Alatoran_header  
Əsərlər > Həmid Herisçi > Nekroloq

İLYAS ƏRNƏFƏS

(romandan parçalar)

X hissənin ardı

3. SEKS + PİR

Baksovetdən o yandakı İçəri şəhərin tağbənd girəcəyi önündə xəzri əsərkən dayanıb durmaq, xəyala dalmaq, siqaret tüstülətmək, meyxana qafiyələmək, sevgili cananla öpüşmək hər adamın işi deyil-oralarda ancaq Sibiri görmüş məhəllə ceyilləri, həmşəri inqilabçıları, urus dilənçiləri dayana bilər, bir də, «rus pulu, dollar!» qışqıran küçə sərrafları, o da ki, ən çoxu bir-iki dəqiqə… Bu boşluqdan girib-çıxan dəli xəzri, İlyas Ərnəfəsə də aman vermədi, onu aşağı sürüklədi - Azneftə tərəf. Qaladibi kütləvi ayaqyolundan ağaclıqlara axan pəşov irmağını adlayan İlyas, özündə azacıq yüngüllük hiss etdi, bayaq içdiyi arağın dumanından da ayılmaq istədi. Vallah, indi təmiz araqdan küpünəcən vursan, səni yolda əyləyib saxlayan QAİ işçiləri də inanmaz ki, ağzın araq qoxuyur. Yazıqlar təmiz arağın qoxusunu çoxdan yadırğayıblar, yalan deyirəmsə, bax bu bərəkətə baxan gözlərim kor olsun, dönüb olum göz həkimi Paşa Qəlbinurun xəstəsi…Başağrısı verən, qaraciyərin qənimi bu saxta Bakı arağından İlyas ayıla bilmirdi-qədim yuxusu hələ ki, çin olmamış İçəri şəhərin özü kimi, İlyas da yuxulu - mürgülüydi, fil yuxusundaydı elə bil. Qala bürclərinə bərpaçıların sonradan hördükləri mışar daşlarını gördükdə, İlyasın qara şanı gözləri diksinən kimi oldu, öz xam xəyallarından ayıldı - bu yamaqlı divarlarda tarixin minillik yuxusu da pozulmuşdu axı. Siqaretiynən gözləri eyni cür sönüb öləziyən İlyas yenə xəyala daldı - o, həmin bərpaçıların birisini , malakan balası Saşanı hələ 80-ci illərdən tanıyırdı, yaxşı yağlı ifadələri vardı çil-çilsifət bu oğlanın: «göydə çalağan, yerdə malakan!»; «Bakılılar indi evlərinə adam buraxmır, elə bil Ben Ladeni, Səddam Hüseyni gizlədiblər orda»; «Srağagünnəri dadlı dolma yedim, xoşhallanıb dedim ki, bu xörəyi bişirənlə günü sabah evlənəcəm. Zarafata salıb söz atdılar mənə: onu manqa başçımız Kəblə Qubad büküb!». O, Razində, ikimərtəbə «amerikanka» evlərində yaşayırdı, «Badkubə» şadlıq evinin sağında - onları 20-ci illərdə Amerika mühəndisləri tikmişdilər, xalq komissarı Kirovun tapşırığıynan. İndi orda nə amerikanlılar qalıb, nə malakanlar - qaçqın yerazlar dağıdıb töküb oraları, indi orda quyruğunu götü arasında gizləyən qorxaq köpəklərdən başqa heç nə yoxdu. Yoxdu! Qabağları, əvvəllər İlyas tez-tez yamyaşıl Razinə yollanar, Saşanın atmaral bacısıynan sevişərdi - o, İlyasla cinsi əlaqədən sonra qaçıb gedərdi öz bədəninin çəkisini ölçməyə, istəyirdi bilsin hər sevişmədən sonra nə qədər arıqlayır. Tərəzi evdəydi, yataq odasında. Arzusuna ki çatdı, o, taxçadakı Kazan qarmonunu götürüb gen sinəsinə sıxar, mahnı oxuyardı, rusca, biri digərindən gözəl. Enlikürək, kürəyi bütöv amerikanlılardan, işlək malakanlardan, çilçil Saşadan indiki Razində təkcə bir boz pişik yadigar qalıb - dinclik bilməyən erkək məstanın eşq macəralarına son qoymaq məqsədiylə «amerikanka»lara köçmüş yerazlar götürüb onu axtalayıb. Həmin axta pişiyin simasında Razində qədim bir tarix hələ də nəfəs alır - ancaq, yaşayırmı, sevişirmi? Yox.
Bir axta boz pişiyin qəmli baxışlarıylamı bitir, sona çatır qədim tarix? - yamaqlı qala bürclərinə sönük gözlərini dəhmərləmiş İlyas, imkan tapınca sağındakı dönər köşkünə tərəf boylandı. Bakıya türklərin dönər manqalı girən vaxtdan tarix də eynən onun təhər - töhürüynən dönür, fırlanır - əvvəl manqaldakı əti yandırır, sonra bizi. 91 saylı Bakı-Moskva sürət qatarının polad təkərlərini xatırla - sovet dönəmində fani zaman onların ahəngiynən hərlənib dövr edirdi, səsini gecələr incə musiqiyə çevirərək gəlib girirdi ər-arvadların yataq odasına. İlyas, təpədən seyrələn vız saçlarını qaraqayış əlləriynən yatırdıb, bütün bunnarı unutdu - ürəyinin dərinliklərində həmin mənzərələrin yerini də söydü, göyünü də. Atasını da, anasını da. Hadisələrin həqiqi bazar qiymətlərini duya-duya, Çkalov küçəsinin o biri səkisinə adladı. Orda, Yerevan döngəsinin düz ortasında qurulmuş yas çadırına girər-girməz gördüklərinin təsiriynən, təpkisiynən o, özünə sual verdi: küçə ortasında qurulu yas mağarları yol hərəkətini başqa səmtlərə yönəltdiyi vaxtlar, bəs biz bu məclisdə oturanlar hansı laməkanlığa sarı istiqamətlənirik görəsən? Ölüm ki gəldi, küçə hərəkətini nə üçün dəyişmək, kəsmək istəyirik, bacarırıqmı bunu?
Axşam Azdramada göstəriləcək «Hamlet» tamaşasına bilet almış İlyas, boş vaxtını bu yas çadırında öldürmək qərarına gələrək, - vallah, bizim hüzr məclisləri zəmanəni, dünyanı, insanı, həyatı öldürməyin lap əsl yeridi, - içəri keçdi, gəlib oturdu üzütüklü, sarı dişli talış mollalarının düz qabağında. Hələki süfrəyə aş gətirməmişdilər. Həə, məclisin aşdan əvvəlki vaxtıydı.

***

- İnanın, biz nədən, kimdən danışsaq-danışmasaq, axır, gəlib çıxıceyik özümüzə, özümüzkinə-yəni, bakılıların söhbətinə. Ala, bakılı Hövsan soğanına dönüb, yoxdu indi bakılı, yoxdu! Mən heç özüm də içərişəhərli, ağşalvarlı deyiləm, mənim ancaq bir balağım ağdı - anam Səkinə xanım, Allah ona qəni-qəni rəhmət eləsin, bakılıdı, atam həmşəri. Qan qarışıb, odu ki, övladlarım vecsizdilər, din imana barmaqarası baxırlar. Böyüyü jurnalistdi, ogünnəri gedib Yerevana Koçaryanla görüşməyə. Nə gətirsə yaxşıdı Yerevannan? - Erməni malı pepsi cola, coca cola, fanta . Deyir ki, Bakıdakı «Koka kola» şirkətinə gedib sübut edəcəym ki, Yerevandakı həmin içkilər bizdə istehsal olunanlardan keyfiyyətlidir. İstəyirsiniz ağzımı yumum, 5 min dollarlaq reklam verin bizim qəzetə.
Hər yas məclisi əvvəl-axır, gec tez özünün həqiqi, - Təzəpirdən, qəbirsanlıqlardan tutub gətirdiyimiz 5 şirvanlıq çərənçi mollalar, hüzr yerində heç vaxt axıradək ruhani sifətində qalammır, düyü ki, saqqallarına yapışdı, dönüb olurlar eşşəyin dal ayağı, - əsil molllasını, haqq aşiqini tapacaq. Sözün ixtiyarını verəcək onun sarı dişlərinin, qara təsbehinin ixtiyarına. Bir əlini yoğun dizi, digərini süfrə üstə dincəldən Ağoppa kişi belələrindən idi, bığları qara - qalın, gözləri kabab közü. Özün yaxşı bilirsən, azərbaycanlı bir göz qırpımında dönüb yas mollasına çevrilə bilər, yaxud əliyəri polis işçisinə, qafiyabaz şairə, qızıldişli çayçıya, dombagöz kababçıya, qarnıyoğun vergi nazirinə, baxır, havaların isti-soyuq keçməyinə, düz demirəm, bəlkə, qardaşım, canım-ciyərim, əyri kürəyim, həə? Gec-tez bulvardakı dik ağaclar, kol-koslar da, bu qədim oyuna qatılacaq, bizdən də yaxşı görəcək bu işi. O vaxt, Dağlı məhəlləsinin nənələri öz əziz nəvələrinə gecələr daha nağıl danışmayacaq, nağıl bitəcək, nənələr fatihə verəcək hamıya. Hamıya. O zaman saatlar Nyu-york, Bakı vaxtıynan işləməyəcək, Bülbülə, Maştağa vaxtıynan qurulacaq. Bülbülə vaxtıynan. Yas məclislərinin vaxtıynan.
-Sonra deyirlər, neyçün söyüş söyürəm, söyüşkənəm? Söyüşkən olaram da. Ala, sən erməniynən vuruşursan, yoxsa «Koka kola» şirkətiynən? Quran qənim olsun sənə, qənim. Köhnə vaxtlarda qoçular belələrini hamama buraxmırdılar, belələri evdə qalıb iy verirdilər, çimməyləri olurdu sərçə çimməyi-soyuq suynan, sabunsuz, gilabısız. Allah sənə rəhmət eləsin, ay Ağaəmi, - Ağoppa kişinin içdiyi çay lap tündünnən idi, yayın malı idi bu çay, isti yayın, yas məclislərinin malı. Prezidentin soy adını dilinə gətirərkən sözün vurğusunu neyçünsə, birinci hecaya atan bütün qocaman kişilər kimi, o, yaltaq qorxaq-qorxacağın biriydi, onun bunun qılığına sabunsuz-filansız girərdi, nəşəsi, qoz ləpəsi də ki həmişə cibində. Mərhumların hamısını bəh-bəhnən sevər, özününkü bilər, - özü də ölü kimiydi, ayaq açıb yeriyən qəbir daşı kimiydi, axı, - çalışırdı ki, həmişə ona-buna ağıl qoya. Çadırın bəzəyi qırmızı rəng Gəncə xalçalarını, - bazarda onların qiyməti dükandakından qat-qat aşağıydı, - diqqətlə gözdən keçirən çömçəsifət Ağoppa, qəmsiz-hissiyyatsız baxışlarını Ağaəminin qara haşiyəli şəkli üzərinə gətirən vaxt hamı susdu, nəfəsini kəsdi. Çadırdakılar lal sükutun qədim dilində qonuşammırdılar, elə beləcənə səslərini, mırtlarını kəsmişdilər, vəssalam.
- Ala, molllaya bir istəkən dağ su verin boğazını yaşlasın, yazığın dil-dodaqı quruyub, görmürsünüz? - məclisin ixtiyarı bütövlüklə Ağoppadaydı. O, erkək dovşan kimi arxa pəncələri üstə dimdik qalxıb, qalib baxışlarla hamını öz ala gözlərinin süzgəcindən keçirirdi-sanki, bu insanların tale-qədərini həll etmək, dəyişmək istəyirmiş. Bu haqq aşiqinə üz göstər, tam səlahiyyət ver - o, məclisdəkiləri götürüb təzədən sünnət eliyərdi, day nə deyim, valla, bizdə buna hamı meyillidi, özü də lap uşaqlıqdan, məhəllədə dava-dava oynayan vaxtlarımızdan. O baxır bircə ona ki, divar dibində sən sallağı oturan vaxt nə qədər ceyil-avara qalxıb ayağa durur.
Mərhum Ağaəmi belələrindən idi-dalaşqan, avara, eşşəyin dal ayağı, yekəpər zırrama, bığı bığımdan, qığı qığımdan böyük. Din-iman, Qurani-Kərim, qurban olduğum Məhəmmədin şəriətindən ömrü boyu xəbərsiz olan bu gədəni, küçə adamını məclisdəkilər indi, axır macalda götürüb müsəlman etmək istəyirdilər. Dirini kafir, ölünü, bumbuz soyuq meyiti müsəlman etmək Bakının köhnə adətlərindəndi, çətini, ona geydirmə bir yas məclisi düzəldəsən, vəssalam. Çətini, hüzr məclisinə Ağoppa kimi bir haqq aşiqi gəlsin, din-iman, xeyir-şərdən danışsın, bir az özündən, həyatından, tez-tez, yeri gəldi-gəlmədi öz doğma,- onu gərək hökmən söyəsən, - övladından. Səddam Hüseynin kişiliyindən, lotu Ağaquludan. Qalan işi süfrədəki pürrəngi çayın acı tamı həll edəcək.
İlyas, məclisə yenidən göz qoydu-buradakılar danışarkən, hap gopa basarkən hələ az miqdarda yalan söyləyirdilər-susanda, susan vaxtda idi onların ən çox yalan danışmağı, susan vaxtda. Yaxşı bilirsən, azərbaycanlı bir göz qırpımında dönüb yas molllasına çevrilə bilər, yaxud, əliyəri polis işçisinə, qafiyəbaz şairə, qızıldiş çayçı, dombagöz kababçı, qarnıyoğun vergi nazirinə, gülərüz manısa, baxır havaların isti-soyuq keçməyinə, vəssalam. Əgər bizlərdən kimsə, birdən çaşıb xarrat, alim, insan olubsa, deməli, bu yazıq biçarə bütün Bakıya, Elçibəyin sözü, «bütöv Azərbaycan»a qarşı üsyan qaldırıb, qaynanasından tutmuş qapı qonşusuna qədər hamıyla savaşıb, olub bədbaxt qapazaltının biri. Öz millətiynən, qohumlarıynan birevli olmaqdan cana doyub, axşamlar durub gəlib yas məclislərinə, görüb ki, Ağoppa kimilər orda at səyirdir, fatihə verir. Lal-dinməz dayanaraq özünə aid edib bunu, özünə rəhmət oxuyub, özünə.
Məclis əhli elə bilirdi ki, küçənin tən ortasında yas çadırını qurub ölüm, - itimin qabağını, yol-yolağasını kəsmək mümkündür-ay hay! İlyas çalsaç başını aşağı dikib yavaşcana gülür, süfrədəki çayını soyudurdu.
-Vaxsey, aşağıda, Azneft meydanında «Mersedes» köhlən bir atı vurub aşırdıb, yazıq çapalayıb ölür. Gəlin görün, tamaşadı, mərəkədi.
Hamı yerindən qalxıb qapıya cumdu. Ağoppanın moizələri yarımçıq kəsildi, yarımçıq. O, üz-üzə, təkbətək qaldığı molllaya sarı əyilib, «kəndə, Maştağaya gedib gəlirsənmi heç?» sualını verən vaxt, çadırda çaypaylayan ağköynək yeniyetmə oğlanlardan başqa kim qalmışdı ki…Kim?

***

Sabir Əhmədlinin laflarıynan danışsaq, «Qoburnat bağı»nı bəzəyən qoca əbrişin ağaclarının qurumuş salxımlarında, qədim qala divarlarına sığınmış yasəmən kollarının soyuq qoynunda yetim bir sevgi sızlayırdı. Qarşıdakı Xəzər küləkləyir, dalğalar kaltan-kaltan sahilə axışır, dənizkənarı xiyabanın dəmir çəpəri soyuğu canına çəkib ətrafdakı tək-tük sevgililəri şaxta - soyuqdan qoruyurdu. «Yaxt klub» körpüsünə bağlanmış gəzinti gəmiləri kimsəsiz-yiyəsiz qalıb, - yaxınlıqda yetim bir şair də yoxdu ki, bu şeriyyətin incə kədərini öz qərib könlünə tərəf çəkib aparsın,-astaca yırğalanır, özünün ağappaq rəngini itirə-itirə bozarıb gözdən itir, dönüb olurdu gözəgörünməz aləmlərin halal malı. Onun başlanğıc nöqtəsi. Əyni yam yaşıl idman paltarlı üç dörd sarı beçə, sarıkərə qız uşağı, sahilboyu üzü Bayıla tərəf yüyürür, Bakının, - hamı kimi o da yalnız susan vaxtlarında öz doğma dilində qonuşur, səs-küydə, küləkdə onu dərk etmək çətindi,- sərt küləyini vecinə-eyninə almadan, təbiətin gücünə qarşı meydan oxuyurdular.
Bütün günü Sovetskidəki daxmasında lal-dinməz qalıb, dişsiz-dodaqsız ağzıynan yaşıl zeyli kəlağayısının uclarını çeynəyib-yeyən, - bizim qarılar bu «xörəyi» yeyən vaxtdan müqəddəsləşir, -Gilas bibini ölümdən qurtarmaq mümkün olmadı. Sahə həkimi Məzahir Mərdanovun, - həmkarları neyçünsə, gizli bir nöqsanına görə onu «Mərcanov» deyə çağırırdılar, - vurduğu bahalı iynələrdən əhvalı xeyli düzələn bu qarının kasıb komasına yarım saat sonra oğrular girib onu vəhşicəsinə qətlə yetirmişdilər - gəl indi bundan baş aç. Yarım saatın içində yazıq arvada iki iynə vurulmuşdu - əvvəl dirilik, sonra ölüm iynəsi. Sahə müvəkkili Arif Əmrahov gülə-gülə demişdi ki, Gilas qarının evində şərlə xeyirin gizli danışıqları gedib - ara yerdə Gilasın bəxti gətirməyib. Öz təzə «mersedes»ində Azneft meydanını hərlənib «Qoburnat bağı»nın böyrüynən Baksovetə sarı qalxan həkim Məzahir Mərdanov bunu yadına salınca az qalırdı ki, nəfəsi kəsilsin. Gilas bibiyə iynə vurmazsa, bu qarı elə öz əcəliylə ölər, day quldurların dəmir pəncəsinə keçməzdi. Keçməzdi! «Mersedes»in sükanını Yerevan döngəsinə burmaq istəyən Məzahir Mərdanov, küçənin tən ortasında yas mağarının qurulduğunu görüb,- bu İlyasgilin oturduğu yas mağarı idi,- sükanı düzəltdi, təzədən Azneftə tərəf səmtləndi. Xalqın köhnə adət ənənələri ünvanına bir-iki ağız söyüş verməyi də özünə müqəddəs borc bildi. Bulvara yaxınlaşıb, sahil boyu üzü Bayıla sarı yüyürən sarıbeçə qızları görüncə, o, diqqətini yoldan yayındırdı. Nahaq, çox nahaq. Şarrapp! Qəfildən onun nəfəsi kəsildi-«mersedes» yekəpər köhlən bir atı vurub Neftçilər xiyabanının düz ortasına tulladı, bir mərəkə qopdu ki, gəl görəsən. Atın çaş-baş qalmış yiyəsi, - onun əlindəki qara təsbeh Kəbə daşı rəngində olub uzun bığların davamı kimiydi, - ucadan qışqırır, köhlənin param parça sinəsindən ətrafa al qan fışqırır, qırmızı yanan yol işığı özünün xidməti vəzifəsini yerdə axıb göllənən al qana tapşıraraq, istefa verirdi öz dövlət vəzifəsindən. İstefa! Məzahir Mərdanov, - içkini atandan sonra bu kefçil, davakun həkim YAP-a üzv yazılmaq istəyirdi, yox, day bu arzu getdi ee öz işinə, - hələ sükan arxasındaykən polis işçisi gəlib öz qara kəlbətin əlini «mersedes»in pəncərəsindən içəri soxdu, açarı yuvasından çıxarıb cibinə qoydu, «bayıra!» əmrini verərək, durduğu yerdən qırağa tərpənmədi. Bir addım olsa belə.
«Tanıyıram sürücünü, vergi nazirinin köməkçisidir, anası da ki erməni. Özün bilirsən, biz erməniləri öldürəndə, onların qızlarını heç vaxt öldürməmişik»; «ala, «mersedes»in Naxçıvan nömrəsini görmürsən, «Atabankın» baş mühasibidi hərif, evdə divarlarından ən azı 10 dənə «çiçi» xalçası asılıb, pul-pənə verib qurtaracaq canını»-hamı ağzına gələni qışqırır, bu qarğaşada bir kişi tapılmırdı ki, ortaya çıxıb yekkəlmə söz desin. Son vaxtlar Bakını basıb basmarlamış çeçen qaçqınlarından biri, - deyilənə görə o, iynə vuran idi, damarları yanıb sıradan çıxdığından iynəni bir baş elə ətinə vurardı, - batıq sinəsini qabardıb irəli cumdu, ağzını açıb gözlərini yumdu. Onun lalıx sifəti ağzındakı sözlərin daha mənalı təkrarıydı:
- Qardaşlar, bizim Çeçenistanda atlara tez-tez güllə dəyir, onun kəlləsinə gərək bir güllə çaxasan, yoxsa, yazıq tifilin ölməyi çox vaxt aparacaq. Çox.
Axmağın biri, qarabəniz polis işçisi, onu götür vur dişivə, at Xəzərə, - İlyas vaxtilə bu kənd balasıynan yaxınlıq, ayaqlıq etmiş, onunla birgə Kislovodskiyə kefə getmişdi - qara TT tapancasını cibindən çıxararaq onu Məzahirin nəm ovcuna basdı:
-Özün vurubsan, özün də öldür, fatihəsi bizdən, qorxma, biz hələ bu atın qəbrinə də şam tutarıq, - polisin dedikləri hamının, hətta küləkdən yellənən çinar ağaclarının da ürəyincəymiş kimi, ətrafdıkılar sakitləşdi. Qəribə vəziyyət yaranmışdı-adama elə gəlirdi ki, o biri haqq dünyasında belə, bu mövzuda sual verəcəklər bizə, soruşacaqlar ki, kim öldürüb bu atı.
Bayaqdan Gilas bibinin ölümündə özünü suçlu bilən Məzahir Mərdanov, - həmkarları tərəfdən ona Mərcanov deyilməyinin sirri bax indi açılırdı, - təsadüfən vurub öldürdüyü canlının indi həqiqətən öldürməliydi, həqiqətən…Budur ee Şekspir faciəsi, gözümüzün qabağında. İlyasın Azdramaya gedib «Hamlet»ə baxmağına bir ehtiyacmı, hacətmi vardı indi?
«Küçənin tən ortasında açılmış yas çadırları ölüm-itimin yolunu kəsmir, dəyişmir. Köhlən atın ölümündə mən qarışıq çadırda oturanların hamısı müqəssirdi, hamısı» - beyinqafası bu fikirlərin sürtüşməsindən çaş-baş qalmış İlyas, halsız-taqətsiz idi. O, Məzahirə, - yazığın biçarə baxışı, bir tərəfi düz yola baxan qəbiristanlığı xatırladırdı, azcana ümüd vardı orda,-yaxınlaşıb, nazik-sısqa əliynən onun dəmir biləyini sıxdı. Barmağını onun ovcundakı tapancanın tətiyinə keçirib:
-Molla əlini saqqalına çəksə bütün işlər düzələr, inşallah, - sözləriynən gülləni yerində çapalayan köhlənin düz alnına sıxdı: Tarrraqq.
Kimdir, nəmənədir qatil? İlyasmı, Məzahirmi? Yolu kəsən yas çadırı, üzü Bayıla tərəf yüyürən sarıbeçə qız uşaqlarımı? Hamı, hamı əlinə həmin o TT tapancanı götürüb bu köhləni qətlə yetirmişdilər. Hamı. Təsadüfən, bilə-bilə fərqimi var bunun?
Bəlkə, Şekspirin öz cavabı var bu hadisəyə, hə? 30 dəqiqə qalırdı Azdramada göstəriləcək «Hamlet» tamaşasının başlanmağına. 30 dəqiqə.

***

Yonma Qaradağ daşından tikilmişAzdramaya, - onun qabağına həmişə tum satanlar, avaralar yığılardı - səmtlənmiş təmtəraqlı Hüsü Hacıyev küçəsi Füzulinin qaradinməz heykəlinə çataçatda yol polisi - onlara təzə, amerikan malı dəyənəklər vermişdilər, al işıqlı, qara qotazlı - əl eyləyib köhnə laqqataraqqa bir jiqulini saxladı. Nimdaş geyimli qarayanız sürücünü, - onun sallaq döş cibindən görükən əski, qanqırmızı sovet pasportunun cırcındırı ürək ağrıdırdı - polis məmuru əvvəl söyüb biabır elədi, sonra…sonra azcana duruxub öpüb qucaqladı-əlbət, əvvəllər, sovet dönəmində onlar yaxın-yaxış arxadaş olub, toy-düyündə «can-can» demişdilər birbirlərinə. Bakının qanun yasasına ayrıca maddə artırılmalıdır ki, vətəndaşlar polis işçiləriylə iş vaxtı öpüşüb qucaqlaşmasınlar, - yoxsa bu yaltaq «məhəbbət», xalqın polislə marçamurçu, gizli eşq macəraları ölkəni çökdürəcək.
«Təzə dəyənəyiniz mübarək!»-gözləri ödəncsiz bir istək, həvəslə alışan İlyasın atmacasına kəndoş polismen - zırramanın sifətindəki ifadələr əclaflığın oğuz qrupuna aid idi - qısa cavab qaytardı: «Vurarıq başınqa, olar mübarək, cındır oğlu cındır!». Bu yağlı-yağlaşoy cavab onun həbəş dodaqlı ağzından, yoxsa qara bığlarındanmı qopdu? Bilinmədi.
«Min bir xırdavat» dükanı önündən yel kimi ötüb, Azdramaya qaranəfəs, təntimiş halda daxil olan İlyas, dəhlizdə ilk olaraq tənqidçi Fərman Pərişanoğlunu gördü-üst başının köhnəliyi ucbatından o, axır vaxtlar kafe-restorana gedəmmirdi, müştərilər onu xidmətçi bilib, araq, kabab, qutab, turşu-murşu sifariş verirdilər ona. «Ala, sizin lap yaxşınızı filan - filan edim» - adam Bakıda yaşamaq, nəfəs almaq istəyirsə, o, gərək mütləq tez-tez bu şəhərin havasını, göyünü, teatrını, ədəbiyyatını söysün, özü də elə belə, məqsədsiz filansız. Yoxsa seyidlər-meyidlər, qapıya gələn işıqçılar, arvad-uşaq, əmioğlu bibiqızı, xalq şairləri adamı lap dığ eliyib qoyar böyrü üstə. Fərman isə, sakit adam idi, tənqidçi-hamı onu ələ salırdı. Hamı.
-Şekspirin tamaşası neçənci mərtəbədədir, ikinci? - sovet vaxtının xəstəliyi-pilləkanlara qırmızı xalça döşəmək, indinin özündə belə Azdramaya ayrıca bir təmtəraq, yaraşıq gətirirdi. İlyas əvvəl bunun ləzzətini duydu, sonra öz sualını Fərmanın çopur sifətinə gupaladı.
-Hə. Üçüncüdə, «Yox» teatrının səhnəsində şair Rasim Rövşənlə rejissor Vaqif İbrahimxəlilin «Seks+pir» tamaşası oynanılır. Yazıqlar tamaşanı ərsəyə gətirənəcən olmazın əzab çəkdilər - kompüter, printerlərin tez-tez gicliyi tutur, işləmirdi. Özün bilirsən, day nə deyim, bizdə Amerika kompüterləri çox tez milliləşir, azərbaycanlılaşır, yaxşı işləmir.
-Qısa de, üzüvü mürdəşir yusun, sonra qurulasın, mövzu nədir, mövzu?- İlyas sualını elə gur səslə dedi ki, yəqin onu Azdramanın ayaqyolusunda da eşitdilər.
-Qısası, 1958-ci il, Azərbaycan yazıçılarının Boris Pasternak əleyhinə iclası. Hamı onu söyüb abrını bükür ətəyinə. Nəbi Xəzri, Əbülhəsən, Qul Qarasəs, Rəsul Rza. Yazıçı Həmid Herisçi indi bunu bayraq eliyib ağzına gələni Rəsul Rza haqda danışır. Keçən il Rasim Rövşən «525-ci qəzet»də Həmidə yaxşı cavab verib, otuzdurub onu yerində, deyib ki, bəs Həmidin atası Qafar Kəndli əgər həmin iclasda iştirak etsəydi, o da Pasternak əleyhinə çıxış edərdi. İndi, Rasim bu haqda tamaşa qələmə alıb, o dünyadan Qafar Kəndlinin ruhunu 1958-ci ilə gətirib bu Təbriz fədaisini Pasternak əleyhinə danışdırmaq istəyir. Qəşəngdi. Get bax, məqalə yaz, çapı məndən, utanma. Heç Şekspir özü Hamletin atasının ruhunu belə ustalıqla gətirə bilməyib səhnəyə. Bax bu ölsün, -Fərmanın bədənindəki duz, barmağına taxılı qalın gümüş üzüyə keçərək onun rəngini qaraltmış, parıltısını azaltmışdı. Həmin qaraltının bayaqdan gedən söhbətə, İlyasa təsiri də istisna deyildi.
İlyasın «bəc arağı kim alacaq?» sualı dünyanın, Azdramanın axır gününədək cavabsız qala bilərdi-yəqin, sözsüz, şək-şübhəsiz. Belə baxsan,bu ötərgi mənzərədə,Fərmanla İlyasın atüstü söhbətində gözoxşayan fərli-başlı bir gözəllik yoxdu-ilk baxışda həə, bunu mən də təsdiqləyərdim.Ancaq…ancaq, hərdən,gecə vaxtı, köhnə «jiquli»sinin sükanı arxasında əsnəyə-əsnəyə oturub evinə dönənlər, yolda qırmızı işığı görüb dayanır-həmin bir-iki dəqiqə çərçivəsində dünyanın ən dərin fikirlərinə qərq olurlar. Dərk edirlər…dərk edirlər ki, idarələrindəki köhnə,ortası çökək divanların üstündə bir-iki dingiş qadının nədi?-bütün millətin,həqiqətin namusuna təcavüz ediblər. Belə baxsan, həmin «jiquli» sürücülərinin sir-sifətində sən heç bir dərin ifadə tapammazsan. Yalnız, «jiquli»lərin sol qapısından bizlərə, üzümüzün kədərinə baxan əyri güzgülər, bu ifadələri görmək, tutub bizə göstərmək gücünə sahibdir. Yalnız onlar.
İlyasın, Rasim Rövşənin sir-sifəti belə ifadələrlə zəngin idi. Mənzərənin tam bütövlük almağına bircə əngəl vardı-köhnə, ortası çökək divanın, o güzgünün buralarda olmamağı.

***

Səhnəyə yönəli gur işıqlar - onların bir suyu müstəntiqlərin masaüstü çıraqlarını xatırladırdı - çaşqın aktyorların solğun çöhrəsini, əyri duruşunu, vücudunu axtarıb tapana qədər,-səhnənin cırıltılı taxta döşəməsindən qalxan toz-torpaq da buna əngəl törədirdi,-aradan xeyli vaxt keçirdi, xeyli. Dəqiqəbaşı üzünün ifadələri dəyişən şair Rasim Rövşən, sağında əyləşmiş alman səfiri Kurt Krafta - xarici qonağın qısa saçları sovet dövrünün qır-qızılı sayaq sap-sarı idi - tərəf əyilir, onun şəklənmiş qulağına nəsə pıçıldayırdı. Bu görüntü, qədim məzar daşının yana tərəf əyilib çökməsinə oxşayırdı da, oxşamırdı da. Bayağları, teatrın dəhlizində üzərinə «Dülgər sexi» yazılı ağ-qara lövhəni almancaya uyğun olaraq «dülgər seksi» şəklində oxuyub təəccüblənmiş bu dəyərli, mədəni dövlət xadimi isə, bambaşqa xam xəyalların axarında üzür, Azdramanı erotikaya meyilli sənət ocağına bənzədirdi - vay dədə vay, heç bizim iynəvuranların da ağlına belənçik sərsəm fikirlər gəlməz. Gəlməz! O, imkan gəzirdi ki, ətrafındakılardan «dülgər» kəlməsinin nə demək olduğunu öyrənsin. Qonaq bu sualını tamaşa müəllifinə verməyə imkan tapınca, əsər özünün ən maraqlı məqamına yetişdi. Tez-tez orda-burda gözə görükən əli süpürgəli xidmətçi qadın belə, bunu sezib, qırağa çəkildi. Tamaşaya baxmağa başladı.
- Qafar Kəndli, Pasternak haqda sözünüz varmı? Təbrizli həmvətənlilərimizin buna münasibətini öyrənmək bizə çox vacibdir, buyurun kürsüyə,-iclasın aparıcısı görkəmli nasir Vilayət Əhədoğlu, qarışıq mallar dükanı satıcısı simasında ora bura baxındı, iclasdakıların içindən Qafar Kəndlini taparaq, bayaq dediklərini gözlərilə də təkrarlayıb yerindəcə donub qaldı. O, içərisində durmadan zəng çalan «daxili telefon»un dəstəyini nəhayət ki, qaldırarsa, oradan Qara Qarayevin dodekafonik musiqi sədalarını eşidərdi, məncə-düz demirəm bəlkə? Ancaq bu dəstəyi nə qədər, haçanacan qulağında saxlayardı? Sözün düzü, evindəki kəfkirli saatın ilk gurultusu gələn vaxt, dəstəyi tezcənə yerinə atacaqdı o. Vəssalam.
Vilayət Əhədoğlu rolunun ifaçısına söz yoxdu-baxışı baxış, qorxusu qorxu, sevinci sevinc. Day nə lazımdı ki, tamaşaçıya? Belənçik cayılnan araq guplamaq, nərd vurmaq, yalan daqışmaq hamının…hamının müqəddəs borcudur. Hələ üstəlik bu aktyornan gərək mütləq Səddam Hüseyn, bakılıların səfehliyi mövzusunu da xırdalayasan, yoxsa içdiyiniz sapsarı çay çox dadsız ola bilər.
«Mən bu əsərimdə Qafar Kəndlinin ruhunu…ruhunu tutmuşam» - Rasim Rövşən bunu rejissor Vaqif İbrahimxəlilin qulağına pıçıldayarkən, mərhum Qafar müəllimi yaxşı tanıyan İlyas Ərnəfəs, corablarındakı köhnə cırıqları nəzərdən keçirən kasıb tələbə kimi, başını aşağı salladı-utandığından, xəcalət çəkdiyindən.
-Məni sevənin quluyam, sevməyənin heç ağası olmaq istəmirəm - Qafar Kəndlinin kinayəli cavabını eşidincə, Rasim Rövşən yerindən sıçrayıb söyüş verməyə başladı-ay sənin atan belə, anan belə, axı, mən sənin ruhunu o biri aləmdən min bir əziyyətlə tutub bura gətirmişdim, bu da əvəzi… Vilayət Əhədoğlunun içərisindəki «daxili telofon»da xırıltılı səslər eşidilməyə başladı. Həyatın bütün bədniyyətləri ömrünü yarı eləyib əldən düşdü, qocaldı, yıxılıb qaldı bir küncdə. Ara yerdə kiminsə, - yanılmıramsa, o teatr tənqidçisiydi, - keçəl başına yağlı bir qapaz da dəydi, biabırçılığıydı lap.
Tamaşanın baş rejissoru, onun bakılılar demiş, ənkəbaşısı Vaqif İbrahimxəlil, avanqard estetikaya əməl edərək, 1958-ci il hadisələrini bu günün yas çadırı içində səhnələşdirdiyindən, İlyas fikrə daldı – haçan, nə zaman bitəcək, dəyişəcək bu yas məclisləri? Bu köhnə tamaşalar? Haçan?!…Haçan, Ağəminin, Qafar Kəndlinin, Azneft meydanında öldürülmüş o köhlən atın, Hamletin atasının ruhu buraları tərk edəcək? Day zorla sürüklənməyəcək buralara? Nə zaman azadlığa buracağıq biz onları, onlar bizi?
Haçanacan…haçanacan küçələrin tən ortasında qurulmuş yas çadırları, - Azdramada onları xatırladırdı, - ölümün deyil, həyatın yolunu kəsəcək?
Qaytar!… Qaytar mənim Təbrizdəki imarətlərimi! Qardaşlarımı, bacılarımı, xalçalarımı, köhlən atlarımı! Təbrizimi qaytar! Ruhumu ki, qaytardın, onları da qaytar!, - Qafar Kəndlinin səhnə boşluğunda bir ildırım kimi çaxan bu sözlərini İlyas Ərnəfəs eşidincə, onun yadına başqa, tamam başqa bir zamanda, uzaq, tamam uzaq bir yerdə, Kubinka məhəlləsində oğrubaşı Zerkala Klaranın dişsiz ağzından eşitdiyi, - bəlkə dişsizliyinə görə bu sözlər onun ağzından belə rahat sivişib çıxırdı, - bu kəlmələr düşdü: 70 yaşım var. Onun da 32 ilini məhbəslərdə hökumətə bağışladım. Heyfslənmirəm. Haram xoşları olsun!
Xidmətçi qadın əlində köhnə sarı süpürgəsi tamaşa zalını tərk etdi, İlyas da onun ardınca…

***

- Bakıda esperanto dili sahəsində yeganə mütəxəssis var – Nicat Verdiyevdir adı, yanılmıramsa. O, Almaniyaya mühacirət etmək istəyir. Dünən elçiliyimizə gələrək ərizə yazıb…Baxın bir, xata-balaya qarşı ərəb hürufatı ilə yazılmış «Mücir» duasını da bağışlayıb mənə. İndi onu boynumdan asmışam. Yaraşır? - alman səfiri Kurt Kraftın boynundan asdığı bu duanı görcək, şair Rasim Rövşən indi bildi ki, nə üçün dindar Bakı camaatı onu müsəlman sayırmış. Bu hələ yaxşıdır. Vətəni Almaniyada Kurt haqda tamam başqa, daha qorxulu şaiyələr dolanmaqdaydı.
İlyas, şahidi olduğu bu cəncəl söhbətlərdən öz canına toplayıb cəmlədiyi güclə-qüvvətlə Azdramanın ağır qapılarını, - qoca tarixin yardımı olmazsa, kim onları aça bilər?, - aralayıb eşiyə çıxdı. Qaranlıqdı deyə, orada-burada, küncdə-bucaqda, gözə dəyən insanların sir-sifəti görsənmirdi – qıraqdan baxana elə gəlirdi ki, onlar başqa, tamam özgə millətin nümayəndələridir. Yalnız, məcnun söyüdlər, qəttli-qamətli sərv, qovaq ağacları bizləri, bizimkiləri yada salaraq, Bakıya olan sədaqətlərini itirmirdilər. İlyas, «Min cür xırdavat» dükanına daxil olub, oranın nurlu-işıqlı dəhlizlərində qeybə çəkildi – onun kölgəsi də xırdalandı, param-parça oldu oralarda.

***

Şeytanın bədnəzərlərinə tuş gəlmiş Bakının, qaranlıq döngələrinə burularkən, mənə həmişə elə gəlirdi ki, indicə, bax bu saat tamam başqa mənzərələrlə üzləşəcəm. Dünyanın, Bakının dəyişdiyini görəcəm.
Heç vaxt bu belə olmurdu. Heç vaxt.