Alatoran_header  
Əsərlər > Həmid Herisçi > Nekroloq

İLYAS ƏRNƏFƏS

(romandan parçalar)

X hissənin ardı

4. TEYMURLƏNGİN ARZUSU

Tanıyırsan daa Bakı tinlərinin avaralarını-nəşəyə «əmi, qarabala» deyənləri; «yaxşı, baxarıq, nərddə səni udaram inşaallah, onda bilərsən mən kiməm» hədə -qorxusuynan düşmənlərinə xox gələnləri; sinəsində bir yastıqlıq tük bəsləyə-bəsləyə uşaqlıq, giclik eliyənləri; «İranlısan, həmşərisən?» sualına «əşşi, təki çəkdiyimiz nəşə iranlı olsun» cavabını verənləri. Tanıyırsan onları, tanıyırsan. Bir də gördün ki, bu subay-salıq, dəlisov, gicəsula oğlanlar yüyürüb getdilər Yasamal qəbiristanlığına, mərmər məzar daşları üzərindən bahalı gül-çiçəkləri qamarlayıb oğurladılar, gətirib satdılar onları Səadət sarayının qabağında, nigah mərasimindən çıxan bəylə gəlinə. Özü də bəh-bəhnən satdılar, müştərini gop-kələkdə aldada-aldada. Alver ki baş tutdu, qəbiristanlıqla Səadət sarayının, toyla yasın, təzə bəylə qəbirdəki yüzillik meyidin fərqi puç olur, aradakı ölçüyəgəlməz məsafə qısalıb gödəlir, axırda olurdu heç nə. Heç nə…Bəlkə… bəlkə arada bir məsafə də yox idi əsla. Elə yanbayan idi həmişə onlar. Həmişə…
«Bu gün mənim meymungəzdirən günümdür, nərddə zərlərimin şeş qoşa düşdüyü gündür!»- Səadət sarayı qarşısında öz qazancını, səadətini tapan cüvəllağılar bu sözləri arabir təkrarlayar, sonra baş götürüb gedərdilər Basindəki xaraba, amanabənd kafelərə. «İmam Hüseyn arvadların xahişiylə məhərrəmliyi uzadıb ki, bizlər araq vurmayaq, ay-hay!» zarafatı kafelərin əhənglə ağardılmış əyri divarlarına siqaret tüstüsüylə birlikdə hopduqca, hamı ürəkdən, qarnının dibindən gülüb-sevinərdi-sarı işıqlı qonşu pəncərələrin kəhraba rəngi, gecənin yuxusuna haram qatıb sönməyənəcən. «Space»in axşam xəbərlərinin səsi araya girməyənəcən. Üstü yeyib-içməklə dolu taxta masaların altından ac pişiklərin miyoltusu eşidilənə qədər. Bunun ki vaxtı gəldi, kafedəkilər əvvəl prezidentin sağlamlığından, «Sevinc loto, Şou Qərib» lotoreyasından, sonra ölüm-olum mövzusunda danışıb əngə verirdilər. Guya ki, bayaq Səadət sarayı qarşısında, Yasamal məzarlığında bu ziddiyyətli mövzunu birdəfəlik həll etməmişdilər. Görünür, həll etməmişdilər. Etməmişdilər.

* * *

Aprelin lap əvvəlində, Kəlbəcərin ermənilərə gəlin gedən günü, Kommunist küçəsində dayanıb bütün bu acı mənzərələrə maddım- maddım baxan gənc nasir İlyas Ərnəfəs, 39 saylı «qazel»in çoxdandı gəlmədiyindən lap cana doymuşdu, bilmirdi ki, neynəsin.Əydiyi qədim ağacların qol budaqlarından çox az, ikiqat etdiyi İlyas kimilərdən isə istədiyi qədər kam alan, ləzzət qoparan dəli xəzri, bayaqdan elə hey əsir, dayanmaq bilmirdi ki, bilmirdi. «Mətbuatyayım» köşkünün piştaxtalarında sərgilənmiş qəzetlər uçub getməsin deyə , çoxbilmiş satıcı onların üzərinə ağır daş parçaları düzüb, sonuncu müştərini gözləyirdi. İki əliynən nimdaş pencəyinin yaxasını sıxıb tir-tir titrəyən İlyasdan ona fayda gəlməyəcəyini hiss edincə, o, evə getməyə tələsdi, bahalı xarici nəşrləri götürüb harasa gizlətdi, pornoqrafik jurnalların üstünü «Azərbaycan» dərgisiylə örtdü-səliqəylə, yaxşı-yaxşı. Köşkün işığı sönən zaman, 132 saylı məktəbin qara daşlarıyla maneəsiz birləşən qatı zülmət İlyasın simasını gözəgörünməz etdi. Şəhər meri dəyişən gündən bəri küçə çıraqlarının gözünə nur gəlsə də, küçədəkilərin üz-gözü hələ də zülmət caynağındayda, vallah. Onlara çatası işıq payıynan Füzuli, Nizami, Əzizbəyovun heykəllərini işıqlandırırdılar. Həə, şəhərdəki zülmət günü-gündən artırdı-keçmiş komsomol tikintilərinin sürətiynən.
Axundovun cırtdan heykəli səmtdə qırmızı işığın yanmağıynan, əjdahatəhər-yekə, nəhəng-heyvərə «Kamaz»ın yerə mıxlanıb qalmağı bir oldu. Dərnəgül tərəflərdə dəmirəridən «Baku stil kompani» şirkəti yarandığı gündən başlayaraq, Bakının bütün istiqamətlərindən ona sarı axışan nəqliyyat vasitələrinin sayı artmışdı-hamısının təknəsi bu «Kamaz»ınkı kimi sovetdənqalma dəmir-dümürnən dolu. İlyas imkanı qaçırmayıb axır macalda «Kamaz»ın ayaqlığına tullandı, qapını cəld aralayıb içəri boylandı:
- Nəşriyyata aparmazsınız? «21-ci yüz il» dərgisinə, hə? Yoluvuzun üstündədi, əl mənim , ətək sənin, apar daa, görürəm adıva layiq cayılsan, qardaş,-İlyas tez ovcunu açdı, ora həkk etdiyi telefon nömrəsini də oxudu, - 39 56 51, hələ ora da zəng etməliyəm, Korlar cəmiyyətinin «Dan ulduzu» qəzetinə.
- Lazımdırsa səni lap 22-ci yüzilə aparım, ay qırışmal, oki qaldı sənin Korlar cəmiyyətinə zəng etməyinə, -hazırcavab, dili uzun sürücü İlyasın üzünü saçaqlı söyüşlərlə yuyub sözünə davam etdi, -bu işdə sənə ancaq prezident kömək eliyər, otur başqa vaxt sən qurd olub yediyim şorbanın içinə düşə bilməzdin heç.
Sürücü o kəsdi ki, axır sözünü mühərrikin dəli hayqırtısıynan deməkdən çəkinməsin. «Kamaz»ın nərəsi söhbəti eşidilməz edən vaxt, İlyas artıq içəridə əyləşib, altındakı qırmızı yun döşəkçənin mehribançılığından ləzzət alırdı. Onun qəmli-nəmli gözləri, bayaqdan gedən «hə-yox» söhbətinin iştirakçısına qətiyyən oxşamırdı, qətiyyən. Ərəb əlifbasıynan qabaq şüşəyə həkk edilmiş «Allah» sözü-yalnız o İlyasın suallı-sorğulu baxışlarıyla bir xeylax söhbətləşə bilərdi, yalnız o.
Kişinin lap yekəsi Səddam Hüseyndir, araqlar nöyüt qoxuyur indi, arvada inanan ermənidir, yayın cırhacırında küləfrəngidə yatmağın ləzzəti bambaşqadır, atam həmşəriydi, Yasamal qəbiristanlığında day yer yoxdu, Mirseymuru da Moskvada öldürdülər-bu qədimi, minillik mövzuları qıdıqlamaq bəs edirdi ki, Nəşriyyata çatanacan onlar birbiriylə ömürlük, həmişəlik can-ciyər olub getsinlər. Dostluğun, qardaşlığın, millətin mayası, gizli nüvəsi həmin mövzulardan yoğrulub axı, yekəxanalıq olmasın, düz demirəm bəlkə?
- Day nə var nəyox?- Bu dəfə İlyası danışdıran altındakı döşəkçənin istiliyi, rahatlığı, milli naxışlarıydı ancaq.
- Olan olub da…Odey, Sədərək bazarı-ayaqyolundan gələn gəlir üstə iki şərik güllə atıb birbirinə. Yaralanıblar,-sözlərini deyincə, sürücü bütün diqqətini bir yerə cəmlədi, yol çala-çuxur idi burda.
- Belənçik atışmada güllə adamın yambızına dəyər ancaq, düzdü?-İlyas özünü gülməkdən güclə saxlayıb istəyirdi ki, əvvəlcə məhz sürücü gülsün; istəyirdi ki, bayaqkı söhbət «Xortdanın cəhənnəm məktubları»na çevrilib hamını ölənəcən…məhz ölənəcən güldürsün. Hamını.
- Ay atan rəhmətlik. De də bunu bəə, de də,-sürücü gülməkdən az qaldı ki, bayılsın. O, qəza törətməkdən hürkərək sürəti xeylax azaltdı, sol güzgüdən arxaya boylanıb azca sakitləşdi. Sonra…sonra araya sükut çökdü-bir sükut ki, onun qalın, soyuq, aşılmaz divarlarını söznən, gülüşnən dəlib keçmək mümkün deyildi daha. Yuxarıdan asılmış İmam Hüseynin solğun təsviri-o idi indi «Kamaz»ın sürücüsü. O.
- Bu da sənin Nəşriyyatın, buyur. Baxtımızdan yollardakı trolleybus xətlərini söküblər, yoxsa bura belə tezliknən gəlib çatammazdıq biz,-buzovnalı balası, kəndoş, kəntalı sürücünün bu sözlərini arxada qoyub «Kamaz»dan yerə hoppanan İlyas, ətrafdakı yiyəsizliyə, pintiliyə göz gəzdirdi. Prezidentin iri, zırı şəkilləri buraları az çox abıra salsa da, üzərindəki divarların ayıb yerini birtəhər gizləsə də vəziyyət yenə əvvəlki kimi idi-səliqəsizlik, yiyəsizlik, həsənsoxdu dəyirmanı. Üstəlik, gecənin qara zülməti böyük siyasi səhv buraxıb prezidentin şəkillərinə lap yaxın gəlmişdi-icazəsiz, xahiş-minnətsiz, elə-belə. Bu zülmətin daydayı, havadarı yaxşı bəlli idi-bəridəki Yasamal məzarlığı.
İlyas, gözətçisi Az.TV-yə bazxan qapıdan maneəsiz keçib, pillələri ovulmuş pilləkanlarla yuxarı qalxdı, 9-cu mərtəbəyə.

* * *

Sabir Əhmədlinin laflarıynan danışsaq, bədniyyət-loxəbər, üzü nənəmin tumanı kimi qırış-qırış Tamerlan Balayev, iki gündür ki, yatmırdı; siqaretini elə sümürürdü ki, sanki dünya ləzzətindən onun qismətindəki elə buymuş, vəssalam.
Nəşriyyat binasına dırmanmış üzüm tənəklərinin sıxlığı arasından bir-iki sarımtıl işıq görsənə-görsənməyə; eşikdən baxançün bina gecənin elə bir parçasıydı ancaq. 9-cu mərtəbənin tozdu dəhlizlərində gəzişən əlitəsbehli Tamerlan lap əsəbiydi, gözlərində kin vardı, ürəyində- 89-cu dəqiqədə qələbə topu vurmaq arzulayan oyunçunun inadkarlığı. Tamerlan bəy nurani qoca deyildi ki, 12 simli musiqi alətinə çevrilib, həmişə haqq muğamını ifa etsin. O, keyf adamı idi-araq içsin, sonra iqtidar qəzetlərin adını bir-bir çəkə-çəkə söyüş desin. Millətçiydi, istəyirdi ki, dünyada bir Azərbaycan xəstəliyi, infeksiyası da olsun, məsəlçün, Gəncə qripi, yaxud Şamxor öskürəyi.
Təzə açılan dərgilərə köhnə-möhnə kompüter dəstlərinin minnətlə peşkəş edilməsi, bu şad xəbərin mətbuatda «zurna edilib» hayküynən yayılması, son vaxtlar Bakıda yaman dəbdəydi, yaman. Köhnə dədə-baba malı kompyuter, üstəgəl təzə qəzet-öz haqqını çoxdan uduzmuş qədim tarix bu fəndi işlədərək geri qayıdır, hər cür yeniliyin içinə dürtülüb soxulur, bizləri təzədən Nuh əyyamına sürükləyirdi. «21-ci yüz il» dərgisinin naşiri qarayanız Tamerlan Balayev də köhnəliyin, qədim tarixin növbəti yağlı qurbanlarından idi-dərgi 21-ci əsrdə öz adını doğrultmamış, maliyyə çətinlikləri ucbatından nəşrini dayandırmış, ilişib qalmışdı keçmişdə, ötən əsrdə. Telefon borcları, iş otaqlarının kirayə haqqı, süpürgəçi Nailə bibinin qəpik-quruş maaşı-bütün bunlar sarı toz qatına çevrilib gəlib çökmüşdü qəzetin üstünə. Kimsə xəlvətcə hərəkət edib burdan Parislə düz 30 şirvanlıq telefon əlaqəsi saxlamışdı-od qoymuşdu Tamerlan müəllimə,od. «Tanıyıram əclafı-bir əlində Quranı, digərində tumanı! Azərbaycan sülhməramlı qüvvələrinin tərkibində Kosovada olub, indi Kabulda şellənir, oğraşın biridi, katibəmiz Aynura girişirdi həmişə, qoy Kabuldan qayıtsın, it kimi döyəcəyəm onu, mən ona Quranı sevdirəcəyəm. Sevdirəcəyəm!»-bu gürültülü səsiynən ,qışqırıb çımxırmağıynan Tamerlan bəy qalxıb Koroğlunun ariyasını oxusun, hamı ona əl çalardı, hamı.
İndi Tamerlan bəy tozlu dəhlizlərdə vargəl edir, iş otağının rəngsiz, cəftəsiz qapısı önündə hərdən ayaq saxlayıb qulaqlarını şəkləyirdi-ona Sumqayıtdan zəng vurasıydılar. Telefonu bütöv kəsməmişdilər, hələ ki, o birtərəfli işləyirdi, buna da min şükür.
Qoca, ölüvay tarixin bitli dərisinə saman təpmiş, yüzlərlə sultanın yoğun boynuna çatı salaraq onları ölüm çöllərinə sürükləmiş ulu Teymurləng öz son, axır arzusunu həyata keçirəmməyib. O , Çini fəth edə bilməyib, bu qədimi məmləkətə çataçatda, elə yoldaykən xəstələnərək dünyasını dəyişib. Ey dadibidad! Sifəti deyərdin ki,baltayla yonulmuş Tamerlan müəllim isə Teymurləngin həm adına, həm son arzusuna yiyələnməyi başarmışdı, öz iti zeyniynən bunu hələki dərk etməsə də. O, Çində 3-4 il Azərbaycan səfiri vəzifəsində çalışmışdı. Bax buna nə deyəsən? Tüpürəsən belə tarixin atabaatasının goruna, vəssalam. Tüpürəsən! Hə, burda qoca kaftar tarix fənd işlədib Allahın başı üstündən öz qanunsuz işini görmüşdü, day fikirləşməmişdi ki, bunun sabahısı, birigünü var. Bir xarabada ki, ulu Teymurləngin adına, arzusuna Tamerlan bəy sahib çıxır…mən…mən bu tarixin var-yoxuna od qoyardım. Qalxardım Bakının dağlı məhəllələrinə, bıçağımı çıxarıb sancardım çərxi fələyin piyli qarnına, yortardım onu-aşağıdan yuxarıya…
Telefon zəng çaldı-zınq, zınq. Tamerlan bəy özünü çal-keçid tərəddüdlərinin yedəyinə verməyərək, tezcənə öz iş otağına tərəf yüyürdü. O, qapı arxasına keçincə dəhliz tam sükuta qərq oldu. Ayaqyolu tərəfdən, qaranlığın içindən sızan su səsinə fikir verməmək də olardı. Düzdü?

* * *

- Bacım qızının nişan xonçasındandı süfrədəki bu şəkərbura, paxlavalar. Yaxın gəlin, çay için, ağzınızı şirin edin, utanmayın. Bax bu badamburanı şair Əlihəmidə verəcəm-şerimizi durğunluğun Tibet mağaralarından çıxarmış gənc istedada, ona mənim canım da, çayım da qurban,-doğma Qarabağ ləhcəsini işə salmış ətliburun Tamerlan bəy, qəbuluna gəlmiş kənd şairlərinin çaşqın baxışlarını bircə istiqamətə-Böyük Çin səddinin divardakı şəklinə tərəf yönləndirməyi bacarınca, öz istədiyinə yetişdi sanki. Bic-bic gülümsədi. İçəridəki kənd şairlərinin hamısı bəstəboy, gödəktörə oğlanlar idi-boyları köhnə bağ hasarlarının hündürlüyü həddində, adam onlara baxanda istəyirdi desin «ay yazıq» .Yad ədəbiyyatları qəbul etmir, xaricə getməyi ağlına belə gətirmir, öz ucuz siqaretlərinin boz külünü ancaq vətən torpağı üzərinə çırpmaq istəyirdilər. Bu kənd zırramalarının mələksifət ana-bacılarından heç danışma-ağızlarına su alıb həmişə susar, qəbir üstə pay gətirdikləri ilə süfrəyə düzdüklərinə fərq qoymazdılar əsla. Heç vaxt. Heç vaxt! Ancaq, ağ süfrə ilə qara qəbirlərin arasındakı fərqi, ayrılığı, onlar əgər duysaydılar yaxşı olardı, vallah. Belə halda, yekəqarın polis işçisiynən incə zövqlü şairin, insan çənəsiylə araq qədəhinin indiki oxşarlığı da xeyli dərəcədə azalar, dönüb olardı heç nə. Heç nə! Nəticədə, dabanıyla sifətinin rəngi eyni olan bu kənd zırramalarının xəstə şerlərində belə, bir canlanma, yenilik yaranar, ağla qaranın fərqi nəhayət ki, bilinərdi. Tamerlan bəyin səfir işldədiyi uzaq Çində hətta bu şerləri alıb oxuyardılar, diqqətnən, sevə-sevə. Konservatoriya «konserva» deyən rusdilli musiqi tələbələri içindən də onların oxucusu tapılardı bəlkə. Bəlkə.
– Hə necəsiz? Eşitdim «Ay işığı » dərnəyiniz qaz vurub qazan doldurur, həə? Görürəm İlyas Ərnəfəs də sizinlədir, eləmi? Sən böyük istedadsan, böyük. Razindəki köhnə «amerikanka» evləri6ndə qalırsız, hə? Deyirlər, ordakı cuhud qəbiristanlığını ləğv edib, torpağı ona-buna paylayacaqlar. İcra başçısı tanışdır, öz qarabağlımız, bir-iki iş aşırdarıq orda, inşallah,- qaraqayış əllərinin bircə sıçrayışıynan çal saçlarının geri darayan Tamerlan bəy, -İlyas, bəri gəl, qoy əlim bir kişi əlini sıxsın axır ki, - mızıltısıynan hamıya xoş gəlmək istədi, xüsusən küncə qısılmış miskin- mağmın İlyas Ərnəfəsə.
Solğun baxışlı İlyas isə Tamerlanın sözlərini dinləmir, onun qarayanıq sifətinə, boğazının şiş damarlarına qulaq asırdı-orda idi ee bu ağbaş kişinin əsas söhbəti, gizlin mətləbləri, ordeydi İrandan saqqız gətirib Bakıda saqqız satmağın uğursuz nəticələri. Ordaydı sünnət toylarında tamadalıq etməyin yorğunluğu, boşboğazlığı.
Süfrəyə qoyulmuş gilas mürəbbəsinin meyvələrini son dənəsinəcən yeyib qurtarmışdılar. Qalmışdı ancaq qıcqırmış şirəsi-ətrafda vızıldayan qara milçəklərdən başqa kim idi ee indi ona öz nəfsini, meylini salan, kim? İlyas aram- aram süfrəyə yaxınlaşdı, masaya atılmış «Yeni Musavat» qəzetinin ancaq görkəmini oxudu, onun hay-küylü başlıqlarına fikir belə vermədi. Vermədi. Qəfildən səksənib öz fikirlərinin şirin yuxusundan o vaxt ayıldı ki, Tamerlan bəy dediklərinə axır ki, nöqtə qoyurdu:
-Bax, «Space» xəbər verirdi bayaq - $ 2000 borcunu qaytara bilməyən bir bədbəxt, biçarə Biləcəridə ö.zünü qatar təkərləri altına atıb. İndi polis gəlib həmin qatarın sürücüsündən $ 2000 rüşvət istəyir ki, hadisəni ört basdır eləsin. Canına qəsd eləyən hardan bileydi ki, başqa birisini də öz gününə salacaq, o da $ 2000 borclu qalacaq, vallah bu işləri dərk etmək üçün Quran açmaq lazımdır, Füzulini oxumaq vacibdir. Füzulini!
Həə, Azdrama önündə lal-dinməz durub, başını aşağı sallamış Məhəmməd Füzuli hamının başını gicəlləndirib, hamının. O, yalnız o, bizlərə – günortadan sonra çiçəkləyənlərə, gecə açılıb pardaxlamış həqiqət gülü timsalı olaraq, bütün sirrlərin sandıqçasını, paxırını aça bilərdi. Az.TV həyətində qədim-qayım bir tut ağacı var – böyründəki ayaqyolunun sahəsi genişləndirilən zaman onu kəsməyiblər, götürüb salıblar ayaqyolunun düz ortasına. Ləzzətdi, həəə? Bunun da izahı Füzulidədi, xüsusən onun incə qəzəllərində, Leyli-Məcnunun axıra yaxın hissələrində. Harda ki, Qeys ağlını itirib düşür çölü-biyabanlara…Ulu Teymurləngin şanlı adına, əlçatmaz arzusuna yiyələnmiş Tamerlan bəyin «sirri-xuda»sı da, Füzulidədi, Məhəmməd Füzulidə. $ 2000 borcundan bezib canına qəsd edən, dolayı yolla onu bədbəxt, yetim bir sürücüsünün boynuna atan Biləcəri sakini də, Füzulidən ilhamlanıb, xüsusən onun «Şikayətnamə»sindən… Bizlərdə nə varsa, əbədidi, ölməzdi, İmam Hüseyn haqqı - $ 2000 borc, Teymurləngin ruhu, Füzulinin incə qəzəlləri…Gələcək nəsillərə onları ötürə- ötürə, gəlib çıxacağıq açırda Böyük Çin Səddinin qala divarları qarşısına…Görərsüz.
Alnının qırışları ilə gücənə-gücənə fikirləşən İlyas, bütün bunları duyduqca, lap əsəbiləşdi, üzünü Tamarlana çevirib, səsini boğazının qalın yerindən çıxartdı:
- Çayın əzizlərin içsin, bizə araqdan-maraqdan al, kef çəkək, Biləcəri elə getdi, Füzuli belə gəldi, bezmişik ee lap!
Qaramat yuxusunda yırğalanan Azərbaycanın bütün ev-eşikləri, iş yerləri, şəhərləri, havası, suyu-göyü kimi, küt baxışlı Tamerlan bəyin adam dığladan iş otağı da, cəmi millətin yanğısını söndürə biləcək qocaman çayxanaya bənzəyirdi – qulaq versən, tənbəlliyin muğamatı eşidilirdi oradan. Qup-quru dilimizin bəzəyi olan ağ-appaq qənd danələri, içdiyimiz pürrəngi çayın rəngini ki sovurub canına çəkdi, insan mətləbinə, muradına, haqqına yetişirdi orada – olurdu azərbaycanlı. Yox…yox…Əl meymunu. O əl meymunu ki, küçələrin…məhz küçələrin tən ortasında qurulmuş yas çadırlarında əyləşərək, mollaların ağzına baxırdı, gözləyirdi ki, haçan, nə vaxt onlar tüklü əllərini qaragur saqqallarına çəkəcək, fatihə deyəcək…Susuz aftafaların qup-quru lüləsindən imdad gözləyən bu xəstə məxluqları salasan ee ayağıvın altına…təpikləyəsən…dirisinə də döyəsən, meyidinə də…
Buydumu İlyası rahatsız edən? Buydumu?
Bəli, bu.
Bilirsənmi, gecənin hansı vaxtı idi? – yas çadırlarının danqa-duruqnla söküldüyü, mollaların ağ mersedesdə evə ötürüldüyü bir vaxt; körpələrin yuxuladığı, xəstələrin su istədiyi bir vaxt. «Jiquli»nin pəncərəsindən əlini yelədə-yellədə Novxanı «akfaparkına» tələsən kefcil lotuların vətən torpağı üzərinə tüpürdüyü bir vaxt.
Dəbərmiş gözlərinin qara-şəvə alovu ilə kənd şairlərinə od qoymaq istəyən Tamercan bəy bunu bacarmadı. Başını aşağı sallayıb qarşısındakı köhnə nərdtaxtaya baxdı ki, baxdı. Baxdı, baxdı, baxdı…
Qabaq-qarşı əyləşib nərd vuranlar günlərlə, illərlə, qərinələrlə zər ata bilər. O vaxtacan ki, yüzüncü, ikiyüzüncü oyunda təsadüfən, Zabratın polis rəisi, əvvəlki vergi naziri, Səməd Vurğun tərəfdən bir-birləriylə qohum-tanış olduqlarını aşkarlamasınlar. Bu məqamda nərd oyunu bitirdi, başqasıynan əvəzlənirdi. Zər atanlar qəfildən diksinib görürdülər ki, nərdtaxtanı bəzəyən dəli ceyranın incə cizgiləri çoxdan, lap çoxdan pozulub,itib-gedib, izi-tozu da qalmayıb heç. O dəli ceyranı əldən buraxmış gic-gicələr, birdən, qəfildən ayılıb ağıllanır, bu dəfə özlərini, öz rəqiblərini əldən buraxmaq istəmirdilər. İstəmirdilər! Qohumlaşıb doğmalaşırdılar, can deyib, can eşidirdilər- o dəli ceyrana uduzsalar da belə…
Bunu beynində yox, sönmüş, üfürülmüş gözlərində anlayıb dərk edən Tamercan bəy kənd şairlərinə nərd vurmağı təklif etmək istədi. Bacarmadı bunu, bacarmadı. Çaş-baş qalıb dırnaqlarının qara kirini nəhayət ki, təmizləmək qərarına gəldi – süfrədən götürdüyü dişqurdalayan çöpün küt ucuynan.
-Onda gəlin püşk ataq, kağız qırıqlarının beş dənəsinə «əclaf», bircəciyinə «kişi» sözünü yazaq. Kimə «əclaf» düşdüsə, o araq almaqdan canını qurtardı, kimin payına «kişi» çıxdı, odur ee gedib araq alan. Vəssəlam! Məşədi İbad deyənin tərsi- bir şüşə araq, beş şair, bir nazir, vəsssəlam, şüttəmam! Sizə dəxli yoxdur, turşu-şorabanı özüm alacam, Təzə Bazardakı malakanlardan.
Arı-duru, saf gözləriylə həyatın gizli məğzini, çopur üzüynən otaqdakıların xəstə nəfsini görüb diqqətlə nəzərdən keçirən İlyas bu sözlərin müəllifi qafiyəpərdaz şair Afər Arran Əbilovu yaxşı tanıyırdı, lap yaxşı. Hardan? – desəm yaxşı çıxmaz eee, Montindəki 6 saylı hamamdan! Oranın kirli künc-bucaqlarından birində, paltarsoyunan yerdə onlar ötən il soyuq qış vaxtı görüşüb söhbətləşmişdilər. Yarıçılpaq Afər Arran hamam suyunun xoş təsirindən vəcdə gələrək, Azərbaycan peşəkar musiqisinin Üzeyirdən yox, Qara Qarayevdən başlandığını israrla sübut edirdi. Miləmil alt tumanını sıxıb suyunu son damlasına, qətrəsinə qədər çıxaran Afər Arran dediklərini küt mismar kimi İlyasın beyninə mıxlayırdı – hünərin var, başqa bir söz de. Ancaq …ancaq, bayırda, eşikdə səs-külü iclaslarda onun gül ağzı başqa sözlərin xiridarı idi, başqa: nə bilim, Üzey ir dahidir, nəhəngdir, Qara uğursuz bir təqlidçidir, vəssəlam! Öyrəndiklərinin də hamısı cühudlardan gəlir… Həə, belə çıxır ki, Afər Arranın haqq yolu hamamdan keçirdi. Onun düz danışmağı üçün hamam lazım idi, isti hamam! Məşədi İbad hamamı…Yeri gələndə, qəhbələrin də qiymətini də aşağı endirməyi bacaran diribaş Tamercan bəy ağzına su alıb susur, Afər Arranın hap-gopuna qulaq asmırdı, bilirdi ki, deyilənlər yalandı, ağ yalan. Bura hamam deyildi ki, Afər durub hamının üzünə haqq-həqiqəti danışsın…
Şair ki, əlinə qələm aldı, molla ki, barmaqlarını saqqalına çəkdi, bakılı ki, Əliağa Vahiddən danışdı – bil ki, Azərbaycanda həmin dəqiqə ən axmaq, geydirmə bir hadisə baş verəcək, özü də lap yekəsindən... İlyas Ərnəfəs tüklənmiş armudu sifətini qara barmaqlarıyla sığallayarkən Masallı mollalarına oxşadı, bakılılar demiş, «yüz fayız, yüz kağız»… İlyasın gözündə Tamercan bəyin darısqal iş otağı Yevlax hava dimanında gördüyü ilginc, unudulmaz bir mənzərəni yada salırdı: oradakı üfunətli tualetin suvaqsız divarına kimsə cüvəllağının biri, savadsızcasına «Giriş bir nizami» sözlərini həkk etmiş, hətta nida işarəsi də artırmışdı onun axırına. Gəncə alverçilərinin biri bunda dahi Nizami Gəncəviyə, küllən gəncəlilərə qarşı dərin hörmətsizlik duyaraq ata-ana söüyüşü ilə düynanın dörd tərəfini söyürdü: «görərsiniz, sudan iraq yerdə sizlərlə cinsi əlaqəyə girəcəyəm,sudan iraq yerdə»…Yerli fahişələrin biri, sarışın Lala isə, bu vaxt İlyasın boynundan asılaraq onun qulağına mızıldayırdı: «sevdim ee səni, qarabala, sabah sənlə prezervativsiz sevişmək istəyirəm, adam kimi, bu günkünə fikrin getməsin»…Azərbaycan şairlərinin qara corablarından püskürən özünəxas qoxuya haçandı ki, öyrənmiş İlyas Ərnəfəs fikrə qərq oldu: «prezervativsiz sevgi» - hardadı o, görəsən? Bakıda, Yevlaxda? Tamercan bəyin iş otağında, Uzaq Çində? Harda?!
İşsiz qalıb darıxan, qəbir daşlarına sifarişlə dörd-beş misralıq şer yazan Tamercan bəy yaman karıxdı deyəsən. Sınıq şüşələrinin yeri qaralmış fanerlə örtülü pəncərəyə yaxınlaşdı ki, əyilib küçəyə baxsın, ordan görükən Yasamal məzarlığına kinayəli bir baxış göndərsin. Bunun mümkünsüzlüyünü duyunca yerindəcə donub qaldı. Qapı arxasındakı bom-boş dəhlizdə dikdaban ayaqqabılı bir fəahişənin addım səsləri eşidilməkdə idi – tuqtuq, tuqtuq…

***

- Mənim baxtıma «əclaf» sözü çıxdı, alın baxın! Can ee, araq almaqdan canım qurtardı, şükür, - şair Ayrım Qaramanlı sözlərini ağzının tüpürcəyi ilə bəzədi, dediklərində öz xislətinin bütün məğzini, tamam segahını ifa etdi, üstəlik, qarmon kimi açılmış üfunətli ağzını yumarkən əziyyət də çəkdi elə bil. Ay Allah, adı nəydi oranın? – həə, Yeni Yasamalın doqquzmərtəbə evləri, bax, şair Ayrım Qaramanlı doğma Gədəbəyindən şəhərə gələli matahını ora atmışdı, şellənirdi oralarda. İlyasgili bir kərəm onu bazlığa dartıb aparmışdılar. «Civiynən» hər cür oyundan çıxmış Ayrım Qaramanlı bazlıqdan sonra nə desə yaxşıdı İlyasa? : «Civi dediyiniz elə bu imiş, həə? Arvadnan onun arasında nə fərq varmış ki?»…İndi də… indi də, Tamercan bəyin qəbul otağında gədəbəyli bu qafiyəbaz öz gicliyini yenidən təkrarlayırdı, özü də necə ustalıqla…Naxçıvan ləhcəsi Bakıda dəbə minəndən o da hamı kimi öz sarsaqlığını birə iki artırmışdı, nə deyəsən ee, belənçik zəvzəklərə? O, bütün kəndlilər kimi dinsiz-imansız idi, salavatı sol əliynən çevirən kənd zırramalarının lap yekəsinnəniydi, lap yekəsinnən!
- -Ərimiş dondurma buzlusundan yaxşıdı, alıb gətirən olsa, yanğımı söndürərdim. Yaneyram a dağlar, yaneyram, - gədəbəyli qafiyəbazın mövzudankənar sarsaqlaması Tamercan bəyi diksindirib çaşdırdı, yazıq bilmədi neynəsin. Qızılı eynəyini götürüb gözünə taxdı ki, öz zəhmini, ciddiliyini azcana artırsın. Sanki həyatın mənasızlığı onun bu hərəkətindən qorxub geri çəkiləcəkmiş…
Hamının… hamının sir-sifəti gec-tez qırışların hörümçək toruna düşüb orada ölənəcən çabalayacaq. Ölənəcən. Bunu görüb duymaq adamdan diqqət istəyir, bir də səbir. İlyas, Ayrım Qaraxanlının əzgin simasında, çaşqın baxışlarında bu sirri duyaraq ağrılı başını aşağı salladı, lap aşağı. Gördüyünü axıracan, son nöqtəsinəcən izləmək, güdmək niyyətinə düşmədi. Axı bunun nə faydası?
Tamercan bəyin iti tamah dişini soyuq dondurmaya tərəf çəkən Ayrım Qaramanlı bununla ətrafdakıların fikrini özünün bayaqkı sarsaqlamalarından yaındırmaq istəyirdi. Nahaq, nahaq yerə…Hamının bir gözü Ayrıma, digəri dünyanın faniliyinə sarı zillənmişdi – elə biləsən ki, bu gözlər Bakıdakı əclaflığın dəqiq yerini, yuvasını axır ki, müəyyənləşdirməyə nail olmuşdu – yalan deyirəm bəlkə? İlyas hiss etdi ki, burda, bu otaqda gördüyü insanların, əşyaların nəinki özü, həm də Allahı var! Balaca bir tanrısı var – yayınmaqmı olar onların öldürücü baxışlarından?
-Allah min rəhmət eləsin məhləmizdəki yüz yaşlı Molla Mopəriyə. Deyirlər, onun kəraməti, dua-yalvarışlarından idi ki dava vaxtı Hitlerin təyyarələri Bakı üzərində uçsalar da, şəhəri bombardman eləmədilər, bir dənə mərmi də düşmədi bu xarabaya. Ancaq gərək düşəydi – onda indiki soxhasox, şərəfsizlik elə öz beşiyində məhv olar, day gəlib bu yerə çatmazdı. Ay Molla Mopəri, neynədin ee sən, - çılğın cümlələrini həmişə saçaqlı söyüş sonluğu ilə bitirməyə alışmış İlyas indi də buna öz sədaqətini, itaətini nümayiş etdirərək lap dərinlərə getdi,- sizi görüm toy gecəsi Məşədi İbadın halına düşəsiz, ay filan-filanlar, - kəlmələriynən aradakı söhbətləri bitirmək istədi, ancaq qəfildən yerində donub qaldı. Deyilən söyüşlər əksinə, hamının ürəyindən idi. Ürəyindən!
Çaşqınlıq içində qalmış İlyas sanki siqaretini yox, ağzındakı sözləri alışdırdı:
- Tamercan bəy, söyüşə görə üzr istəyirəm. Rebəta, izvinite menə za moy latınskiy əzık.

***

- Afər Arran Əbilov, sən Fransaya getmə, çalış əsərlərin də bu ölkədə çap olunmasın. Fransızcada sait səslə başlayan soy adlarının əvvəlinə «d» hərfi artırılır. Sənin adın Fransada «Debilov», yəni «dəli» kimi səslənəcək. Ayıbdı, qardaş, ayıbdı, o qələti nəbadə eləyəsən.
Masa başına toplaşanlar yenidən püşk atdığı bir vaxtda, süfrədəki çörək ovuntularının ən gözə girənini ağzına ataraq onu ləzzətlə gövşəyən dramaturq Rahim Ulusəs payına çıxmış kağız bükülüsünü çox gec açdı. Nazlandı, arada Afər Arranı lağa qoydu, sonra əlindəki kağız parçasını aça-aça sözünə dərin bir fəlsəfi naxış vurdu:
- Görək fələk bizə nə deyir. Dünən əlimi cibimə atdım ki, pul çıxaram. Gördüm əlli minliyin üstünə başdanxarabın biri «Qarabağı unutma!» sözlərini yazıb. Əclaf bilir ki, əlliminliyi cıran olmayacaq. Qorxuram bu kağızın içində də həmin sözləri görəm. Fransızlarda…
Qəfildən Rahimin gur səsi batdı, Şamaxı batan kimi. Əlindəki kağız parçasını ağzına ataraq onu hop eləyib udan Rahimin iri, pörtmüş üzü andan ana ağarır, açdığı kağızın ağ rənginə tay olurdu. O, dalını divara verib yanı-yanı, əyri-əyri qapıya sarı geriləyərkən cisimsiz, isimsiz bir məxluqu yada salırdı. Hiss olunurdu ki, onun mənliyi gedib, içinin taxt-tifaqı dağılıb.
-Əclaf mənə deyirdi ki, Fransaya getməyim, şərəfsizin biri şərəfsiz. Tutun onu. Ömründə bir dəfə kişi çıxdın, o da bizim atdığımız püşk kağızında. Götürüb yedin onu, yerə girəsən səni, çartdağın yekəsiymişsən ki, ay gicgicə, - Afər Arran irəli cümub Rahimin başına ikiəlli bir qapaz saldı – şarraap!
Tamercan bəyin yazı masası əvvəllər bir müddət Nəşriyyatın həyətində, qazanxana tərəfdə atılıb qaldığından onun üst-başı bərkiyib qurumuş sərçə zılı ilə bəzəkli idi. Adam sıxılırdı ona baxanda. Kimiydi ee onu qaşıyıb təmizləyən? Rahimin nakişiliyindən əsəbiləşmiş Tamercan bəy, dırnaqlaraıynan bu «ağ» ləkələrin bir neçəsini nəhayət ki, qopartdı- özü də bilmədi necə, nə cür, hansı güclə. Yazı masasının bütövlüklə, başabaş təmizlənməsi üçün on-on beş belənçik hadisə lazım idi ən azı.
İlyas başını sağdan sola çöndərərək üzləşdiyi mənzərəni bir daha diqqətlə nəzərdən keçirdi. Otaqda kasıbçılıq idi. Elə bil boz eşşək qalırdı burda. Araya sükut çökdü – onu sanki yaxınlıqdakı Yasamal məzarlığından borca alıb bura gətirmişdilər. Tamercan bəy kağızdan bir külqabı düzəldib siqaretinin külünü ora tökür, «mən oturub hər cümə, eyləyirəm tərcümə, bunun xeyri dəysin, xırda-xuruş xərcimə» şerini mızıldayaraq divarı bəzəyən Böyük Çin səddinin al-əlvan təsvirinə baxırdı – gözlərində sükut, üzündə həsrət. İntəhası, onun Böyük Çin səddi elə bu divar idi, bu adi divar.