir, siqaretini yaxınca, səsinin musiqiliyini bir azacıq artırır. Divar bəzəyi olan əski rəsmlərdən boylanıb onlara, - təkcə onlara mı?- oğrun-oğrun baxan tarixi şəxsiyyətlər sanki söhbətə müdaxilə etməyə, öz xidməti vəzifəsini həyata keçirməyə məqam gəzir. Tezdir hələ, tez. Vaxtı gələndə heç kəs onların sözünü kəsmək gücündə olmayacaq.
- "Azərbaycanfilm"in çayxanasına toplaşan, - Elizabet, canından çıxardığı ciddi səsə özü belə inanmadı, çaşıb diksindi, - ədabaz kinorecissorlar "Makanamara" gözlüklərinə aşiq idilər, - sarı çırağın məstedici solğunluğu, Elizabeti arzusunda, xəyalında olduğu xoş xüliyalara yaxınlaşdırır; professorun saqqalı, qəlyanlı sifətini isə özünə yaxın buraxmır.- On qat bahasına aldıqları bu eynəyi taxınca, recissorlar həmin andan təzə film çəkmək xülyasına düşürdülər. Belələrindən birinin 1973-cü ildə çəkdiyi "Nəsimi" filmi indi bizim əlimizdədir. Baxaqmı ona?
Əl çantasından çıxardığı qara eynəyi, köhnə videokasseti yazı masası üzərinə qoyan Elizabetin sol qaşı rəmzi bir işarə şəklində yuxarı qalxdı. Professor bunamı, yoxsa bayaqdan deyilənlərəmi inandı, bilinmədi. O, totuş əllərini masaya diryəib yerindən qalxmaq istəyəndə, sol qaşını öz əvvəlki yerinə qaytaran Elizabet, cibindən bir-iki həb dərman çıxarıb əlləri titrəyə-titrəyə professora uzatdı:
- Rica edirəm, için! Bayaq arvadınız zəng edib halınızı soruşdu.
Riçard Adamson, masa üzərindəki qara gözlüyə əl atmazdan öncə, hərəkətlərinə mane olacaq qəhvə dolu fincanı kənara çəkməli oldu. Fincanın qulaq cırmaqlayan səsi ortalıqdakı sükutu pozaraq hər iki alimi diksindirdi.
- Bakı çox tozlu şəhərmiş. Mən belə bilməzdim. Baxın hələ, eynəyin şüşələri cızıq-cızıqdır. Yəqin ki, sahibi köynəyinin ətəyi ilə dəqiqə başı silirmiş onu, ehtiyatsız adammış. Köynəyin düymələri eynəyi cızıb zay edib tamam. Baxacağımız film necə, o da çızıq-cızıqdır, eləmi? Nədən bəhs edir o?
Professor bahalı qəlyanını dodaqları ilə sıxıb ağzında saxlasa da, onu alışdırmağa tələsmədi. Elizabet ovcunda sıxdığı dərmanları nə vaxt masa üzərinə qoyacaq? - professorun gözlədiyi bu idi. İndidən təxmin etmək olar - divardan boylanan tarixi şəxsiyyətlərin yağlı boya ilə çəkilmiş bahalı şəkilləri, artıq söhbətin bu yerinə müdaxilə etməyə hazırlaşır. Belə getsə, indi onlar deyəcək öz sözünü.
- Qısaca deyəcəm - Elizabet öz doğma səsinə qayıtmaq istəsə də, bunu bacarmadı, şaşırdı, ağzını tutub ökskürdü. Hiss etdi ki, bunun səbəbi heç də onun özündə deyil, dartışılan mövzuya professorun biganə yanaşmağındandı. O, fikrini son dəfə bir nöqtəyə cəmləyib baxışlarını əvvəl professorun yaşıl gözlərinə, sonra tüstüsüz qəlyanına zillədi. Divardakı şəkillərin Elizabetə müsbət təsiri hiss olunurdu.
- Sizin, - Elizabetin zəhərli gözləri Riçarda sarı döndü, onu diqqətlə elə süzdü ki, professor qayğılandı: Noolub, çoxmu dəyişib sir-sifəti? Gərək səhərlər içdiyi qara qəhvənin dadını çıxara-çıxara "Observer" dərgisini az oxusun, əvəzində gərək idman eləsin "Royal spor" dərnəyinin üstü açıq meydançalarında. Qəzetlərin ancaq son, idman səhifələrinə göz atıb, sakitləşsin. Ona israrla nə isə məsləhət verənlərə "Arvadım Ket də bunu deyir" cavabını qaytarıb, mövzunu birdəfəlik qapatsın. Mühitin sakitliyindən, məhz sakitliyindən icazə - göstəriş alaraq, yalnız o vaxt isti qəhfəsini udum- udum içsin. Bu nədi belə, ilahi? Elizabetin inadlı baxışları, nə üçün, niyə arvadının gözlərində gizlənmiş söz-söhbəti təkrarlayır?
- Sizin, - eyni sözün bir daha təkrarı, başqa məna ilə yüklənmiş, professorun ağlına deyil, qəlbinə ünvanlanmışdı, - sözünüz olmasın, gözlüklərinin şüşəsi cızıq-cızıq olan bu recissorlar barədə daha nə deyəsən ki? Filmin lenti də cızıq-cızıqdı, baxanda adamı lap əsəbiləşdirir. Mövzuya gəlincə...
London küçələrinə enmiş qərib axşamüstünün şeriyyətini hiss edən Elizabet darıxan kimi oldu. O, qısa donunun ətəyi üstündə bozaran siqaret külünü görüb, onu dərhal yerə çırpmasaydı, bu kədər çox vaxt aparacaqdı bəlkə də. Bayaqkı "mövzuya gəlincə" ifadəsini yarımcıq kəsən, xəyallarında London küçələrini gəzən Elizabet nəhayət ki, əvvəlki mövzuya qayıtdı, son ifadəni təkrarladı:
- Mövzuya gəlincə, o, bəsitdi, hind filmlərini xatırladır: Azərbaycanda bir dərviş şair varmış, İmadəddin Nəsimi adlı. "Ənəlhəqq" fəlsəfəsinə uyğun olaraq öz kiçik daxili "mən"indən qopub, cənabi Allaha, bütün zahiri - batini aləmə qovuşmaq eşqilə yanırmış,- son sözünü yenə də yarımcıq kəsmiş Elizabetə diqqət yetirsən görərsən ki, incə dırnaqları ilə zərif dodaqlarını eyni rəngə boyamış bu qadın nə qədər zövqlü, incə bir röyadır. O, yarımcıq kəsdiyi cümlələrin sonuna həmişə öz nadir gözəlliyini çalayır. Məhz bu anlarda, ilk sevgilisinin qiymətləndirmədiyi incə sifəti, şəhvani vücudu ilə Riçardı haqq yolundan azdırır. Sonra dərhal yarımcıq qalmış cümlələrin sonuna qayıdır:
- Dini mühafizəkarlar 1405-də onun dərisini diri-diri soyub edam etdilər. Filmin qısa məzmunu budur, istərsəniz baxın.
Hiss olunur: bu nazənin təkcə " Nəsimi" filmini deyil, həm də öz incə vücudunu nümayiş etdirmək fikrindədir. Yerindən quş kimi qalxıb, köhnə "Soni" fideomaqnitofonu işə salan Elizabet xeyli əzab çəkdi. Saralmış ağ düymələrin vəzifəsini anlamadı, fikrində uzaqlara gedib gəldi, axırda Simsim mağarasının sirrini tapmış kimi, "Tamam, göstərir!" nidasını havada səsləndirib, professorun böyründəki kreslonun yumşaq dərinliyinə qərq oldu Zorakı bir hərəkətlə başını azacıq sağa, Riçardın sağ kürəyinə dayadı ki, yeri gələndə, filmin maraqlı yerlərini ustadına izah edə bilsin. Ancaq bu, elmdən çox, eşq - məhəbbət mənzərəsini xatırladırdı.
Harda oturmasından asılı olmayaraq, - hətta Hayd parkıın uzun yastı oturucaqları üstə belə, - Riçarda elə gəlirdi ki, o, həmişə öz qara "Lənd Rover"İnin sükanı arxasındadır, sağ- solunun fərqinə varmadan seçdiyi son hədəfə doğru irəliləyir. Film bitincə, ayağa durub tünd qəhvə qoxulu otağda gəzişən Riçard həmin hissiyatın yeni təkrarını yaşayırdı. O, pəncərənin önünə gəlib ayaq saxlayan zaman, Elizabetə elə gəldi ki, Riçi öz "Lənd Rover"inin əyləcini basaraq, qırmızı işıqda dayanıb. İlk dəqiqələrdə aldadıcı xəyallara qapılan gənc tələbə xam xüliyalarından tez də ayıldı, diksinib, Riçardın son sözlərini eşitdi:
- "Ənəlhəqq" fəlsəfəsinə görə, insanla Allah, insanla dünya arasında heç bir divar olmamalıdır. Filmin qəhrəmanı Nəsimi ruhən Ənəlhəqqə yetişibmiş, - bunu söylədiyi vaxt, Riçard onu Londondan ayıran pəncərəyə fikir verib karıxdı, təəccüblü diksindirici bir hiss keçdi içindən. - Bircə bədəninin dərisi buna əngəl törədirmiş. Onu da elə bil ki, Nəsiminin öz gizli istəyincə soyublar. Belə çıxır ki...
Elizabet bunu eşidincə başını kreslodan ayırdı. Sanki filmin davamını başqa yerdə - bu dəfə Riçardın saqqallı sifətində seyr edərək üzünü ona sarı çevirdi. Riçard sözlərinə davam edirdi:
- Nəsimini öldürənlər əslinə qalarsa, ona Ənəlhəqqə yetməkdə kömək ediblər. Bu zavallı cocuq ziddiyyətləri həll edib, gör necə fənd işlədib ki, düşmənlərini öz həmkarlarına çevirib, - süfrədəki dərmanları götürüb ağzına atan Riçi dediklərinə azca ara verib mövzuya qayıtdı. Ancaq tamam başqa bir ahənglə:
- Azərbaycanlılar niyə bunu faciə sayırdılar? - professor pəncərədən uzaqlaşıb yenidən öz köhnə, etibarlı yerində əyləşdi. Susdu. Soyuq divarlardan, Elizabetin donuq gözlərindən ətrafa yayılan ağır sükutla həmrəy oldu. Bayaq seyr etdiyi filmə inanmırdı, bu sükuta isə inandı.
- Görünür, "Maknamara" gözlüyündən dünyaya baxmaq olmazmış, - gözündə həmin qara eynək, Riçi üzünü Elizabetə yönəldib sifətinin oynaq ifadələri ilə ona nə isə demək istəyirdi. Bu, otaqdakı sükutun əmriydi: sözlə yox, sükutla danışmaq zamanı çatıb! Elizabet, Riçinin Pikadilli meydanındakı fırıldaqçı kor dilənçilərə oxşadığını görüb, başını buladı. Bayaqdan gedən söhbət lal sükutun, divıarlardan baxan köhnə rəsmlərin tələb etdiyi məchul bir nöqtəyə tərəf axdığından, hər iki alim mövzuya başqa yöndən yanaşmaq istədilər.
- Onlar, - hiss olunurdu ki "onlar" deyərkən, Elizabet bu sıraya həm də özünün ilk sevcgilisi Devidi də daxil edir. Riçard də bunu sezib azca gülümsədi, - yəni azərilər nəyi dərk etmişdilər ki?... Daha bir maraqlı məqama da fikrinizi yönəldim, - Elizabetin səsi artıq yerində oturub. Səsində sanki əruz vəzninin xoş ahəngi yaranıb. Bu, bayaq seyr etdikləri filmdən, azəri turkcəsindən yaranan bir ahəngdir ki, onun yenidən doğuluşu təəccüblü görünməlidir hamıya.
- Azəricə birinci şəxs əvəzliyi "mən", ikinci şəxs əvəzliyi "sən" şəklində səslənirmiş. Hind- Avropa dillərində ay, günəş kimi göy cismərinin mənasını verən "moon" və "sun" kəlmələri ilə bunların uyğunluğunun, məncə, sübuta ehtiyacı yoxdur. Riçi, əzizim, günəş həyat, ay isə ölüm gətirən səma cismlərdi. Əgər ayın gətirdiyi soyuq, qaranlıq ölüm enercisi olmasaydı, Yer üzündə həyat əbədi davam edərdi. Heç təsəvvür edirsənmi bu nə deməkdir? Öz şəxsi "mən"indən çıxış edən Azərbaycan türkü Günəş kimi diri yox, ay kimi ölü bir cismlə əlaqədarmış. O, özünü həyat verən Günəşlə yox, ölüm gətirən ayla eyniəşdirirmiş. Başqasına "sən" deyəndə isə o, günəşin canlı, işıqlı əhatəsinə düşürmüş. Məncə, professor, ənəlhəqq budur - məndən sənə, aydan günəşə keçmək.
"Marlboro"sunun getdikcə azalan közərtisi London günəşinin soyuq hərarətini xatırladan bu qadın ilk baxışda yamanca mutlu görünürdü. Nitqindəki boş laflar öz şəxsi uğursuzluqlarını unutmağa ona imkan vermişdi. Rəhmətlik atası Oliver simicin lap yekəsiydi. Qapını dilənçilər taqqıldadan vaxtlar arvadı Annanın köhnə pul cüzdanıdan qəpik-quruş çıxarar, bir-ikisini öz cibinə basıb yerdə qalanını əlləri əsə-əsə qapıdan o tərəfə ötürərdi. Parılıtılı dükan vitrinlərinə yaxınlaşınca diksinən küçə itlərinə sayqısını çıxsaq, bu əsəbi qocanın nəyi, nəyi gözəldi ki? Sevib-sevişdiyi cazibədar gənc alimlərdə nifrət etdiyi atasının xasiyyətlərini aşkarladığı vaxtlar Elizabet diksinti ilə üzünü bürüşdürər, qısa ömürlü bu qırışların altında gizlədiyi həqiqi sifətini hamıdan, ən vacibi, çox sevdiyi Londan şəhərindən gizlində saxlardı. Day hardan biləydi ki, sevdiyi, sevişdiyi şəhərin qatı dumanı tam tərsinə hərəkət edir. Hadisələri, insan sifətlərini ört-basdır eləmir, əksinə, onları gücü çatdıqca üzə çıxarıb aydınlaşdırır, o cümlədən Elizabetin gözəl üzündəki, içindəki o gizli, gözəl ifadələri...

Richarddan nə gizlin? O da görür...Görür Elizabetin gizli sifətini...rəhmətlik Oliver də orda - Elizabetin üzündə gizlənib. Elə bil ağzını açıb danışacaq, axırda, lap axırda, indi yox.
- Ancaq, - gözlərinin parıltısının əksinə olaraq Elizabetin bütün vücudu buz heykəli xatırladır. Allahım, bu "ancaq, lakin" ifadələrindən mən necə də qorxuram, elə bilirəm ki, onları eşidən kimi həyatın ən qorxulu hadisələri baş verəcək.
- Ancaq, ingiliscənin birinci şəxs əvəzliyi olan "ay" kəlməsi də Azərbaycan türkcəsində ölümsaçan səma cismi olan Ayı yada salır. Demək, biz ingilislər də birinci şəxs əvəzliyi ilə danışarkən ölü aləmin təsiri alıtndayıq. Öz kiçik "mən"imizlə yaşamamalıyıq biz, Riçi.
- Ənəlhəq, ənəlhəq, - Richard, nəhayət , kədərli baxışlarına nöqtə qoyaraq dilə gəldi.- Bu qara "Maknamara" gözlüyündən azərilər nə gözlərini, nə də canlarını heç vaxt qurtarmadılar ki, qurtarmadılar!.. Bəs, biz necə?
Bayaq, günc-bucağı silib-süpürən xidmətçi gürcü qızının buraları tərk edib evə getməsindən sonra otaqdan yaş, islaq toz qoxusu gəlir. Məyusluqla bir-birinə baxan iki alim yalnız indi bu qoxunu hiss edib otaqdan çıxıb getmək istədilər. Rəhmətlik atası Oliverin Elizabetdə gizlənmiş narahat ruhu necə? Söhbətə qarışıb axır sözü deməkdən vazmı keçir, əcəba? Son sözü ruhların dediyi, axır qərarı onların dilə gətirdiyi vaxtdır axı indi...
- Hara gedək?
- Təki burdan ayrılaq, sonrasına baxarıq.
Richard "Maknamara"nı gözündən çıxarmayıb. Mən bilirəm, bilirəm o, haralara göz qoymalıdr ki, oralarda Bakını, 1967-ci ili, sinif yoldaşım Məliklə dalaşdığım günü görsün.
Yalnız tez-tez işlətdiyim "mən" sözündən qorxuram...

Peyvənd

Haçan...nə vaxt buraların alın yazısına köçürüldüm mən? Haçan? Nə zaman? Həə, otuz il öncənin söhbətidi bu. otuz il. otuz il. oktyabr devriminin əlli illiyində, 1967 -lərdə ayaq basdım tarixin qara dərgahına. Otuz il öncə, 132 saylı orta məktəbdə.
O vaxt ...o vaxt gəlib girdim Anaxınımın sandıqçasına. o vaxt .

Yaşıl rəngli bəstəboy araq şüşələrini lap körpəliyimdən tanıyıram, dayım Əliheydərin evimizdə qurduğu içki məclislərindən. Həmin araq şüşələrinin bəzəyi olan əzik- məzik üz kağızları çox vaxt ... çox vaxt vəfasız çıxır öz doğma içki qablarına. Balaca imkan tapınca qopur öz yerindən. Həftənin ilk xəzri küləyinə qoşularaq uçub gedir öz tay-tuşlarının - sarı zəhərli siqaret kötükləri, qırmızı hərifli toy dəvətnamələri, ermənicə " Kommunist" qəzetinin cır-cındırlarıyla "bəzənmiş" üfunətli küçə gölməçəlrinin içinə. Hərdən bir, imkan düşəndə, Bakını dəli qasırğalar silkələyərkən, həmin o kağızlar, palçıq gölməçələrinə də vəfasız çıxır, gəlib yapışır bizim 132 saylı məktəbin sınıq pəncərə şüşələrinə. Deyir: yazı taxtalarını unudun, mənə sarı baxın, mənim dərslərimi öyrənin, mənim.
Sinif rəhbərimiz, ana dili müəlliməsi Müşərrəf xanımın zil səsi məni bu xoş xəyalların şirin uyqusundan ayırır:
-"Q" hərfi cümlənin əvvəlində bax bu cür yazılır. Həmid, gözlərivi pəncərədən çək, yazı taxtasına bax.
Gecəyə dönüşən axşamüstünün qarışıq rəng çalarları gözlərimizi çaşdırıb. baxışlarımı pəncərədən ayırammıram. Sağ çiynim üzərindən boylanıb arxaya baxarsansa, oradakı kor divarın alın yazısını xatırladan "Leninlə irəli!" lövhəsini çətin ki oxuyasan. Sol tərəfdə olmalı Sovet şairlərinin cıqqılı heykəlçikləri də qətiyyən...qətiyyən gözə dəymir. Axşam olduğundan onlar bizim gözlərimizə öz qəti hökmlərini yedirdə bilmirlər. Yəni, hətta bu bacarıqlarını da itiriblər. Öz mənalarını əvvəldən itirmişdilər, zatən.
Sinif rəhbərimiz Müşərrəf xanımın turş sifətində cansız bir ifadə var. Müharibə illərinin yadigarıdı o. Gəl sənə, əziz oxucum, onun qısa tarixçəsini nəql edim...
1942 nin əvvəlləri, 2-ci dünya savaşının arxa cəbhədə yaşanılan ən ağır qara günləri. Bakının yuxarı məhəllələrində quduz yalquzaq kimi ulaşan dəli xəzrinin zilə qalxmış səsini, bir qadın fəryadı batırır- Mazdok ətrafı döyüşlərdə Müşərrəfin əri Xallı Hüseyn həlak olub. Arvad çaşıb, əl qatıb özünə, üz gözünü cırmaqlayır. Atası Ağoppa kişi, dodaqlarının qırağında köpük qaynadaraq özü-özüylə nəsə danışır, "Kazbek"ini sümürür. Siqaretin son ölüvay tüstüsü, nazik xətt boyunca azacıq yuxarı qalxaraq, yarıaçıq pəncərədən içəri doluşan şaxtalı küləyin köməyilə yox olur, qeybə çəkilir. Sakitlik yaranır. Neynək, alın yazımızla gərək barışaq, savaş günləridir, bazarda qiymət söhbəti apar, cavab eşidərsən: Almanlar Dərbəndə yaxınlaşıb...Qapıya gəlmiş ölüm kağızına imza atmalı olan Müşərrəf xanım ovcuna tüpürüb-ağzı, dili qupqurudur, yenə təzədən tüpürməli olur ovcuna - qırıq qələmin ucunu yaşlayır, qol çəkir, imzasını qoyur o məşum sənədin altına.
-Axırıncı dəfə sənlə nə içdik? Nəydi ee o gürcü çaxırının adı?- bu cür bomboş bayağı cümlələrlə həmişə qohum-tanışın zəhləsini töküb, səbr kasasını daşdıran Adil isə, Müşərrəfin kiçik oğlu, hiyləyə əl atmaq, ordudan yayınmaq qərarına gəlib. O, yeni ...tam yeni bir alovla parıdayan ala gözlərinin istisini, hərarətini atasına sarı yönəldir... Həə, kişi saç-saqqalını lap ağardıb, göz həkimi Tatyana Vasilyevnanın göstərişinə əməl edərək iki cürə eynək taxır. Biri, kitab oxumğa, digəri, elə-belə, ora-bura tamaşa etməyə. Ağoppa kişi ev divarlarını bəzəyən köhnə-köşkül Quba xalçalarının sehirli naxışlarına qoşulub, hər gün dünyanın axırına, axirətə, Allahın uca dərgahına doğru gedib-gəlir. Yox, bu gün o daha geri qayıtmaq istəmir oralardan. İstəmir. Axirət sevdasına qapanıb, susur...susur. İxtiyarındakı iki eynəyin birini belə, o, bu gün gözlərinə taxmayıb. Səhər çağı aldıbı "Kommunist" qəzetini bir qırağa tullayaraq, dodaqları altında Əliağa Vahidin irfani qəzəllərinimi mızıldadır? Yoxsa, öz kədərini, qədərini? Bilinmir, qardaş, bilinmir. Ağoppa kişinin yerinə lap sən özün ol, neynərdin belə vəziyyətdə? Neynərdin?
Oğlu Adil qapını cırıldadıb küçəyə çıxdığı, fərariliyə qədəm basdığı vaxtda belə, Ağopa kişi mızıldadığı qəzəllərin yorucu ahəngini kəsmədi.O axşam, Yasamal təpələri üstə zülmətin qara kabusuna baş əyən sapsarı qış günəşi, çox çalışdı ki, qumara qoyulmuş nişan üzüyünü xatırlatsın bizlərə. Bacarmadı, buna vaxtı çatmadı, əriyib itdi üfüqlərdə. Bizlərdən- Ağoppadan, Müşərrəfdən öz aşiqini, şairini bulamadığını dərk etdi . Tərk etdi Bakını. Müşərrəfin qara baxtını.
-"M-1" yük arabasına minib, "Nə aş yiyər nə əppək, yaxşı oynar bu köpək, nə turp yiyir, nə qarpuz, yaxşı oynar bu donuz" meyxanasını deyə-deyə İsmayıllı meşələrindən keçirdik. Əşşi, donuzun adını gərək çəkməzdim. Qoz ağacı arxasından bir çöl donuzu üstümüzə cumdu. Adil sükanı yana çəkincə uçuruma yuvarlandıq...
Adilin ölüm xəbərini gətirmiş naməlum şəxs, söhbətini bu sonluqla bitirərək artıq beş-altı saatdır ki, Müşərrəfgilin kasıb komasını tərk edib. Ağoppa kişi, divarları bəzəyən Quba xalçalarının dolanbac naxışlarına gözlərini qoşub yol gedir-axirətə sarı, Adilin ruhuna tərəf. Kimsə yoxdu otaqda. Müşərrəf eşikdə, qapı ağzında yerə oturub gözünün şorunu tökür. Allah... Bakının Allahı, ağlamağı ona halal edib, susmağı Ağoppaya, fikirləşməyi isə küncdəki qara sandığa. Ağoppa kişinin bu hayında heç nə , heç kim ona toxtaqlıq vermir. Heç kim. Qoca nəhayət ki, dillənir:
- Görünür, indi çöl donuzları da NKVD-yə işləyir. Yazıq Adil, İsmayıllı meşələrində bir Allah bilir, "M-1" arabasını nə qədər o yan bu yana ləngərlətdi. Qaçammadı bu müharibədən, şər-şeytan davasından. Görünür indi çöl donuzları da hökumətlə əlbirdir. Bircə yatdıqları yer ayırır onları.
Yanılır...möhkəm yanılır qoca ixtiyar kişi. Həyat, cüyür dərisi üzərinə yazılmış müqəddəs mətnlərə məhəlmi qoyub haçansa? Bayaqdan naxışlarına zilləndiyi Quba xalçası da, bəlkə axirətin özü də NKVD-yə işləyir. Ağoppanın indicə söylədikləri beş-altı dəqiqədən sonra gedib hökumətin qulağına çatacaq. Ağoppanı tutub əli qandallı NKVD-yə aparacaqlar. Orda yorğan-döşəksiz çarpayının dəmir toru üzərində uzanmış kiçik rütbəli zabit, Ağoppanı görüb yerindən dik atılacaq,sorğu-sualdan sonra saz bir yumruq ilişdirəcək Ağoppanın çopur sifətinə. Otaqdakı avara əskərlərin birinə bu mənzərə şirin gəldiyindən o, təklif verəcək: gəlin Ağoppa kişinin adını küncdə tozlanan sarı süpürgəyə verək, qoy onun da axır ki, bir adı olsun.
O gün, Yasamal üstə batan sarı günəş özünü nəhayət ki, qumara qoyulmuş nişan üzüyünə oxşatmağı bacardı. Müşərrəfin könlünə elə hikmətlər damızdırdı ki, bu qadın indiyəcən onları qoruyub saxlayır. Day ağlamır, ağzının şorbasının sağa-sola dağıda-dağıda hökuməti söymür. Həmişə İsmayıllı meşələrindəki o vəhşi donuzu xatırlayır. Məni də oxşadır ona, özünü də. Solğun çöhrəsinin yeganə bəzəyi olan ifadəli baxışları elə haman dava-şava günlərindən qalmadı. Mənə, 1967-ci ilə, oktyabr devriminin 50 illiyinə tuşlanıb bu baxışlar.
-Herisçi, dur, yazı taxtasının qarşısına gəl. Gədə, sən, eşşək anqıran vaxt öz saatının əqrəblərini düzəldən zırramalardansan. Nə vaxt dərs oxuyub adam cildinə girəcəksən, nə vaxt? Sən sıfırsan, heçsən, böyüyəndə yastıdaban bir Hövsan arvadıyla evlənəcəksən ki o sənə düşbərə bişirsin. Ayıl, bala, ayıl, bəsdir pəncərədən küçəyə baxdın. Gədə, sən dəlisən, şadlığa meyillisən, ağaca danışansan bəlkə, hə?
Sinif rəhbərimizin bığlarını mən ilk dəfə o vaxt görüb əməlli-başlı çaşdım. Müşərrəf xanım sağ əlindəki xətkeşi hələ ki ancaq sol ovcuna çırpır. Bir Allah bilir indicə o bu xətkeşi kimin, hansı bədbəxt şagirdin təpəsinə çırpacaq. Allah üzümə baxdı, bəxtim gətirdi. O, öz yerində əyləşib şagirdləri hazır-qayıb edir.
- Qoy indi həkimlər gəlsin, çiçək xəstəliyinə qarşı qolunuza peyvənd vursun. O vaxt baxacam sizin sir-sifətinizə. O vaxt bilincək kim kişidir, kim arvad.
Müşərrəfin ağır nitqi arxa sıralarda pıçıldaşan şagirdlərəcən gedib çatır. Hamının, elə mənim də solğun üzümdə nigarançılıq kölgəsi oynayır. Sinfimizin soyuq divarlarına baxmaq yorub məni. Onlar, bu hamar divarlar həmişə Müşərrəfə züy tutur. Altdan-altdan bu müəlliməyə dəstək verir. Həmişə. Həmişə.
vay dədəm vay...nə? bizə peyvənd vuracaqlar?çoxmu ağrılıdı bu?
nədir axı bu?

* * *

Müşərrəf xanım sağ əlini tənbəl-tənbəl qaldırıb ağ saçlarından qopub da zəif çiyinləri üstə yağmış quvağı inadla, möhkəm-möhkəm çırpdı. Bayaqdan yoxladığı, sarı səhifələrinə qeydlər etdiyi qalın sinif dəftərini örtərək ayaq üstə qalxdı, fikirli-zikirli sağa-sola gedib-gəldi. Hər hektardan bir ton pambıq yığmağa çalışan zərbəçi əmək qəhrəmanlarının çılğın baxışlarını yorğun sifətində canlandırınca xeyli sakitləşdi. İstəyirdi... istəyirdi ki, məhz bu görkəmindi bizim yaddaşımızda həkk olunsun. Elə bil, yaddaşımıza cibxərcliyi verir, xatiratımızın cibinə qəpik-quruş basaraq ümid edirdi ki, biz onu, dəli dövranın həlledici məqamında xərcləyəcəyik. Nə vaxt, haçanları mən, qara taleyimin qəflətindən ayılıb, Müşərrəfin bu simasının xatırlamalı, onu əziz tutaraq, indiki dəqiq elmlərin də təsdiqlədiyi axirət savaşına qalxmalıydım? Fələk tərəfindən mənə verilən bu yorucu sualların yırtıq ağzını yummağa mənim ixtiyarımda kilid, qıfıl çoxdu, çox: 2001-ci il, Dərnəgül küçələrinə xəzan yeli əsir. Sap-sarı yarpaqların xəstə ruhları şəhərimizin pozğun qızlarına qoşularaq Bakını tərk edib üzü Dubaya sarı getməyə hazırlaşır. Xalq şairi Qabil oturduğu məclislərdə xam bir bəşər övladı axtarır ki, yazdığı son şerlərini ona oxusun... Bakıda bənzəri, oxşarı çox rastlanan beşmərtəbə "Xruşovka"nın kor yan divarına söykənərək göydəki yıldızları seyr edirəm. Bomboş küçələrdə insana hüzur, dinclik verəcək bir hərəkətsizlik vardır ki, yalnız elə onunla kifayətlənmək insanı öz xam xəyallarına qovuşdurar. Qarşımdan 8 saylı trolleybus keçincə, küçənin o biri səkisi üstə atılıram. Arxaya baxdığımda həmin trolleybus artıq çox-çox uzaqlarda, sanki, bugünün gecəsi içində deyil, gələcək zamanın, sabahkı günün tam ixtiyarındadır. Mənəm...təkcə elə mənəm indinin, indikinin əhatəsində. Bir də Bakı gecələrinin ölməz qara kabusu...ətrafımdakı bu lal sükutun qərarını qəfil səslənən rus söyüşlərinin nida işarələri pozur: "Çtob vı vse sdoxli, provalilisğ, çtob duxa vaşeqo ne ostalos, oqraşı". Bir rus qadını qışqırır bunu, rus qadını. Qaranlıq küçənin tən ortasında dayanıb o. Yerindən tərpənmir.
Aradan iki-üç dəqiqə ötməmiş Bakıda zəlzələ baş verir. Bütün şəhər tökülür küçələrə...Gəl indii məni inandır ki, baş vermiş o zəlzələnin səbəbi həmin rus qadının yağdırdığı qarğışlar deyil. İnandır görüm, necə inandırırsan.
Müşərrəfin amanat bilib bizlərə tapşırdığı o qəhrəman baxışları, mən gərək həmin zəlzələ vaxtlarında üzə çıxaraydım. Gərək onları öz sir-sifətimə gətirərək qorxu nə olduğunu birdəfəlik unudaydım. Tam..tam tərsinə oldu. Hər hektardan bir ton pambıq yığan əmək qəhrəmanları yadıma belə düşmədi. Mən o gün hər hektardan 3-4 ton qorxü- həyəcan yığdım. Nifrətlə dolub-daşdım. Müşərrəfin baxışlarına yiyə durmadım. Tək-tənha buraxdım onları...


- Bir nəfər kimi ayağa qalxın, köynəyinizin qolunu çırmalayın. İndii həkim Kübra xanım qolunuzu çərtib çiçək xəstəliyinə qarşı sizə peyvənd vuracaq. Fiirləşin ki, müharibə illəridir. Almanlar güllələməyə aparır sizi. Qorxaqlara sıralarımızda yer yoxdur!
Ağ at arpa yemir bəyəm? Sinfimizin ən cayıl, vuruşqan, söyüşkən oğlanları da - böyrümdə əyləşmiş qədeşbala Məliyi də həmin siyahıya qat - qorxudan nəfəslərini kəsiblər, küllüyünə daş atılmış sərçə dəstəsi kimi çaş-başdırlar, xəlvət bir siçan deşiyi axtarırlar ki, girib orda gizlənsinlər. Nə deyirəm ki...etirazmı edirəm? - gedib giz-lən-sin-lər! Nooldu? Bayaqdan cayıllıqdan dəm vururdular...Nə isə, bu söhbət qalsın sonraya. Bilirsən, tarixin hər dövründə biz nə isə itiririk. Zəmanənin hər bir yeni başlanğıcında hiss edirik ki, sallaq ciblərimizdən fərqli-fərqli, dəyişik əşyalar düşür. Sovet dönəmində , şəxsiyyətimizi təyin edən dövlət sənədlərimizi tez-tez qeyb edirdik, indi, əl telefonlarımızı. Təsvir etdiyim o uzaq 1967-ci ili xatırladıqca utanıram, xəcalət çəkib üç-dörd köynək ət tökürəm. Düzünə qalarsa, o vaxt mən də hürkmüşdüm. Bilirsənmi nəyimi, hansı keyfiyyətimi qeyb etmişdim? Qorxmazlığımı. neynək... qalmışıq əclaflığın, şərəfsizliyin əlində.
Nitqi qurumuş Məlik əlifba dərsliyinin ən son, axır səhifələrini vərəqləyir, tərsliyə bax ee, istədiyini tapammır orda. Yaxşı, indi hara baxacaq o? Müşərrəfin kinli sifətinəmi? Mən də, cındırı çıxmış əlifba kitabının- onun üz qabığında əlində çiçək tutmuş məktəbli qızın solğun təsviri var-son səhifəsinə müştəri gözüynən baxıb, oranın bəzəyi olan qəribə bir əlamətə heyrətlənirəm. Yalan olmasın, sanki Allahın tamam-tərifini oxuyuram orda:Sovet vaxtı çapdan çıxmış bütün kitabların son səhifəsinə, "Səhvlər" başlıqlı cıqqılı kağız parçası yapışdırılar, orda həmin nəşrdə getmiş söz səhvlərinin uzun siyahısı verilərdi. Əgər mən başdansolaxay, buxarapapaq dədələrimizin ruhuna öz borcumu qaytarmaq xəyalına düşərək, Sovet kitablarını ərəb əlifbasının qanunlarıynan sağdan sola oxusam, onda, gözlənilməz nəticələrə gələrəm. O vaxt, Sovet kitablarının son səhifəsi onların ilk səhifəsinə çevriləcək. Bu halda, bayaq dediyim "səhvlər" başlığı, onların əzəl mübtədası olacaqdır.
üzü dönsün bu fələyin...gecə yarıdan keçib, yatın ey Bakının bədbaxt camaatı...


-Həmid, keçən bazar günü, Müşərrəf xanımın 65 illiyini qeyd ediblər, "Kommunist" qəzetində şəkli də çap olunub. Atam isə deyirdi ki, -sinif yoldaşım Məlik yemişə oxşar başını, arxasında əyləşdiyimiz yazı masasının altına soxaraq, məni də oranın zülmət aləminə dəvət edir. Yeraltı dünyanın sərt qanunlarına əməl edirmiş kimi səsini azca alçaldır:
-Atam isə deyir ki, Müşərrəfin 65 deyil, altmış boş yaşı var.
Hırıldayıb gülməkdən az qalırıq bayılaq. Gözlərimizdən su axır, üzümüzün rəngi dəyişir, nəfəsimiz kəsilir. Şahidi olduğumuz bütün hadisələrin də elə bil ki, altmış boş yaşı qeyd olunur indi.
indi, indi. indi...Oktyabır devriminin 50 illyində.

* * *

Şişman vücüdlu, ətli-mətli kök əndamı taxta çubuğa taxılmış "eskimo" dondurmasını xatırladan həkim Kubra xanım birinci sıradakı şagirdlərə peyvənd vurduqdan sonra sinif əlaçımız Təranə Xudatovaya yanaşıb, onun qumral, qonur saçlarını sığalladı. Durduğu yerdən bir balaca geri meyllənib, məlahətsiz cır səsini bizim şəlpə, sallaq qulaqlarımızda cinggildətdi:
-Müşərrəf, mən təəcüblənirəm. Sinifdə məyər bu qədər şagird olar!? Vallah, burda bir qəbristanlıq adam var. Mən bu ətcəbalalarla öz işimi nə vaxt qurtaracam? Keçən iclasda sən deyildin, ağzımın şorbasını axıda-axıda məni tənqid edən, hə, Müşərrəf?Sizə üz verəndə, astarını istəyirsiz. Neynək, keçək mətləbə. Tez olun, becid tərpənin, vaxt gedir. Vaxt.
Bakılıların yaxşı sözü var, deyim eşit: "Söhbəti çox xırdalama. Bura Xırdalan deyil, Yasamaldır... Yasamal!" Təsvir etdiyim mənzərəni, atamın goru haqqı, xırdalamaq fikrindən uzağam. Uzaq! Bircə onu deyim ki, ağ xələtli Kubra xanım sağ əli ilə hələ də Təranə Xudatovanın qumral saçını oxşayır. Sinif pəncərələrimizi titrədən dəli külək, yazı taxtasını bəzəyən "11 sentyabr" sözləri, Çkalov küçəsinin qəmbərliyi üstə nəriltiynən ötən trolleybusun vəhşi uğultusu...- bütün bunlar bizləri rahatsız etmir. Əsla! Sinif əlaçımızın qorxudan tir-tir əsməyi - yalnız budur bizlərin kefinə soğan doğrayan.
-Təranə, köynəyinin qolunu çırmala. Ay bərakalla. Qorxma. Sən bizim Janna Darkımızsan axı. Bax belə...qorxma...Atan rəhmətlik zərbəçi əmək qəhrəmanı idi, ay qızım, onu xatırla, sakit ol.
Təranənin rəhmətlik atası Bəxtiyar kişiyə, biz yaramaz cüvəllağılar "Bəxti xiyar kişi" deməkdən yorulmazdıq. Bir kərə, bu rəhməliyin təzə aldığı "Moskviç" ini Kommunist küçəsində dal-dalı sürdüyünü görən mən, uşaqlara zarafatla demişdim: "Bəxtiyar kişi doğma kəndində mindiyi eşşəyini də yəqin ki, dal-dalı getməyə məcbur edirmiş". Şirvan şoranlığında, Kür-Arvaz qovşağında dəfn edilmiş bu rəhmətliyin qəbrini möhtəşəm bir abidə bəzəsə də belə, keçən ilin leysan yağışları onu hopp eləyib Kür çayına yuvarlatmışdı. Allahın qəzəbinə gəlmiş həmin daş abidə orada da dinc durmamış, ətrafına yığdığı daş-kəsəklə birləşərək, Kürdə üzən gəmilərin yolunu kəsmiş, bununla sanki, axar sulardan öz intiqamını almış, son nətitcədə öz ölməzliyini sübut etmişdi bizlərə... leysan yağışlarına...Kür çayına...
...doğma balası Təranə Xudatovaya. Fələyin bu oyunlarından sonra Bəxtiyar kişiyə ..."Bəxti xiyar kişi" deməyə ixtiyarımızmı vardı bizim?yox...yox...yox...
Külək pəncərələri siləkələdikcə, onları gizləyən ağ pərdələr, su sonası ədaları ilə silahlanıb, özünü naza qoyur. Əyilir, əzilir, düzəlir. Təranə, onların təsirinə düşüb, naz eləmir, qoluna peyvənd vuran çatmaqaş Kubra xanıma mane olmur, əngəl törətmir. Alt dişləri ilə üst dodağını sıxıb, axırda bir balaca inildəyir. Hamı...hamı ağzına su alıb susur, sinifdə milçək vızıtısından başqa heçnə eşidilmir. Çox-çox soradan mən başıbatmış gic-gicə, belənçik bir lal sükutu Mili Məclis iclaslarında dəfələrlə eşitməli oldum. Məclisin daz baş, yekəqarın sədri düyməni basıb xalq deputatlarının mikrofonunu acımasızcasına söndürdüyü vaxtlarda. İnan, belə anlarda ordan da milçək vızıltısının əsəbi səsi əskik olmazdı. Olmazdı! Hakimiyyət...hakimiyyət bir iki dəqiqə ərzində o qara milçəklərinmi ixtiyarınamı keçirdi, əcaba? Əvvəldənmi razılaşdırılmışdı bu oyun?
Qayıdaq bayaqkı mövzuya, bəri başdan deyirəm, eşidin: toy günü, zifaf gecəsi vaxtı, gəlinlik libası göbəyindən yuxarı qaldırılmış Təranə Xudatova bir daha yenidən bax bü curə inildəyəcək. Qocalıb ölərkən də o, bu iniltini tənbəl-tənbəl təkrarlayacaq. Lakin, inanmıram...vur öldür məni, inanmıram ki, məktəbdə qoluna peyvənd vurulan dəqiqələri o, nə vaxtsa yadına salsın. Bu iniltilərin oxşarlığını, qohumluğunu, pis-yaxşı, axır ki, hiss etsin. Yasamal qəbristanlığı üstə ağaran ağ aya baxa baxa, keçmişini vərəqləsin, bizləri - qoluna damğa basılan qara qulları xatırlasın. Özünü bir daha Janna Darka tay tutsun. Nə vaxtsa bu qızcığazın səadəti, bəxtiyarlığı da yəqin ki, "Bəxti Xiyar" qohusu verəcək.
Qaqaş, mən cinləri öldürmüşəm, indi şeytanı axtarıram ki, onun belini qıram. Dediklərimə şübhənmi var sənin? Ya 12 imam, bir Allah...

* * *

-Uşaqlar, biz irəli, kommunizmə gedirik. Şadxəbər olasınız, bayaq AZ.TV-nin "Səhər" verilişində dedilər: Üzümün tərkibindəki şəkər faizi bu il artıb, 0,4-ə çatıb. Muştuluğumu verin, ur-ra! Siz də çalışın, əmək qəhrəmanlarımızdan öyrənin. Peyvənd nədir ki, ondan belə hürkürsünüz, göbəyiniz düşür. Mən, istəyirəm sizin hər birinizi,-həkim Kubra xanımın paslı beyni, qovuşmaz uzaq qütblər arasında fikir çarmıxına çəkilir. O, qaşlarını düyünləyib cümləsini bitirir:-Yuri Qaqarin, Çe Qevara, Vladimir Ulyanov sifətində görüm. Qolunuza peyvənd vurmasaq, hamınız çiçək xəstəliyinə yoluxacaqsınız. Vurdumsa, bir-iki qızartı əmələ gələcək bədəninizdə, vəssalam. Haydı, sıra kimindir?
Həkimin əynindəki ağ xalat, bəmbəyaz kəfənə, ölüm libasına dönüb mənə doğru irəliləyir sanki. Boğazım quruyur. Zəhmli, ağır təbiətli, kölgəsi qalın Kübra xanımın peşəkar barmaqlarında azca titrəyiş belə gözə dəymir. O, gözünün altı ilə içəridəkilərin hamısını bir-bir baxışdan keçirib nəhayət mənə zillənir, mənə. Sabir Əhmədlinin cümləliylə danışsaq, belə deyərdim: Ötmüş gözəlliyinin hikkəsiylə öcəşən Kübranın iddiası, qüruru sinli vaxtlarında işcilliyə, işgüzarlığa çevrilib. O, mənlə məhrəm münasibətlərə girmək istəyir, bu səbəbdən, əvvəlcə bir-iki sual verir mənə. Yaşca özündən bir az kiçik olan atamı xəbər alır:
- Qafar kişi necədir, çoxdan görmürəm onu?Qorxma, bəri gəl. Yayı harda keçirdiz, Şüvəlan bağlarında, eləmi? Görürəm, yamanca qaralmısan...
Hə...gərək indii qaragünlüyümü qablaşdırım, acı taleyimlə barışıb həyata boyun əyəm. Həə...İndicə Kübra xala birtəhər, alabaşına-külbaşına, qolumu çərtib peyvənd vuracaq mənə. Bunun əcayib, eybəcər izi ölənəcən, qiyamət gününədək qolumu bəzəyəcək. Ciddi mövzuları dilinə gətirərkən həmişə rusca danışan, azərbaycan türkcəsiylə bomboş söhbətləri saqqız yerinə çeynəyən bacım deyir ki, xaricilər bizləri qolumuzdakı həmin nişanələrdən seçirlər. Həmin dəqiqə bilirlər ki, aralarında sovet adamı var. Cəld əl atıb çantalarını qoltuqları arasında sıxırlar ki, birdən bizlər çaşıb oğurluq edərik. Bəli, indicə məni də qara qul kimi - əfv edərsiniz, sovet adamı kimi- damğalayacaqlar, sonra deyəcəklər, get, yaşa. İstərdim...İstərdim ki, həkimlərin dediyi o "çiçək" xəstəliyi hər birimizin payına düşsün. Biz çiçəklənib gül açaq, gülüstana çevrilək, Kübra xala kimi bədheybət arvadlar bizi o "çiçək" xəstəliyindən məhrum etməsin.
çiçək ...çiçək olmaq istəyirəm, qoyurlar ki...
İndi, qırx yaşlarımda, qolumu bəzəyən bu sovet naxışı, acığına gəlməsin, bilirsənmi, nəyi xatırladır mənə? - Qətl törədilmiş yerdə aşkarlanmış cinayət izlərini. Şeytan əməlidi, nədi? - biz hər yerdə, hətta adam öldürdüyümüz ən it-bat künc bucaqlarda belə kifayət qədər çox iz qoyuruq. Bu, qırımzıpapaq polis işçilərinin karına gəlir, sevindirir onları. Bir də, cürnalistləri, ən çox yazıçıları... Sonuncular, tarixin qaranlıq darvazasından, mənasız xəyallarından uzaqlaşdıqca, qollarındakı həmin sovet naxışının sehrini axır ki, dərk edir, xatirələrin axıb gedən lal suları arxasınca eyni bir yanıqlı bayatını təkrarlaya-təkrarlaya, ölgün ruhlarını qaramat yuxusundan ayıltmaq istəyirlər. Bəli, haqq-həqiqət heç vaxt susmur, belə olduqda, o, rəmz- nişanələrin quş diliylə qonuşmağa üstünlük verir... Vay o gündən ki, həqiqət sözlərlə deyil, rəmzlərlə danışsın.
necə ki, indii o, quş diliylə danışır - qoluma həkk edilmiş peyvənd nişanəsinin timsalında.
Bakı üzərinə çökmüş ağ buludlar yerini qara buludlara verincə, sinif otağımızın xəfif zülməti birə iki artır. Hətta, Kübra xanımın ağ xələti də öz qürurunu sındırıb, boz bozaraq ləkələrlə elə bəzənir ki, adam az qalır öz gözlərinə inanmasın. Yaxşı ki... yaxşı ki, yazı taxtasına ağ təbaşirlə həkk edilmiş - sinif əlaçımız Təranənin xəttidir - "11 sentyabr" başlığı öz ağ rəngini dəyişmir, otaqda anbaan qatılaşan zülmət ilə savaşmaq borcunu öz zəif çiyinləri üzərinə götürərək, sanki,sinifimizdəki şər kabusunun uzun boyuna kəfən biçmək istəyir. Bizdən heç danışma - sinfimizə çökmüş qaranlıqla tam razılaşmışıq, səsimizi də çıxarmır, demirik ki, işıqları yandırın. Demirik! Altdan-altdan gülümsəyərək Kübranı diqqətlə gözdən keçirirəm. Razılaşın, onun şər tərəfini görməyin ən yaxşı yolu, bu xanım-xatın arvadı qaranlıqda müşahidə etmək...onu məhz orda...orda görmək bacarığıdır. Sinif qapımızın ağzını kəsdirmiş Müşərrəf xanıma da buna əməl etməyi məsləhət görərdim. Ay Myşərrəf, kül başına. Küt beyninin hansı küncündə qanıb-qavraya bilərsən mən deyəni. Səninki, süfrədəki kababın, çörəyin yumşaq yerindən yeyə-yeyə, boşboğazlıq eləməkdi ancaq. Ancaq!
Kübra arvadın zəhminə söz ola bilməz - hirslənəndə, qəzəblənəndə yerişinə küləklər qoşulur, zərif burnunun pərələri, incə dodaqları coşub kükrəyir . Bütün təntik bakılılar kimi, Kübra da yayın cəhənnəm istisində dəniz qırağına, adı əzbər Fatmayı, Pirşağı bağlarına köçür, oranın bumbuz quyu suyunu içincə göz bəbəkləri şım-şım parıldayır, küt baxışları itilənib cilalanır. Həə...həə, qoca köpək Kübra, məhz buna görə indiyəcən, gözlərini qıyıb, ən uzaq talvardakı qara şanını ağ şanıdan seçmək gücünə malikdir. Bunların hamısı bir yana, belə deyirlər ki, guya, Pirşağı lotubalaların biri, kor Məmişin yüngülağıl oğlu Əskərağa, haçansa, qonşu təndirindən çörək çıxaran Kübranın kök əndamına mat-mat baxdıqdan sonra ona söz atıbmış. Kübra da ki, borclu qalmayıb, Əskərağaya yaxşıca turuşuqovurma verib: "Gədə, səni görüm Allah cəzanı versin!" Kübranın bəlkə də seyidliyi varmış - beş-altı gün ötüncə Əskərağanı Pirşağı kənd sovnetində tutuduğu yağlı vəzifədən azad eliyib mitilini atıblar küçəyə. Nə var, nə var, oğlu Ağarəzil Bakıya təzəcə ayaq açmış krişnait təriqəti sıralarına giribmiş. Bax belə, atam, qardaşım...Kübra bu Pirşağı lotusunu müsəlman Allahına tapşırsa da, işə hind Allahı qatışaraq onu cəzalandırıb.
Allahı, Krişnanı Pirşağı bağlarında birbirinə qatmış həmin bu qadın indi gəlib mənim qoluma peyvənd iynəsi vurmaq istəyir:
-Həmid, qorxma, bir, iki sayınca peyvəndini vuracam. İrandakı qohumlarımızdan məktub gəlib. Ərəb hərflərini sənin atan yaxşı bilər, ona denən bizə gəlib məktubu oxusun, unutma haa...
Söhbət yarımçıq kəsilir. Məlik irəli cumub, sağ qolunu Kübraya tərəf uzadır, sol çiyninin iti zərbəysiylə məni geri itələyir:
-Mənəm birinci. Peyvəndi əvvəl mənə vurun, sonra bu həmşəri balasına.
Heç belə də həyasızlıq olar? Məliyin yaxasından yapışıb geri çəksəm də, o, yerindən tərpnəmir, güc edib, yenidən irəli dartınır. Lap əsəbiləşirəm.
-Əclaf, otur yerində, indi növbə mənimdi.

-Sənin başınçün. Mən bakılıyam, özü də ağşalvarlılardan. Sən kimsən bəs?- Məlik dediyini deyib susur. Bircə kəlmə artırır son cümləsinə .
-Həmşəri...
Tunc heykəllərin təntənəli açılışını, onları gizləyən ağ örtüyün sürüşüb yerə düşməyini dəfələrlə görübsən... görübsən yəqin ki. Məliyi indiyəcən gizləyən ağ örtük qeyb olur. Mən, tanımadığım...bəli, tanımadığım bir tunc heykəllə təkbətək qalıram. Onun qarşısında sayğı duruşundamı durmalı, ətəyinə gül-çiçək dəstələrimi qoymalıyam?

-Mən bakılıyam, sən kimsən bəs?...Həmşəri!-Məlik bayaqkı sözlərini bu dəfə daha ucadan səsləndirir. Hamı-Müşərrəf, Kübra daxil, bizə tərəf zillənir. Arxa sıralardakı şagirdlər də ayağa qalxıb bizə tərəf boylanır, yar-yoldaşlarının qulağına nəsə pıçıldayırlar.

-Sən əclaf heyvərə, "sovetski" xuliqanısan, - mən də əsəbiləşmişəm, dilimi dinc saxlamıram.
"Sovetski" sözünü cümlənin gözünə qatarkən mən bədbaxt, Bakının iyverən, nəşəçəkənlərlə dolu Sovetski küçəsini nəzərdə tutsam da belə, sinifdəkilərin hamısı başqa fikirlərə düşürlər: Həmid, sövet hökumətinimi söyür... özü də indi, Oktyabr inqilabının 50 illiyində? Ay həmşəri, ay iranlı...başına iş açdın sən.


-Adə, həmşəri xuliqanı, əngivi dağıdaram sənin!-Məliyin gözləri alışır.

-Bas bayıra, "Sovetski" xuliqanı. Mən özümütanıyan cayılam, var- yoxunu dağıdaram. Atan gəlsin, qardaşın...xeyri yoxdur...beynivi partladacam, mələdəcəm sən Məə..liyi...

Bəli...bəli! Mən, Məliyi mələtmək, onu Məəə..liyə çevirmək arzusu ilə bu əclafa bir-iki yumruq guplayıram. O, geri qanrılıb, pişik kimi üstümə atılarkən, cəld kənara çəkilirəm. Məlik tarappıltıynan yerə dəydiyi zaman, mən artıq onun sinəsi üstə oturmuşam, yumruğu yumruq dalısıncan ilişdirirəm onun sarımtıl sifətinə. Hay həşir Aləmi bürüyüb. Sinif əlaçımız Təranə Xudatova üzünü ovucları arasına alaraq hönkür-hönkür ağlayır. Divarları bəzəyən dahi inqilabçıların şəkilləri yerindən oynayır, sağa-sola əyilir.

Mərəkədir, mərəkə.

"Həmşəri xuliqanı, sovetski dəyyusu" - söyüşlər, ittihamlar bu mövzu ətrafında hərləndiyindən, Kübra ilə Müşərrəf əməlli başlı çaşıblar. Qorxudan bizi ayıra da bilmirlər. Ən çox əsəbiləşən, yuxarı başdan asılmış Leninin gənclik şəklidir. Orda, Volqa çayı sahilində öz sifətini küləyə verən Volodya Ulyanov qardaşı Aleksandrın ölüm xəbərini eşitdikdən sonra terrora, zorakılığa "yox" deməyə hazırlaşır. Üzünə vuran küləyi də, bizi də həmin zorakılığın tərkib hissəsi bilir.
Bilsin də...
Tənəffüs zəngi çalınarkən Məliyin üz-gözü, ağzı-burnu artıq al qan içindədir. Onun peyvəndini Kübradan əvvəl mən vurdum. Mən. Qalib baxışlarla hamını nəzərdən keçirirəm. Təranənin rəngi-rufu ağarıb, yazıq qızcığaz hürkə-hürkə bir mənə baxır, bir pəncərədən görünən Baksovet binasına. Sonra sinif rəhbərimizə. Mən də baxışlarımı ona tərəf çevirirəm.
-Sabah dərsə atanla gələrsən. Sən antisovet söhbətlər edirsən. Məliyi "sovetski xuliqanı" adlandırmağa sənin nə ixtiyarın var? İndi baxarıq, mən məktəb direktoruna şikayət ərizəsi yazacam. O vaxt baxarıq, kim mələyəcək, kim "məəəə...lik" olacaq.
Havada uçuşan qara milçəklərin vızıltısı artdığından hiss edirəm ki, araya sükut çöküb, özü də heç kim, heç keim onu pozmaq iqtidarında deyil.
-Get. Çıx dəhlizə. Kübra xanım peyvəndi sənə orda vuracaq.
Bərkdən qışqırıram:
-Mən antisovet söhbətlər eləməmişəm. Eləməmişəm!
-Sabah baxarıq sənin işinə. Sabah! Özün yox, atan lazımdı mənə. Atan!
Bircə...bircə hadisə məni qara fikirlərin dəhşətindən ayırır-sağ çiynim üzərində Kübranın isti ovcunu hiss etməyim. Sinif qapımızı açıb dəhlizə çıxanacan, ayaqlarımı hiss eləmirəm, dünya başıma fırlanır. Daynmır ki, dayanmır. Dəhlizə ki çıxdım, pilləkanlarla aşağı -yuxarı qalxıb-enənlərin səs-küyü, bunun rəngarəng musiqisi məni öz bağrına basır . Sonra itələyir - çox...çoox uzaqlara. Lermantov küçəsindəki evimizə.
Evimizə...evimizə...

LONDON

London üzərində çaxan ildırımların ani parıltıları, nə qədər ağappaq olsa da, onlar zülmətin bağrını yarıb bu nəhəng şəhəri öz nuruna qərq edə bilmir. Qaranlığa diqqətlə baxsan, qarşıda qoşa-qoşa, hündür sütunların ağardığını görərsən. Sütunların üstü ilə, yanları dəmir məhəccərlə tutulmuş London-Mançester dəmir yolu uzanır. Son qatarın burdan sürətlə, dayanmadan keçməyinə hələ xeyli var. Professor Riçard Adamson öz tələbəsi Elizabet Kinqlə söhbətləşə-söhbətləşə, bütün bu mənzərələri arxada buraxaraq, yüzlərlə pəncərəsinin tək-tük işığı gələn nəhəng yaşayış binası önündə ayaq saxlamır, zülmətin düz içinə doğru addımlayır. Onlar gah birbirlərinə toxunub, gah aralanırlar, nəhayət, öz kölgələrini birləşdirib, yol kənarını gizləyən ağaclığın içində gözdən itirlər. Ordan xışıltı-pıçıltı eşidilir. Hiss olunur ki, bu iki nəfər özlərinə rahat bir oturacaq tapıb orda öz yerlərini isidirlər.
Göydə daha ildırım çaxmır, hava sakitləşib.
-Liz, deyirlər ki, siz veqetariansınız. Bəs niyə işlədiyiniz elmi araşdırma mərkəzində, siz də daxil, hamı birbirinin ətini yeyir?
-Riçi, öyrənib tədqiq etdiyimiz ölü Azəri diliylə əlaqədar fikir ayrıntılarımız var.
-Yaxşı, Liz, gəlin elə bu barədə danışaq. Dava-dalaşlarınız məni lap bezdirib. Görəsən, indi Londonda bir-iki Azərbaycanlı tapmaq mümkündürmü? Yüz il öncə onların burda icmaları, səfirlikləri də olub. Ancaq ayrıca bir qəbiristanlıqları yoxdur. Olsa idi biz ora gedər, məzarları bir-bir gözdən keçirər, üzərlərinə son dəfə nə vaxt gül-çiçək qoyulduğunu aydınlaşdırıb dəqiq bilərdik: burda Azərbaycanlılar var, ya yox.
Elizabet başını çiyinləri arasında gizlədib Riçini tam unutdu. Özünün təktənha qaldığına inandı. Uzaqdan Kembricə gedən sürət qatarının səsi eşidilir-az sonra o buralardan ötüb keçəcək. Əgər indi, Elizabet öz təkliyini duyub yalqızlığa qapılmasaydı, o, bu qatarın uzaqlarda səslənən uğultusunu yəqin ki...yəqin ki, eşitməzdi. Bu gənc qadın tam yalqız olduğunu dünənki cəncəl hadisələrdən sonra dərk edib: saathesabı işlədiyi "Olimpus" nəşriyyatı növbəti dəfə dünya xəritəsini çap edərkən bağışlanmaz xətaya yol verib, Sudan ölkəsinin adını səhvən Sultan yazıb... İclas çağırılıb, nəşriyyatın direktoru Konrad Kerrinin əmri ilə Elizabet Kinqə şiddətli töhmət verilib.
-Darıxmayın, Liz, biz Şərq deyərkən gözlərimiz önünə həmişə padşahları, sultanları gətiririk. Gec- tez bu aldadıcı təsəvvürümüz bir xəta şəklində üzə çıxmalıydı,-canına üşütmə gələn professor Adamson sol qolunu Elizabetin çiyni üzərinə aşıraraq onu özünə sarı çəkdi, söhbəti cinsi münasibətlər zəmininə gətirmək istədi.
-Həimd Herisçi öz qəhrəmanı Anaxanımın dilindən belə bir ifadə işlədib "ərim əfəldi, divara mıx vura bilmir". Liz, ha düşünürəm, müəllif bununla nə demək istəyib, anlamıram.
Gözlərini Riçidən gizləməyən Liz qamətini dikəldib uzaqdan görünən neftayırma karxanasına sarı baxdı. Onun borusundan çıxan alovu da sanki bu söhbətin iştirakçısına çevirmək istədi.
-Həmin cümləni freydistcəsinə yozmaq gərək, Riçi. Mən belə suallara çoxdan hazıram, Bakliskulda oxuduğum günlərdən. Bax burda mən səhv buraxmayacam, Sudanın adını Sultan yazmayacam. Bu ifadə ilə azərbaycan qadınları öz ərlərinin cinsi zəifliyini aləmə faş edirmişlər. Özlərini soyuq divar, ömür-gün yoldaşlarını mismar şəklində görürmüşlər. Son nəticədə belə çıxır ki...
Gecədir. Kimsəsiz, gəliş-gedişsiz Koven qarden küçəsi əvvəlkindən çox geniş görünür, şəhərin hisi-pası çəkilib. Sağ tərəfdən burularaq bu küçəyə girən rollsroysun sürücüsü qırmızı işığı görüb dayanır. Riçi ilə Liz rollsroysun içindən ətrafa sızan caz musiqisini eşidib susurlar. Bu mənzərəyə kənardan baxana elə gələr ki, rollsroys öz sərnişinlərini yox, elə bu musiqini uzaq ünvana doğru aparır. Canında alov, saçlarında Riçinin nəvazişlərini hiss edən Liz sözünün ardını gətirir:
-Belə çıxır ki, ən namuslu Bakı qadınlarının da dili dinc durmurmuş. Həqiqəti min bir hoqqayla aləmə yayırmışlar. Özünüz bilirsiniz, bütün məcazi cümlələrin son ünvanı sadə insan yox, Allahın özüdür. Qısası... Anaxanım, Kubra, Müşərrəf pozğun qadınlarmış. Azərbaycanca bir ifadə varmış "Allah bilir". Onların Allahı məhz bu sirrlərə agahmış...
-Bəs bu cümlə haqda nə deyərdiniz, Liz: "İndi, divara qonub oturmuş bu ağcaqanad dünən gecə atamla anamın qanını sorub yazıqların yuxusuna haram qatıb. Atamla anamın, Təbrizlə Bakının qanı, bircə bax bu həşəratın qanında qatışıb birbirinə. Həşərat aləmində o mənim doğma qardaşımdı, deyəsən".
Küçə işıqlarının gümüşü işartıları Elizabeti vecinə almadan, sol tərəfdəki zibil qutusunu, onun üzərinə həkk edilmiş "pepsi-kola" yazısını ağ-appaq nura qərq edir. Zibil qutusundakı tullantılar da elə həmin şirkətin istehsalı olan bom-boş icki şüşələridi. Bu fani həyatda nəyin, kimlərin zibilə çevrilmək qorxusu azdı?-yalnız zibil qutularının. Onların yaratdığı bu nadir imkandan hələ ki, yalnız böyük şirkətlər faydalanır, öz gurultulu adlarını ora həkk edir, bunun sayəsində zibilə çevrilmək qorxusundan canlarını qurtarırlar. Azərbaycanlılar bunu dərk etmədilər . Zibil qutuları üzərinə öz şirkətlərinin, ulu şəxsiyyətlərinin adlarını yazmadılar. Nəticədə, uduzdular, itib getdilər.
Mən istərdim ki, Elizabet indi, bax bunu dilinə gətirsin. O isə başqa mövzulardan, yazıçı Həmid Herisçinin uşaqlıqda başına gələn əhvalatlardan söz açır:
- Hər bir insanın, Riçi, heyvanat, həşərat aləmində öz doğma qardaşı var. Var,-bunu deyərkən Elizabetin gözləri parıldadı,-onu qurban kəsməsək, həmin aləmlərin cazibə gücündən canımızı qurtara bilmərik. Həmid Herisçi həmin o ağcaqanadın simasında öz heyvani tərəfini, qardaşlığını taparaq onu qurban kəsib, həşərat xislətindən canını xilas edib. Bəlkə...
Riçi öz aləmindədir, deyilənləri dinləmir, cibindən yaylığını çıxarıb eynəyinin şüşələrini silir. Uzaq işıqların işartısını oynadan bu şüşələrə bir sağdan baxır, bir soldan. Belə davam edərsə, bir-iki dəqiqədən sonra o, duyğulanıb milad nəğmələrini dodaqaltı zümzümə edəcək. Elizabet nitqini yarımçıq kəsib acıqlı-acıqlı Riçnin xoşbəxt sifətinə baxır. Bu hirsli baxışları gec görüb fərq edən professor diksinib çaşır, "davam edin, inciməyin, Liz" sözlərilə Elizabeti qucaqlayıb bağrına basır.Gənc qadın başını bulayıb-professorun kobud nəvazişləri buna mane olur-sözünün ardını gətirir.
- Hansı heyvanları biz qurban kəsirik?-ruhumuza, məğzimizə yaxın olanları. Kiçik misal: rəhmətlik azərbaycanlıların qurbanlığı qoyun-quzudan ibarət olub, demək, bu bədbaxtlar həmişə həmin heyvani xislətlərindən uzaqlaşmaq istəyirmişlər,- Elizabet dodaqlarını Riçinin alovlu öpüşlərinə təslim etdiyindən araya sükut çökür. London-Mançestr qatarı cəhənnəm haray-həşiriylə buralardan ötüb keçənəcən həmin sükut davam edir... davam edir... Qatarın uğultusu uzaqlarda itib qeybə çəkilincə ətrafı bürümüş qatı zülmətin düz ortasından Riçinin gecikmiş cavabı eşidilir:
-Azərbaycanlılarla ingilislərə bir gözlə baxmaq işində siz ifrata varmısınız, Liz. Gecə gəzintilərimizə biz köpəklərimizlə, onlar isə kədərlərilə çıxıblar. Bu bir, - Riçi, böyük şirkətlərin gəlir-çıxarını edən qocaman baş mühasib ədasıyla çeçələ barmağını ovcunun içinə qatladı,- İkincisi, Anaxanımın sandıqçasında mən Ayətolla Həmədaninin risaləsini gördüm. Onun 365-ci səhifəsində heyvanları zorlayan insana verilən cəzadan söz açılır. Məzəli fikirlər var orda,- Riçi öskürüb səsini azca yüksəltdi,- sən demə, şiri zorlamış adama mollalar 100 zopa cəzası təyin edirmişlər. Bir məmləkətin ki, yırtıcıları öz intiqamını mollalara həvalə edib... - professor çiyinlərini dartıb əlavə etdi - nə bilim, Liz, yaxşısı budur, yazıçı Həmid Herisçinin anası öldüyü gün yazdığı məktubu oxuyum sənə, qoy işığa tərəf əyilim... onu bil ki, azərbaycanlılar heç vaxt öz əclaflıqlarına axıracan sədaqətli qalammırdılar, ömürlərinin axırında hökmən dönüb mömün olur, başlayırdılar namaz qılmağa. Bakı kəndlərində qızmar günəşdən qaçıb daldalanmağa bir kölgə-mölgə belə yoxmuş-varsa da, kənd lotuları oralarda öz ciquli, volqalarını saxlayırdılar. Özü də çox vaxt sürmürdülər e onları, eləcə arabalarına söykənib gəlib-gedən qız-gəlinə göz qoyurdular... Hə, məktubu tapdım. Diqqət elə. Çox maraqlıdır,-professor səsini dəyişib diqqətini cəmləməyə çalışdı:
"Tüpürüm bu həyatın kirli-pasaqlı, eybəcər sifətinə - anam rəhmətə gedən gün mətbəxə su gəlmirdi. Yataqda zarıldıyan anamın ayaqlarına, qarnına isə su gəlmişdi. Yazıq arvad elə bunun badına getdi. Hamamdakı, mətbəxdəki su lüləyini sağa-sola hərləyib açdım - əcayib səslər gəlirdi ordan, bir an aldanıb elə bildim ki, qalstuklu kənd şairlərinin vətən haqda dediklərini eşidirəm. Tüpürüm bu həyatın zatına, nüvəsinə - mətbəxə su gəlmir, xəstə anamın ayaqlarına, qarnına isə su gəlib...
Suyu başqa... tamam başqa yerə gəlir bu həyatın.
başqa, baş-qa, b-a-ş-q-a, b-a-ş-q-a-a-a-a-a-a-a...
Həkimin əynindəki ağ xalat gözümün qabağındaca kirləndi. Yazıq arvadın damarlarını tapmaqda çətinlik çəkən həkim baxışlarını mənə zilləmişdi. Məhəlləmizin nəşəçəkəni, iynəvuranı Qara Kamran yaxşı ki, yanımdaydı - anamın damarlarına iynəni həmin morfinist vurdu, axır ki, savab yiyəsi oldu, nəhayət ki, haqq qazandırdı özünün şər əməllərinə. Son nəfəsini yaşayan anama o nə desə yaxşıdı, hə?- "Tamilla xala, həmişə iynəvuran morfinistləri lənətləyirdiniz, ən çox da məni. Gördüüüz, axır macalda sizə də morfi vurdular. Bizim aləmə xoş gəldüüüz".
Sən də ora pənah apardın, Tamila Mahmud qızı Axundova....
Sabunçu vağzalında, sıralanmış qəssab dükanlarının dalında, anamı xatırlaya-xatırlaya, şair Murad Köhnəqala ilə üzbəüz oturub araq içdim. Vallah, indiki Bakı araqları o qədər geydirmədir ki, onu bədənə vuranlar bir zərrə belə dəyişmir, yenə də öz əclaflığında qalır. Lap axırda, sonuncu qədəhi aşıranda dəm olduq, bir vaxt ayılıb gördük ki, süpürgəçi qadın Fatmanisə xala bizi öz qara xəkəndazına süpürür. Başım ayılınca Murada dedim: "bu gündən sonra yalnız sənlə...təkcə sənlə araq içəcəm". Köhnəqala gözlərini azca qıyıb təklifimi bəyəndi. Əvvəl imam sifəti gətirdi, sonra dönüb oldu Yezid. Başladı söz güləşdirməyə. Sağımızdakı Daxili İşlər Nazirliyinin nəhəng binası birgə içmək arzumuzu sanki qiyamət gününədək qorumaq istəyirdi, sanki yalnız buna görə mövcud idi. Soldakı Mərkəzi Şəhər Univermağı isə, bu istəyi hər an dəyər- dəyməzinə satmaq arzusundaydı...Deyirəm..."
Professorun nitqi kəsildi - "sonrakı üç-dörd cümləni oxumaq olmur, həriflər qarışıqdı. Məktubun axırı isə aydın xətlə qələmə alınıb" - Riçi, məktubun sonrasını imla deyən müəllim tərziylə vurğuları qabarda-qabarda oxumaqda davam etdi:
"Dəfn günü gözlərimə bir anlıq yuxu gəldi. Gördüm ki, Hüsü Hacıyev küçəsindəki "Kleopatra" palpaltar dükanı qarşısında dayanıb onun şüşəbənd vitrinlərinə zillənmişəm. Hər bir azərbaycanlının lümlüt manekenini orda görmək mümkün idi. Hamısı geyməyə paltar axtarırdı, özü də, məhz xarici pal-paltar. Xarici! Anam bu manekenlərin arasından başını çıxarıb deyirdi: "İndi biz sahibi olduğumuz dükanlara yadelli adlar qoyuruq, lap axırda öz doğma balalarımıza da özgə isimlər verəcəyik. O vaxt qiyamət günü yaxınlaşacaq, bala".
Türkiyədə işləyən qardaşım dəfn mərasiminə özünü çatdırsın deyə, anamın meyidini bir gün saxlamalı olduq. Meyidə xüsusi iynələr vurmaq lazım idi - bunu can-başla edən rus qadını Lidiya Pavlovnanı anamın sonuncu rəfiqəsinə bənzətdim".
Riçi yorğun gözlərini məktubdan ayırıb Elizabetə sarı zillədi, - bu sözlərə xüsusi fikir verin, çox maraqlıdır:
"Dəfn vaxtı lap pərt oldum. Əl telefonumun zəngi "Vağzalı" havasını çalır. Tabut çiynimdəykən mənə zəng gəldi, həmin "Vağzalı" gəlin musiqisi səsləndi. Şaşırdım. Neyçünsə güldüm. Elə güldüm ki, axırda çiynimdəki tabutu da hoppandırdım. Yazıq anamın taxma dişlərini tabuta qoymağı unutmuşdum. Rəhmətlik də beləydi - yola ki çıxdı, taxma dişlərini unudub evdə qoyardı.
Dəfn günü Allaha yalvarmaqdansa, qəbiristanlığa gedərkən yolumuzu kəsmiş QAİ işçisinə yalvarmalı olduq. Nə isə...Həmin gün bir şer yazmaq istədim, yazmadım amma, düşündüm eləcə. Hiss etdim ki, bu, şerə daha çox bənzəyir... yazmayanda onu... "Azərbaycan, yaşıl yaxalıqlı qara badımcan, anamın bişirdiyi yağlı fisncan, Liza Seyidcahan, Seymur Baycan" - şer bu qafiyələrlə yazılmalıydı. Bu qafiyəli şerlə bəzənən mən ölkənin ən gözəl qızını sevəcəkdim, Şuşa qalasını alıb oranın ayaqyoluna girəcək, on ildən sonra oranı batıran ilk azərbaycanlı olacaqdım. İnanmırsınız?! Vallah, Şükür Paşazadənin köməyinə yetib itkin aftafanı Şuşaya qaytaracaqdım! Bu şeri Yazarlar Birliyinin müqəddəs kürsüsündən oxuyacaqdım! Bu şeri Xəzərin qızmar qumları üstünə cızacaqdım! Mən o da qumlar kimi qızacaq, qızacaqdım... göz yaşlarımda, qara sevdalı könlümün yağmurlarında! Bakının Təzə Bazarını dünyanın ən köhnə bazarı kimi qavrayacaqdım, anlayacaqdım ki, biz ölən kimi yad millətlərin əlinə düşürük, meyitxanalarda ruslar işləyir, məscid mürdəşirxanalarında talışlar... Qamışlar, qamışlar... Tanışlar, tanışlar... Sonra isə alqışlar, alqışlar... curultulu alqışlar...xırıltılı alqışlar...".

Araya sükut çökdü. Az sonra Elizabet dilləndi, - Qəmli məktubdur, eləmi, Riçi? "QAİ işçisi,aftafa" kəlmələrini anlamadım. Bu sözlərin mənası nədir görəsən?
- Məncə, birincisi nəsə şər qüvvələri ifadə edir. Bildiyimcə, onlardan canını qurtarmış har hansı bir azərbaycanlı özünü cəhənnəmdən qurtulmuş sayırmış. "Aftafa"sözü ətrafında dartşmalar hələ də davam edir... Siz nahaq yerə ölü Azərbaycan dili ilə maraqlanırsınız. Axı dünyada daha maraqlı ölü dillər var. Məsələn, ləzgi, moltanı, ən yaxşısı isə talış dili . Öyrənin onu. Qurtardı getdi. Daha uğurlu nəticələrə gələrsiniz.
Professor əsnəyib barmaqlarını şıqqıldatdı. Zarafatı kənara qoyub elmi mülahizələrə keçdi:
-Azərbaycanlılar yalnız diaxron düşüncəyə malik idilər, sinxron düşüncə tərzi onlarda yox dərəcəsindəydi. ArnoldToynbinin nəzəriyyəsinə görə, müxtəlif tarixi hadisələr arasındakı sinxron əlaqələri bilmədən dünyanın sirrinə agah olmaq mümkün deyil. Əgər azərbaycanlılar sinxron düşünsəydilər, 1917-ci il Rusiyasında baş vermiş Kornilov qiyamı ilə, 1993-cü ildə Gəncədə baş vermiş Surət Hüseynov qiyamı arasında əlaqəni gözdən qaçırmazdılar. Oxşarlıqlar göz qabağındadır. Hər iki ölkədə müharibə vaxtı inqilab baş verib, cəbhədəki başıpozuq bir general ordusunu mərkəzi hökumətə qarşı yönəldib... Sinxron düşünmək lazımdır, Liz, sinxron!
Riçi meşin çantasından al-əlvan Pepsi-Kola şüşəsini çıxardaraq qapağını burub açdı. Şüşədən gələn fışıltı ilə Riçinin son sözləri birbirinə qarışdı::
-Yadınızda saxlayın, bu içkinin ömrü Azərbaycan xalqının ömründən uzun oldu, - Pepsi-Koladan bir qurtum alan Riçi çox mutlu görünürdü. Elizabeti bağrına basarkən onun mutluluğu daha da artdı. İpək qadın paltarının xışıltısı ağcaqayın yarpaqlarının səsinə qarışıb London gecəsinin elə bir musiqisinə çevrildi ki, onu duymaq üçün ən azı gərək musiqiçi olaydın... Özü də Azərbaycan musiqisi ilə zövqünü korlamamış bir musiqiçi... Ağacların arasından Riçinin son sözləri eşidildi:
-Liz, Həmid Herisçini İran casusluğunda ilk dəfə ittiham edəndə o hələ lap uşağıydı...

İran casusu

Bu gün külək yenə güclənib. Mən biləni, adına "xəzri" deyilən əbədi Bakı küləyinin bircə...bircə arzusu - istəyi var: özünü, - bəlkə, ancaq öz gizli, xəlvət umudlarını, - şəhərin kos-kocaman qara daşlarına çırpmaq. Köhnə pəncərələrin sınıq-mınıq şüşələri, - gərək onları dəyişəydilər, - silkələndikcə silkələnir. Oradan doğan əsəbi səslər, evdə oturub "Ögey ana" filminin axır dəqiqələrinə baxanların ah-ufuna qohum çıxır sanki... Ermənilərin "Proqress" dükanı səmtdəki küçə işıqları sağa-sola cansız işartılarını saçır, üzü xəzriyə doğru qorxa-qorxa irəliləyən məmmədlərin, hüseynlərin, surenlərin xəstə, yornuq vücudunu, qaraltısını dirildib canlandırmır. Sarılıq xəstəliyi keçirən bu qorxaq işıqlar, adamların ancaq kədərini, qədərini işıqlandırır, arzularını yox. Özü də məhz buna görə bizlər hər ay işıq idarəsinə, JEK-lərə pul-para ödəyirik, cibimizdə heç nə qalmır, siçan oynayır cibimizdə, si-çan!... Necə ki, indi Ağa Nemətulla küçəsindəki zibillikdən bığlı-mığlı bir siçan çıxdı, sağ-solunu güdə-güdə gedib girdi "Ağ çiçəyim" adlı gül dükanına. Küçədəki bu qədər adamın içindən yalnız məni, - niyə məhz məni?, - öz oğurluğuna şahid seçdi!!!

Niyə? Nə səbəbə?
Üç gündən bəri oyan-bu yana əyilməkdən təngə gəlmiş, cana doymuş dimdik qovaq ağacları, zəif-sısqa qol-budaqlarını al-əlvan reklam lövhələrinə çırpır. çırpır, çırpır, çırpır, axırda bezir. Üstü bir barmaq toz bağlamış, - sənin barmaqların incə olar, APİ müəllimi, qonşumuz Rafiq kişinin totuş barmaqlarını nəzərdə tuturam, - reklam lövhələrinin biri üzərinə "Leninlə irəli!" şüarı həkk olunub. Külək güclənir, damağımdakı "Kazbek"in boz külünü "Neftçilər" xiyabanındakı "İnturist" mehmanxanasına qədər alıb aparır. "İnturist"in gen şüşə qapılarını bəzəyən rus, belorus, tacik, türkmən, Kuba, Polşa milli bayraqları dəli küləyimizə tabe olsa da, bu yalançı, gözaldadıcı, geydirmə bir mənzərə, görüntüdür ki, sən gəl inanma, inanma ona. Məktəb günlərimin dostu Elxan demiş: "yüz faiz, fıs faiz"
Bu küləkli qərib axşamının alaqaranlığında, pəncərədən eşiyə boylanarkən, gördüm budur, araya həmişə vay-şivən salan qonşu Anaxanım xala topuqlarını döyən uzun donunun ətəyini bir əlində büküb bürmələyərək, Lermontov küçəsindəki köhnə evimizin taxta pilləkanları ilə yuxarı, ikinci mərtəbəyə, bizim mənzilə tərəf qalxır. "Çıxın bayıra, İran casusları! Açın qapını, açın!" - bu qışqırıqları tək mən yox, künc-bucaqda tir-tir əsən, ana südündən yanıq yetimcə pişik balaları da eşidir, diksinən kimi olurlar. Deyirəm ki, belə vaxtlarda pişik balalarını götürüb tumarlamağın ayrıca ləzzəti, ayrıca mənası var...

Ortasında su kranı, girəcəyində zibil qutuları, bir küncündə quş damı olan balaca həyətimizdə it yiyəsini tanımır. Saçları qayçılanmış,boğazları armud saplağı kimi nəzilib uzanmış məhlə ceyilləri arasında bircə şair Vaqif Nəsibin arıq vücudu çatışmır. Onun sifətinə diqqətlə baxarsansa, orda bütün bayramların yaşanıldığını, bütün havaların oxunulduğunu, bütün yolların qısaldığını apaydın görərsən. O, köhnə qonşularımızdandı, heyif indi evdə deyil. Vaqif olan yerdə kimin ağzı nədi bizi söyüb abırdan salsın,qapımızı təpiklə açıb içəri soxulsun,qaraçılıq eləyib bütün qonum-qonşunu yığsın bizim evin astanasına. Həə, Anaxanımın əlinə yaxşı girəvə düşüb... Rəhmətlik əri Zeynalın goruna and verə-verə onun qəbrini duz yalağına çevirmiş bu həyasız qoca qancıq səsini başına atıb bizim haqda ağzına gələni danışır. Qonşular sərçə yağışına dönüb həyətə tökülüşüblər. Qolsuz ağ maykası üstən qara pencəyini geymiş Lotu Ağayar araya girib camaatı sakitləşdirmək istəyir. Qapıya çıxmış atam Anaxanımın dediklərini kar qaya parçası kimi udur, ağzından bir söz belə çıxarmır. Sifətində canlanan nəcib bir təbəssüm onun daxili aləminin bu dünyadakı yeganə... yeganə elçisidi.

-İtin qızı olaram əgər bu işin axırına getməsəm. Qafar kişi,gör oğlun nə qələt qaynadıb,oğlumu döyüb əzişdirib,qana qəltan eləyib.Üstəlik hələ ona "sovetski xuliqanı" söyüşü verib. Hökumətə ərizə yazıb şikayət eləmişəm.Siz antisovet söhbətlər aparırsız,-Anaxanım səsindəki boğuq qəzəbi çox da gizləyə bilmədi,axırda var gücüylə bağırdı:
-Sizi tutdurmasam atamın qızı deyiləm!
-Nə danışırsan Anaxanım, göydəki Allahdan qorx.Buna deyərlər divara kəllə atmaq,-atam sözünü yarımçıq kəsib,bəridəki kor divara zilləndi.Nəmişlikdən malası "qarın" çıxarmış bu divar üzərində diqqətini bir yerə cəmləyib, ucadan qışqırdı:
-Qoca arvadsan,bax bu kor gözlərinlə görübsən ki, hökumət əvvəl Çəmbərəkənd qəbirsanlığını necə sökdü, sonra Çəmbərəkəndin özünü... Qısa-kəsə danış... nə istəyirsən mənim balamdan?
Ara sakitlşdi. Hamı susdu. Külək bayaqdan əssə də, Oktyabr bayramı ərəfəsində bütün ağaclara, qapılara sancılmış qırmızı sovet bayrağları tam hərəkətsizdi-elə bil külək onlardan yan ötür. Qapımızı bəzəyən poçt qutusundan "Pravda" qəzetinin ucu ağarır. Söhbəti bitmiş sayan atam onu qutudan çıxarmaq istərkən, Anaxanım əl qatır özünə, üz-gözünü cırmaqlayaraq var gücüylə bağırır:
-Dünyanı uçuracam başınıza! İran cəsusları! Şpionlar! Belə oldu, həə? Sənin balan şərdi, şeytandı, bunu birdəfəlik bil... Gozümlə gormüşəm... Ali Sovetin Çəmbərəkətdəki təzə binasının bünövrəsi qazılarkən ordan ölü sümükləri, insan kəllələri çıxmışdı... Bax bu həmşəri balası, Qafarın oğlu, həmin sür-sümüklərlə oynayır! Gözümlə görmüşəm!
Bu dəfə qoca köpək doğru söz danışır. Mən həqiqətən, Ali Sovetin Çəmbərəkətdəki təzə binasının bünövrəsindən çıxan sür-sümüklərlə oynamışam... Həmin binaya sonralar çox girib-çıxmışam, onun millət vəkilləriylə söhbətləşdiyim vaxtlar həmişə... həmişə o qədim sür-sümükləri, vahiməli insan kəllələrini yada salıb,aradakı fərqləri, oxşarlıqları dərk etməyə can atmışam. O zaman dərk etmişəm bir həqiqəti: Bakını həmişə döyən xəzri küləyi,böyrümüzdəki Xəzər dənizi, ölülər... dirilər... - əslinə qalarsa,eyni bir vahid varlıqdı... eyni... eyni...
Məhləmizin bığıburma lotusu Ağayarı heç belə bilməzdim... qorxaqsifətin biriymiş ki... Mat-məəttəl durub Anaxanımın sifətinə baxır, cınqırını belə çıxarmır. Qəribə adamdı-əsgərlik vaxtı çəkdirdiyi ilk şəklindəki ciddi baxışlarını indiyədək qoruyub saxlayıb. Bundan ötrü nə desən edər. İş bizə gələndə isə susur, başını aşağı sallayıb qət-təzə çəkmələrinin dabanlarını diqqətlə gözdən keçirir, istəyir bilsin çoxmu yeyilib onlarn altı. Atam deyəndə ki "Ağayar, bir gün vaxt elə gedək oğlumun məktəbinə,görək Anaxanım direktora necə şikayət ərizəsi yazıb",məhləmizin bu şux lotusu molladili saz bir cavab qaytarır atamın ünvanına:
-Qafar ağa, belə et ki,ora getməyimiz cümə axşamlarına düşməsin. Həmin günnəri məclislərim var mənim.
Belədi dəə Ağayar-heç kim ona indiyəcən arağ aldıra bilməyib. Dodaqları altda çəm-xəm eləyə-eləyə xərcə düşməkdən qaçacaq. Deyilənə görə bir gün Zavağzalnının erməni lotuları Ağayara soz atıblar : "Ara, təzə yığdırdığın "moskviç" lap vağzal qəhbələrinə oxşayır-təkərləri arvad baldırları kimi gen,götü dimdik"... Bu zarafata görə araya qan düşüb,üç-dörd erməni yaralanıb.Bizim indiki xahişimizi isə Ağayar qətiyyən vecinə almır, qara pencəyinin ciblərində tum axtara-axtara yellənir Baksovetə tərəf. Kimsə astaca pıçıldayır: "Adə, Ağayar, tini dönərkən çiynindəki qırmızı işığını yandırmağı unutma...".
Atam fikrə gedib, danışmır, susur.-Yaxşı,sabah məktəb direktorunun qəbuluna gedəcəm. Görüm orda nə baş verib, Anaxanım,- bayaqki sükutun bir başqa cür davamı, təkrarıydı eşitdiyim bu sözlər. Qonşularımızın biri səriştəsiz bir tövrlə siqaretini yandırmağa çalışdı. Alışan kibrit çöpünün işığında gördüyüm insan atama çox da bənzəmirdi. Yad ifadələr vardı atamın sir-sifətində.
Nəyi xatırlayırdı o?Nəyi?

* * *

Nəyi xatırlayır atam? 1951-ci ili,al bayraqlı Moskvada keçirilən beynəlxalq kommunist hərəkəti iştiraçılarının növbəti iclasını. İran,yunan inqilabçılarıyla görüşdən sonra Stalin təklif edib ki,aranızdan beş-on nümayəndə seçin,fəxri qonaqlarım olaraq bir gecəni iş otağımda qalsınlar. Nümayəndələrin biri atam Qafar Kəndlidir. Qonaqlar qorxu-həyəcandan yataqlarına uzanıb yuxuya getmirlər,ayaqyoluna da çıxmırlar...Stalinin unitazını görmək qorxusu hamını çaşdırıb. Lakin səhərəcən dözmək də çətindi. Çətin. Atam məncə getmişdi ora. Getmişdi.
İndi, məktəb direktorumuz İbrahim Qaramollayevin xallı sifətinə baxarkən, atam həmin ayaqyolunun dibsiz deşiyini xatırlayır bəlkə də. Bəlkə də.Yazı masasının üstü ləçəkləri soluxmuş çiçək dəstələri ilə bəzədilib-yeni dərs ilinə başlamış şagirdlərin bu hədiyyələrinə baxan atam yavaş-yavaş öz yorğun baxışlarını mənə tərəf gətirir. Bu baxışlar cavab gözləyir.Təzəcə yağlanmış taxta döşəmənin üstündə addımlarımı qorxa-qorxa atıram.Lakin kimsədən kömək gözləmirəm. Hətta doğma atamdan.İndi sürüşüb yıxılsam,kim birinci mənə sarı yüyürəcək,zəif vicudumu hələ havadaykən qapıb sevgi dolu baxışlarla üzümə gülümsəyəcək? Kim?
Məktəb direktorumuz yenə da dəmdir,o özünü bir gün olsun belə islaqda saxlamır-içib işə gəlmək bu gün də deyəsən ona lap ləzzət verib. Dəm olsa da,yazı masası arxasında əyləşib məqalə yazır- "Kommunist" qəzeti üçün Naxçıvan MR-nın 50 illiyinə həsr edilmiş ayrıca səhifəni çapa hazırlayır.Nəsə iş düyünə düşub,kişi lap əsəbləşib.Bir yandan da ki,Anaxanımn mənə qarşı yazdığı şikayət məktubu bu yaşlı qocanı tam məyus edib.Yazıq nə cavab versin atama? 20-ci illərin əvvəllərində də bu dazbaş kişi belənçik vəziyyətə düşüb-üzvü olduğu "Musavat " firqəsiynən bütün siyasi əlaqələrini kəsib...keçib sovet hökumətiynən cinsi əlaqələrə.
-Oğlunuz barədə yazılı şikayət var. O,gərək buna yazılı şəkildə rədd cavabı yazsın. Desin ki, "sovetski xuliqanı" ifadəsini işlədərkən ölkəmizi deyil,zığlı-palçıqlı Sovetski küçəsini nəzərdə tutub. Dediyimi etsəz, dərdinizə çarə taparam. Ancaq, bala birdə belə qələtlər qaynatma.
Çəkinə-çəkinə cavab verirəm:
-İbrahim müəllim, biz əlifbanı hələki "Q" hərifinə qədər keçmişik...
Direktorumuzun bütün görkəmində, hərəkətlərində həyatdan istədiyinin yüzdə birini belə ala bilməyən insanın hamıdan gizlədilən dilsiz kədərini gördüm. Atamın qulağına qorxa-qorxa nəsə pıçıldayır, cümlə sonluqlarını deyərkən səsini bir pillə yuxarı qaldırırdı. Onun son cümləsi indiyədək yaddaşımdadı :
-Qafar kişi,indi insanlar Allah nədi... dükanda satılan kolbasaya da heç inanmırlar, geydirmə mal sayırlar onları... Kolbasaya da...moskovski kolbasaya da inanmırlar!.. Məhlələrə təzə söhbət mövzuları ayaq açıb: arvadı axırıncı kərə haçan döymüsən?...Gəl indi bundan baş aç.
Mən də çaşmışam. İzahatımı necə qələmə alım? Əlifbanı hələki ancaq "Q" hərifinə qədər keçmişik. Qapının səssiz açılmağından hiss edirəm ki, direktorumuzun sarışın katibəsi indicə içəri daxil olub. Əlində kağız, qələm mənə tərəf gəlir. Necə yazacam bu zəhrimarı? Həyacanlandığımdan başlayıram köynəyimin düymələrini dartıştırmağa. Düymələrimdən biri qopub yerə düşür...
Evimizdə xurma ağacı yarpaqlaraından toxunmuş bir mücrü var. Nənəmin anama verdiyi yeganə cehizdi, Məkkədən, Ərəbistandan gəlib. Nikolay vaxtlarında. Pal-paltarlarımızın düymələri qopanda götürüb atırıq içinə. Bu mücrü yup-yumru, dairəvidi, çərxi-fələyin özüdü ki var.Köynəklərimiz,şal-şalvrlarımız süzülüb yırtılır, itib-gedir...düymələri isə...Düymələri isə ölümsüz haqq zərrəsi kimi qalır...qalır bu ərəbistan mücrüsündə...Xurma ağaclı qumlu səhralarda, ağ dəvələrin,ərəblərin ahatəsində...Fələk yoxluğa yuvarlada bilmir bu haqq zərrələrini...
İndicə yaxamdan qopan bu düymə də gedəcək ...gedəcək həmin mücrünün cənnət vadisinə.
Hamı gözlərini mənə zilləyib. Direktor mənə tərəf boylanarkən qalstukunun ucu stolun üstünə düşür. Əlindəki köhnə çaydana su almaq istəyən katibə qız hərəkətlərini yarıda kəsib diqqətlə məni izləyir. Qələmi əlimə alıram.
"Sinif yoldaşım Məliyə " sovtski xuliqanı" deyərkən mən Sovet hökumətini deyil, Məliyin yaşadığı Sovet küçəsini nəzərdə tutmuşam".
Əlifbanı tam bilmədən bu izihatı yazmaqım hamını çaşbaş edib. "Q" hərifindən sonra həyatda fitnə-fəsadlar varmış, şeytanlar, cinlər mövcud imiş oralarda...
Xalçanın üstüynən mənə sarı gələn katibənin addım səslərini eşitmədiyimdən onu yanımda görüncə azcana diksindim.İzahatımı ona uzadıb otağın bir küncünə çəkilmək istəyirdim ki dəhlizdən son tənəffüsün cingiltili zəng səsi gəldi.Qapını icazəsiz açıb dəhlizə çıxdım. Ora qaranlıqdı deyə, ayağımdakı boz çəkmələrin,çiynimdəki qəhvəyi çantanın rəngini kimsə ayırd edə bilməz. Mən evə gedirəm, evə. hələki özüm də inanmıram buna.

* * *

Professor Riçard Adamson lap əsəbləşmişdi. Damağındakı siqaretini alışdırmadan götürüb yerə atdı. Əsnəyə-əsnəyə danışdığından onun son sözləri kilsədə oxunulan dini nəğmələri xatırlatdı:
-Həmid Herisçinin izihatını yenə də oradan,Anaxanımın sandıqçasındanmı çıxardınız?
Elizabet bu sualın cavabını siqaretini tələsə-tələsə dərin qullablarla sümürüb yarıya çatdırdıqdan sonra verdi:
-Həə...başqa daha nə maraqlandırır səni?
-Bakıda tez-tez işlədilən "novruz bayramı" kəlməsi barədə fikriniz nədir, Liz?
-Məncə, bu kəlmə "nevroz" kəlməsinin eybəcərləşdirilmiş bir şəklidir. Bakı əhli bayram günlərində nevroz keçirirmiş. Əsəb hissi onlarçün elə bayram sevinci kimiymiş.
-Bəs bu kəlməni necə anlayaq- "icra başçısı"?
Elizabet bu sualın cavabını anında verdi, sevinə-sevinə, bu haqda o, ayrıca məqalə yazıb İtaliyadakı elmi dərgilərin birində çap etdirmişdi.
-Bakıda lopabığ kişilərə verilmiş bir addır. Yüz il öncə orda çap olunan bütün qəzetlərdə bığlı kişilərin şəkilləri altda həmin söz yazılıb.
Riçard sağ əlini sarımtıl bığlarına çəkib dilləndi:
-Onda mən də "icra başçısı"yam.
Riçardla Elizabetin hər ikisi oturduqları skamyadan qalxıb susdular. Evə getmək istəməsələr də axırda bununla razılaşıb yoldan ötən taksini saxladılar. Şappıltıynan örtülən qapıların səsindən ləzzət alıb gözlərini yumdular. Qarşıda neçə cür rəngə çalan, ən çox da qara qırmızı boyalarda görünən gecə mənzərələri açılırdı.