Alatoran_header  
Əsərlər > Həmid Herisçi > Nekroloq

MADONNA. ADAŞ. BIÇAQ. QƏTL.

(romandan parçalar)

XIII hissənin ardı

Görmüsən, seyr eləmisən də indiki Bakının toy məjlislərini - burda, süfrədəki bütün nimçə-nəlbəkilər tezliklə külqabıya, Gülnarə, Sevinjlər isə Gülya, Sevalara çevrilir. Lopabığ kişilər bir qırağa çəkilib ən kifir, əyrimçə qız-gəlinləri də xumar gözləri ilə süzür, deyirlər: "Anjaq ayaqları yaxşıdı ee"... Belə yerlərə anjaq öz qəhbənlə gedəsən... Belə yerlərdə əvvəl-əvvəl adamın könlü sıxılır, ardıyja ürəyi çartlayır. Sonra, onun kasıb evinin divarında da dərin bir çat açılır. Sonra, hamı ölür, gedir qəbristanlığa. Sonra, lap axırda, qəbir daşlarınızda da bir çat əmələ gəlir - qəzavü-qədər, qədim nağıllar bəlkə bu zaman çatlayır, buraxır bizləri azadlığa?... Görmüsən, seyr eləmisən də indiki Bakının toy məjlislərini. Orda, Baladadaş dönüb ölüb başqa adam - Bakı oğrularının böyüyü Göygöz Sabir. Yaxud, Sanka Zver Jabirini qatili Kəvir. Bunlardan gəl danışım sənə. Özü də bütün bu çevrilmələr "Qarı gəlin" şadlıq evində baş verir... Orda oturmuş əli təsbehli qojaların biri deyirdi ki, Sanka Zver də bir vaxt bu şadlıq evində öz toyunu keçirib - "lotu toyu"nu. Yığıb bütün oğruları öz başına. Milislər hirslənib məjlisin işıqlarını kəsiblər, - yəni, dağılın, gedin. Sanka Zver isə çıxıb eşiyə, əmr verib ki, yandırın "moskviç"lərin, "pobeda"ların qabaq çıraqlarını, buraxın onların işığını zülmətə qərq olmuş şadlıq evinin pənjərələrinə... Hə, Sanka Zver həmin gün zülmətə, gejəyə, milislərə qalib gəlib. Anjaq sonra... sonra, zülmət intiqam alıb ondan... Özü də kim öldürsə onu yaxşıdı? - janjiyəri Kəvir... Bunları gəl danışım sənə.

MƏLİKMƏMMƏD NAĞILI

_ "Kəvir, qardaş, "Cənab 420" kinosuna neçə dəfə baxmısan, yüz dəfə, hə?"
Saçları ağarıb gümüşləndikcə, quldur sifəti dönə-dönə, zülmət-zülmət qaralmış əyriağız Kəvir, Passaj bazarı qarşısında saqqız-maqqız, ağcaqanad dərmanı satışıynan baş girləyən Çənə Hüseynin bu növbəti şit zarafatına çox gec cavab qaytardı. Onun əyri-məyri, gedib qulağının dibinə girmiş ağzı Bakının, Passaj bazarının bütün eybəcərliklərinə, sapıntılarına, nadürüstlüyünə tərəf meyillənmiş, orada özünə həmişəlik dinclik, rahatlıq tapmışdı sanki - inan mənə. Qırış-qırış üzünü guya ki, Allah-Təalaya, kürəyini adamlara çevirmiş köhnə kişilərin çoxu kimi, o namusa-qiryətə, Bakının tarixinə, taleyinə, Zeynəb Xanlarovanın oxumağına, Heydər Əliyevin Az.TV-dəki uzun nitqlərinə əlinin qara təsbehiynən zəncirlənmişdi - bərk-bərk. Məşədi İbadın bulvarda hambal axtarmağını xatırladırdı onun daxilindəki təsadüfi, ötəri mənəvi-dini axtarışlar - "dünya beş gündü, beşi də qara" kimi bom-boş hazır cavablar həmişə onun hikmətli sözlərinin, küt beyninin hamballığını çəkərdi deyə, Kəvir heç vaxt söz-sovdan yorulmazdı. Heç vaxt. Düzü, ağzının danışığı, qeybəti-laqqırtısı da yoxuydu - daha çox öskürməyi, birdə ki, yerə lomba-lomba tüpürməyi vardı onun. Bütün bazar əhli sayağı, Kəvir də elə bil ki, sözü-sovu yadırğamış, onları söyüş-möyüşlə əvəzləmiş, şeytanla qoşa qarımağa üstünlük verərək, ağzı qızıl dişli bazar alverçilərinin gözündə dünyanın lap yuxarı başında, dikində özünə cayılı, möhtəşəm bir yer qazanmışdı, guya. Banı, səsi batmış qoca xoruz təhər-töhürüynən Pasaj bazarında xozu-xozu gəzişən Kəvirə kimsə "qoca" desəydi, əvəzində "həə, üç-dörd gündür ki, qocalmışam" cavabını eşidər, qorxudan səsini içinə salıb susardı - biriki gün ən azı. Belənçik sözlərdən sonra Kəvir həmişə köhnə bir ana mahnısının "mən bişirirəm kotlet, sən get restoranda rəqs et" nəqarətini burnunda mızıldatmağı unutmazdı. Mızıltı-fısıltıynan qələbə çalardı bütün söz-söhbətlərə. Kiminsə təzə şalvar, köynək geydiyini görcək, Kəvir həmin adamların sevincini "bunları Sabunçu vağzalı tərəflərdə, səki üstə üç-dörd məmmədə satırlar" sözləriynən cımcıqlayar, bu sevinci də üç-dörd məmmədlik edərdi. Nəticədə, Bakının, Sabunçu vağzalının faniliyi bir xal da artıq qazaranaraq irəli düşər, sadə insanın sevinci üzərində daha bir qələbə əldə edərdi - Kəvirin vasitəçiliyi ilə.
- "Kəvir, qaqaş, "Cənab 420" kinosuna neçə dəfə baxmısan, yüz dəfə, həə?", - Çənə Hüseynin bu şit zarafatının cavabını Kəvir yamanca yubadırdı.
Qarşı tərəfdəki Azərnəşr binasının sısqa, zəif çil-çırağı sönərək qeybə çəkilmiş, nəticədə, Sabir Əhmədlinin cümlələriynən danışcaq, bu qədimi bina guya bircə gecədə özülündən sökülərək itib getmişdi aradan. Sarı yarpaqlarını Hüsü Hacıyev küçəsinə bircə-bircə nəzir verən payız ağaclarının hərəkətinə uyğun olaraq ərgənsifət, xoruzgöz Kəvir də damağındakı "Kazbek"i yerə atmalı oldu. Onların təsadüfi bu işbirliyi payızın, Kəvirin gözəlliyini, xoşa gəlimliyini birə min artırsa da, qəfildən-lapdan səslənən hərcayı sözlər bütün bunları heç-puç elədi:
- Çənə Hüseyn, atamın elə bircə adı əzib xəşilüvi çıxarar sənin, sən gicmollanın. Atam ad qoyub ee, Bakıda, ad-götür onu lap Baksovet metrosuna ver! Alə, qələt edib sənə icazə verdik kişi hamamına girəsən - indi buna görə ağzuvın yüz yerindən yekə-yekə danışmalısan? Oğraşdı yalan deyən - 49 yaşında ölümüş atamdan çox yaşayanların hamısını əclaf-bişərəf görmüşəm indiyəcən, vallah. Kişi, kişiydi ee - arağ içərkən də deyərdi ki, "Allah qəbul eləsin!" Bir gün "itlər" onu Papanində tuturlar ki, cibində nəşə var sənin. Nəşəni tapmırlar. Atam nə desə yaxşıdı onlara: "Mənim nəşəm həmişə var, intəhası indi hələlik nəşəsatandadı!". Cənab 420-i elə rəhmətliyin özü idi ki, özü, - Kəvir bu sözləri deyəndən sonra hamı susdu - elə susdu ki, yaxındakı ayaqyolunda axan suyun da səsi eşidildi. Çənə Hüseyn həyəcanlanıb Pasajın kirli divarlarına söykəndi, özünə dost bildi onları. Divarların sərtliyindən, kirindən, əyriliyindən güc alıb azca ağıllandı, hiss elədi ki, qarşısındakı elə belə adam deyil-ölən gününəcən iynəni saplamağı bacaran qədmi-qayım qocalardan biridi, bəlkə də ən birincisi. Göydəki avara buludlar, beyinlərdəki hərzə-hədyan fikirlər eyni sürətlə hərəkətdəydilər - Kəvir dediklərinin nöqtəsini qoymamışdı hələ ki. Əvvəlcə o, nərd yurdu müştərisiz Pasaj bazarında, gülsatanların içində. Oyunun axırında qara daşların lap sonuncusunu, ən qarasını var gücüynən nərd taxtasına çırpdı. Bu hərəkətiynən Kəvir bayaqkı söhbətin qara nöqtəsini indi qoyurdu, indi. Çənə Hüseyn də əvvəl bu daşın səsini, sonra Kəvirin xırıltısını eşitdi: "Bu gün sənə qanlı bazar günü olacaq".Mən bir də, təzədən o nərd naxtasının qara daşlarına baxdım - elə bildim ki, onlar hələ deyilməmiş, eşidilməmiş sirlərin, söhbətlərin axır qara nöqtələri olmağa hazırlaşır.
- Sanka Zver Cabiri 1969-cu ildə sizmi... sizmi öldürmüsünüz? Mən "Alatoran" qəzetindənəm.
Düşük şalvarını qorxa-qorxa az qala ürəyinədək yuxarı çəkmiş Cənə Hüseyn artıq gözə dəymirdi. Hər tərəfdən qapı qıfıllarının axır şaqqıltıları eşidilirdi - dükanları bağlayırdılar. Ayaqyolu tərəfdə kiminsə anasını, hökuməti söyüb-sulayırdılar deyə, bazarın musiqiliyi birə min artmışdı. Yenə də Kəvirə tərəf boylandım. Hiss etdim ki, o, verdiyim gözlənilməz sualı təkcə qulaqları ilə yox, qara sifətiynən də eşidib.

***

Ölkədə qarışıqlıq düşəndən Pasaj bazarı alverçilərinin günü-güzaranı ağırlaşmışdı. Sallaqqarın Kəvirin dombagöz arvadı Sonaxanım bunu ərindən daha yaxşı hiss edirdi. Bazardan evə ki qayıtdı, əvvəl-əvvəl o, üst paltarlarını soyunar, onları yataq otağındakı köhnətəhər dəmir çarpayının üstünə atardı. Sanki dincəlməyi, rahatlanmağı öncə pal-paltarlarına rəva bilərdi, sonra, lap axırda özünə. Tez-tez gözünün yüz yerindən yaş tökən Sonaxanımla əri Kəvir, həmişə əvvəl söyüş, sonra söznən danışar, bu da bəs edərdi ki, Sonaxanım susub üç-dörd gün özünə qapansın. İndi də belə oldu-elə mənim hüzurumda Kəvir, bazarda qarın qutabı bişirən arvadını "ay sənin küftə-bozbaş payını filan-filan eləyim" söyüşüynən tumarladı, əlini daz başına çəkib üzünü mənə tərəf çevirdi:
- Alə, uyməmməd, mənimki bilirsən haçandan başlayıb? Təzə Pirdə, mehrab tərəfdə nəzir qutusu vardı, dəmirdən, rəngi qapqara. Namazı ona baxıb qılırdı hamı, elə mən də. Kasıbçılıq, evdə bir çətən külfət, atam xərçəng - neyləməliydim ki? Bir gün, 7 noyabr bayramı günü, namazdan sonra, xalaoğlu Cəfərin qatlama bıçağıynan nəzir qutusunu açdım, içindəki üçlük-beşlikləri, nal dəmir manatlıqları götürüb basdım ee cibimə. Vallah, göydəki Aya da kölgə-ləkə salırdı mənim bu hərəkətim - deyə fikirləşdim əvvəl-əvvəl. Beş-altı ay kef çəkdim belənçiynə - evə "Dnepr" soyuducusu aldım, arvada üst-baş. Sonra... Sonra lap mərəkə oldu - xəbər yayıldı ki, son beş-altı ay məscidə verilən bütün nəzirlər hasil olub, hamı muradına çatıb - sən demə, belə deyilmiş o vaxtacan. Hamı - Zabrat, Bayıl, Maştağa camaatı tökülüb gəldi məscidə. Mərəkə! Həə. Bax o vaxtdan bilirəm... bilirəm neynirəm, yoldaş qəzetçi, - siqaretini əyri ağzına sarı gətirən Kəvir, onun sarı tüstüsünü sinəsinə çəkməkdə tələsmədi. Mənə baxan dodaqlarıynan xəfifcə gülümsədi - yuxarı məhəllə qocalarının hamısı kimi Kəvir də mən kimiləri yox, ancaq sürücüləri kişi sayırdı.
- Sanka Zver Cabiri necə öldürdüz, bunu danışın daa qəzetimizə, deyirlər siz məlikməmmədlik etmisiniz o vaxt, Div Cabiri öldürmüsüz, danışın, xahiş edirəm, - üzünün tükü-mükü qəbiristanlıq tir-tikanından geri qalmayan Kəvir, dediklərimi eşidincə bərkdən əsnədi. Bu vaxt onun üzü daha da tükləndi elə bil. "Lap darıxdım, lap qaşındım ee yaxşı pivəyçün" arzusunu sinəsindən fısıldadaraq söhbətimizin mövzusunu qarşıdakı pivəxanada azdırmaq istədi bu, saçları ağardıqca sifəti qaralan azərbaycanlı. Onun sağı gülsatanların piştaxtası idi, solu Pasaj bazarının üfunətli ayaqyolusu. Oradan qalxan ətirlərin toqquşduğu, sevişdiyi nöqtədə əyləşib, ətli çiyinlərində mələyin, şeytanın əlini hiss edən Kəvir, elə bil ki, uzun axtarışlardan sonra dünyanın mərkəzini, göbəyini tapmışdı, indi isə orada nərd oynayırdı, özü də udurdu hamını.
- Sən həmşəri olarsan, - "Prima" siqaretinin kötüyünü yerə atan Kəvir, bu sözləri də yerə atdı elə bil. Güldü, arağ vuran kimi bakılılığı artan məhəllə cayılı ədalarıynan gözlərimin lap dibinə zilləndi. Ancaq bir cəhəti unutdu ki, bu şəhərdə ən böyük bakılılıq, il uzunu əsib coşan xəzri güleyindədir, nəinki insanlarda:
- İranda şahnan- zadnan vuruşub sizin atalarınız, "demokrat" deyərdik biz onlara. Qaragünlər 47-də tökülüb gəlmişdilər Bakıya. Şahnan davalarını görmədik biz - evləndilər Bayır şəhərin qızlarıynan, sonra başladılar bu arvadlarıynan dava-şavaya. Mərəkəydi lap... Alə, onlar şahnan, divnən-zadnan dava eləməyiblər ee, arvadlarıynan söz güləşdiriblər, başmaq-şapşap atıblar onlara ancaq. Arvad-həə, bax onunla hamı vuruşub, qardaşoğlu.
Səsi-boğazı, ləfzi-lizanı cüməaxşamı söhbətlərində sazlanmış Kəvir, axırda dedikləriynən lap çaşbaş elədi məni:
- Alə, həmşəri, divi-şahı mən öldürmüşəm ee, mən, 1967-ci ildə qalxdım Qız qalasına, gecə vaxtı, gözətçi bizim tanışlardanıydı. Yanımda keyfin istəyən bir qız. Cana deyirəm ee sənə, cana! Heç, haqq-hesab elədim onunla orada, qızlığını aldım! Bu da sənə Qız qalası əfsanəsi!
"Heyvandı, eşəkminəndi ee buranın adamları, ancaq qussunlar, batırsınlar!" - ayaqyolunu sonuncu kərə silib-süpürən Xeyrə arvadın yaşmağlı ağzından tökülən sör-söyüşlər qulaqlarımı qılıqladı, Kəvirin xatirələrini lap yerində kəsib bitirdi. Eşikdə xəzri vıyıldayırdı - o, Yasamal qəbristanlığında bitən dəvəyemi tikan kol-koslarını kökündən qopararaq onları yumalayıb fırlaya-fırlaya gətirib çıxarmışdı Bakının düz göbəyinə, Baksovetin bağlı-qıfıllı, polisli-milisli qapılarına, Qoşaqala darvazalarına, Pasaj bazarının ağzına, Kəvirin söhbətinin iki addımlığına. Mən də onlara qoşulub Baksovetin bağlı qapılarını, İçəri şəhərin qala divarlarını döyüb taqqıldatmaq istədim, fikirləşdim ki, indi onlar bir də gördün açılar, cavab verər suallarıma. Kəvirnən mənimki alınmadığından, indi onlarla idi söhbətim. Uzun, cavabsız söhbətim. Bakılılar məni bu vəziyyətdə görsələr, adıma «uyməmməd» deyərdilər.
Küçədə bir də ayıldım ki, DTK binasının üzbəüzlüyündəyəm. Bir dəstə qara fəhlə gecəni gündüzə qatıb onun qədim, qapqara daşlarını sürtüb ağardırdılar - prezidentin ad günü üçün o ağappaq olmalı, tarixin yükünü, rəngini çiyinlərindən yerə atmalı idi. Birdəfəlik. Həmişəlik.

Görmüsən, seyr eləmisən də, indiki Bakının toy məjlislərini - burada, süfrədəki bütün nimçə-nəlbəkilər tezliklə külqabıya, Gülnarə, Sevinjlər isə Gülya, Sevalara çevrilir. İran şahlarına Təbrizdə güllə atan Qafar ağa, Bakıda öz arvadı, anam Tamilla Axundovaynan savaşan bir biçarəyə, həmşəriyə çevrilir. Hirslənir, özündən çıxır tez-tez, çıxıb gedir Sovetskidəki qədimi Şor hamamına. Görür ki, müştərinin biri alt tumanını unudaraq evə gedir, kisəçi Rafiq isə onun dalısıyjan qışqırır, yerdəki yırtıq tumanı əlinin baş barmağıynan göstərə-göstərə: "qaqaş, bəs Azərbayjanın bu bayrağını kim yerdən qaldırıb özüynən aparajaq?"... Görmüsən, seyr eləmisən də indiki Bakının toy məjlislərini, hamamlarını, itxanalarını, onun Yazarlar birliyini, şişman yanaqlarını əsdirə-əsdirə ijlaslarda danışan onun yazıçılarını, katiblərini... Azərbayjanlıları... Görmüsən, bilirəm ki, görmüsən qaqaş, hələ iyrənmisən də onlardan... Allahın işidi - indi, burda, DTK-nın daşları ağardılan qədimi binası önündə mən fikirləşirəm: İran şahları, Div, Hökumət, zamanla dava-şava, Sanka Zverin öldürülməyi, inqilab-bəlkə bütün bunlar nağıldı, insanın başından yuxarı hoppanmağı, onun yekəxanalığıdı anjaq... Evdə, bozbaş iyi verən mətbəxdə, əyni xalatlı arvadla, adi məişətlə savaşmaş, ona başmaq atmaq - bəlkə bu idi ən böyük müharibə, əsl, həqiqi inqilab, həə?... Qafar ağa məlikməmmədlik etdi, həm divlə, şahlarla, həm quyunun dibində tapdığı qızla - mənim anamla vuruşdu. Şapşapını atdı həmişə ona... Məlikməmməddən də dərinə getdi...
Özü də bütün bunlar Bakıda , "Qarı gəlin" şadlıq evində baş verirdi...
... mən isə bayaqdan çənə döyürəm, Kəvirdən Sanka Zveri neyçün, nejə öldürdüyünü xəbər alıram...

***

Bir cürə Bakı gecələri var - dibindən, bağrından, sinəsindən, içindən-içalatından güllə səsi gələn gecələr, bu səs Nardarandan, Yasamaldan, 7-ci mədən sahəsindən gəlir; Bibiheybətin ölü neft quyularından gəlir. Gəlib adamı fəlsəfəyə, pərdəsinin ipi boşalmış kirli pəncərələrə, mərhumların divardan asılı şəkillərinə, Allaha tərəf çəkir, sonra itib gedir, səni elə özünlə tək-tənha buraxır - Allah da qəbul etmir səni; o vaxt hiss edirsən ki, bu güllə bütün ümidlərə, sevgilərə tərəf atılıb. Hər birimizin düz ürəyinin başına, beyninə, namusuna sancılaraq qətlə yetirib onları, doğma Bakımızı. Bizi isə sağ buraxıb. Sonra lap axırda, maştağalı Gic Mirzobdanın bir şerini pıçıldayıb bizə, özü də tüklü-müklü qulaqlarımıza yox ee, siqaretimizin zəncirli tüstüsünə pıçıldayıb onu: "Ey ölüm tez gəl, bu həyat öldürdü bizi".
Belənçiknə bir gecənin axmaq ovqatı beynimdən hələ silinməmiş, mən Əzizbəyovda 71 saylı köhnə "pazika"a minib Nardarana gedirdim - Kəvirin Sanka Zver Cabiri öldürdüyü yeri görmək, oranı qələmə almaq çoxdankı arzum idi, lap çoxdankı, hələ uşaqlığımdan. İçəridəkilərin üç-dördü "adamı öskürdən" yaxşı nəşədən gizli-gizli, xəlvətcə sümürüb siyasətdən gopa basır, hər sözü söyüşlə, dərin mənalı xırıltılı öskürəklə təsdiqləməkdən ayrıca ləzzət alırdılar. Nəşəni hələ Əzizbəyovda, dayanacaqda "kazbek"ə sümbələmiş bu qaqaşların söhbəti bircə mövzunun başında idi: başını saxlamaq istəyən hər kəs üz tutur xaricə... Nardaranın ilk əncir ağacına çatcaq, baltaçənə sürücü sürəti azaltdı, sevindi, azadlığa çıxdı sanki, "Kəvir, Sanka Zveri burada yortub-deştəkləyib" kəlməsini ağzından tüpürərək gözlərini yumub qapadı. Çox yox, bir-iki saniyə. Bir də eşitdim ki, arxa, cırıq-yırtıq oturacaqlar tərəfdən kimsə məni səsləyir: "Həmid, qaqaş, yadına gəlir əsgərlikdə kapitan Starostin nə deyirdi mənə: "V kosmiçeskom prostranstve net takoqo idiota kak rədovoy Oktay Velixanov!, sən ona cavab verərdin ki, "Toqda vıxodit, çto Oktay kak i Öriy Qaqarin əvləetsə kosmonavtom". Xa-xa! Həə, qardaş, necəsən, iş-güc?, - damağından heç vaxt ağ "malboro"su əskik olmayan Oqtayı, "Azadlıq" radiosu müxbiri Oqtayı indi burada görmək, səsini eşitmək həm məni, həm onu yamanca həyacanlandırsa da, əsgərlik can-ciyərim tez özünü ələ alaraq kənd uşaqları kimi sazdan sözə keçdi:
- Həmid, Allah can sağlığı versin Ben Ladenə. Elə ki, dərviş "Paris"i dağıtdı, amerikalılar maaşımızı birə-üç artırdılar. Hələ on nəfəri də əlavə olaraq işə qəbul etdilər - hamı İslam fundamentalizmi, div Ben Ladenlə mübarizəyə! Şükür, maaşımı indi balta kəsməz, nə qulluq edim ee qaqaş sənə? Gəl bir arağ alım, istəsən ged lap ayaqlarını yu onunla. Gəl düşək, Sanka Zveri buralarda öldürüblər, bilirsən? Can ee Həmid, qurban olum Ben Ladenə, maaşlarımızı artırdı da, kişi kimi!
1995-ci ildə nəşə, 97-də tapançaynan tutulan Oqtay, qoca anamın dadlı göbələk şorbası bişirdiyini də xatırladı; hələ, burnunu dikəldib onun Montindən gələn qoxusunu da sinəsinə çəkməyi unutmadı - keyfi saz idi cins şalvarlı bu bicbalanın, saz. "Pazik"dən yerə endik, bir-iki addım, çəkmələrimiz o dəqiqə tozlandı - belədi də bizim kəndlər. Oqtay müğənni Məmmədbağırın divarda parıldayan cildli-cilvəli şəklinə baxıb "Məmmədbağır, beş verim bir də bağır!" zarafatını astaca, qorxa-qorxa qulaqlarıma pıçıldadı - Nardaran ağır kənddi, burada gərək ucadan hırıldamayasan. Kənd pirinə gedən yol bom-boş idi. Boş. Ona sarı pırıltıynan qanad çalan sərçələrin uçuşu başqa səmtdən idi, başqa. Hiss etdim: bircə təpiyə yıxılacaq köhnə kənd hasarlarına indi söykənməsəm, yarpaqları saralıb sallanan, qabığı, gövdəsi çat-çat tozlu əncirləri indi sevməsəm, yaxşı-yağlı bir söyüşlə ağzımı indi doldurmasam - mən nəyi dərk edə bilərəm ki, burda? Nəyi?... Sanki Zverin qətlə yetirildiyi yer: yazığı elə öz tapançasından güllələmişdilər. İndi burada təndir qurub çörək bişirirlər, Maştağa dəlixanası da lap yaxındı buralara. Pir də. Hacı Əlikramı təzəcə həbs ediblər - ətraf polislərlə dolu. Divarlarda nidası özündən böyük İslam şüarları. Sanka Zverin öldürüldüyü yerdə bütün bu görüntülər bir-birinin çiyninə girərək halay tutub yallı gedirdilər, hətta Passaj bazarına tərəf qollarını ataraq Kəviri də gətirib salmaq istəyirdilər bu şeytani həngamənin, oyunun düz ortasına. Dünyanın kəllə-mayallaq aşdığı, cinayətlərin hoppanıb bir-birinin baş-belinə dırmaşdığı bu yerdə mən susdum, tum çırtlamaq istədim. Bildim: bizlərin,biz gicmollaların kabab tüstülədib, göy-göyərti satdığı, nərd vurub qopa basdığı, şer yazdığı, qəzet oxuduğu, prezidentin, müğənnilərin şəkillərini asdığımız yerlərdə, min il sonra da heç nə yaranmayacaq, ot da bitməyəcək, görərsiz. Yalandan, yalanbaşdan, özümdən demirəm bunu. Qarşımdakı bu şeytani Çənlibelin lap qırağında çömbələnib yerdə oturmuş, saçaqlı konfet, həna-piltə, tum satan qoca arvadın adından, onun qara çadrasının dilindən deyirəm bunu. Hiss edirəm ki, dediklərim hamının ürəyindən, Allahındandı. Nardaran pirindəki Allahdandı.
"Can ee, Ben Ladenin pulları!" - bu sözləri aydın-səlis deməkdən ötrü, Oqtay, bayaqdan çeynəyib-kövşədiyi nanəli saqqızını ağzından çıxarıb, onu böyründəki elektrik dirəyinə yapışdırdı, sonra, gömgöy dollarlarını cibindən çıxararaq gözümə soxdu: Al iylə, təp-təzədirlər...
Ben Laden - odurmu bu günün nağılı, indikinin divi, Məlikməmmədi? Odurmu? Ancaq Kəvir... Kəvir bilər bunu... Haradadı indi o, görəsən? Bayaq bizi bura gətirmiş "Pazik", Nardaranın başına hərlənib yenidən qabağımızda dayanır. Ona minib gedirəm - hava qaralanda vaxtı gələn qəhbələr küçələrə hələ çıxmamış.

***

Bütün eybəcərlikləri bir yana, hətta iyini-üfunətini də maddiləşdirib nağdlaşdırmaq istəyən Passaj bazarında hər gün üzləşdiyim adi bir mənzərə bu gün lap bezdirdi, qubar elədi ee məni: bazara Altıağacdan şoraba gətirən, ancaq içəri buraxılmayan malakan arvadın dönə-dönə israrlı yalvarışlarına cavab olaraq küftəburun polis onun üzünə anqırırdı: "nə durubsan ee başımın üstündə, ikonalardakı urus Allahı kimi"... Passajın üzbəüzlüyündəki 190 saylı məktəbin yerində 37-ci ilə qədər Müqəddəs Aleksandr kilsəsi ucalırdı - Ona Qızıllı kilsə deyirdi müsəlmanlar. Passaj bazarı alma-heyva da satdı, donuz-qoyun cəmdəkləri, hətta həmin o Qızıllı kilsəni də. Bazarın-alverin əbədiyyətə qovuşduğu, kilsə-məbədlərin yoxluq qazanıb qeybə çəkildiyi bu satqın-xain məkan, indi çürük ağzını açıb yazıq bir malakan arvadın haqqını udmaq istəyirdi - nağılların divi, əjdahası sayaq, vallah. Yadıma Kəvir düşdü, qaçdım-yüyürdüm ee, onun yanına. Toyxanalarda muğamatı "xaric" oxuyan buxarapapaq müğənnilərin eybini açmaqda səriştəli olan Kəvir, adi həyatdakı əyər-əskiyi qətiyyən vecinə almazdı. İndə də belə oldu, indi də:
- Həmşərisən ki, həmşəri... Təzədən bir Quran söz oxuyacaqsan ki, ay, Sanka Zveri kim cəhənnəmə vasil elədi, ay, Məlikməmməd belə gəldi, belə getdi. İndi də malakanların söhbəti... Alə, əl-ayağım sənə dəyməmiş deyirəm: onu mən öldürməmişəm, bildüüün, - Kəvir, axır kəlmənin son incə hecasını saqqız edib uzatdı, bununla da məsələnin çox incə məqamlarda gizləndiyini mənə çatdırmaq cəhdində bulundu sanki - yediyi parça-bozbaşı bircə anlığa unudaraq. Bozbaş da ki, nə bozbaş-içində üç dörd noxud, yarım tikə ət bir-biri ilə gizlənpaç, siçan-pişik oynayır.
Susdum, geri çəkildim. Arxamızda pendir-motal satan daşsifət Xeyrə arvad, köhnə nimdaş cehizlik döşəyin çürük parçasını yırtaraq, onun əpriyib-yapıxmışş yununu çubuğnan çırpmağa girişdi - vıyvıy, vıyvıy. Qarşı divardan asılmış prezidentin şəkli bu mənzərənin tacsız şahı idi, deyərdim... Dədə-baba malı yorğan-döşəkləri hər il təzələmək, day heç nəyi yeniləşdirməmək - amalı, məqsədi təkcənə bundan ibarət olan Xeyrə arvadın millətinə nə deyəsən, ee?
- Həmşəri, açardım sandığı, tökərdim pambığı, ancaq, ticarət diliynən danışsaq, bu, xeyirdə "yarıbayarı" söhbətidi. Özü də xahiş edirəm danışanda fəlsəfəyə keçmə, -şiş dodaqları qara zurnanı xatırladan Kəvir, tıxdığı bozbaşdan yamanca təsirlənərək daha da milliləşmişdi - əsl azərbaycanlıydı indi.
- Ancaq axırda lap gülməli-ağlamalı iş oldu, - Kəvir bunu pıçıldarkən artıq azərbaycanlı deyil, sanki başqa millətdən idi, - Sanka kəfənini yırtdı, çıxdı ee, aradan...
- Necə bəyəm? Qaçdı? - qulaqlarıma inanmadım.
- Sanka axtarışdaydı, axı. Gətirdik onu kəfənli-zadlı Qurd qapısı qəbristanlığına, molla Yasin oxumağa hazırlaşır - bir də gördük ki, militsiya töküldü gəldi-it xılı kimi. Bəs, kəfəni cırın, görək basdırdığınız adam həqiqətən Sanka Zverdi, ya yox. Çar-naçar kəfəni yırtdıq; zırt-pırt, meyitin şəkilini çəkdilər, kağız yazdılar, şahid gətirdilər... Həə, bax belə, Sanka kəfənini cırdı, çıxdı ee, aradan. Ruhunu deyirəm də... Ölsəm də yadımdan çıxmaz - neçə Sankanın meyitini kəfəndən çıxartdılar, dikəldib dirədilər bir cuhudun məzar daşına, sağdan-soldan yeddi-səkkiz şəklini şaqqıldadıb çəkdilər. Yazıq...
Hindquşu təhəri oç eləyib yerdə oturmuş qaraqabaq Xeyrə arvad bu məqamda digər bir nimdaş döşəyin çürük çitini yırtdı-cııırrr. Bu səs, Sanka Zver kəfəninin cırılmağını xatırlatdı mənə - kimlər, nələr yatıb bu köhnə - möhnə milli döşəklərin içində? Millətin özümü? Hara uçub gedir onun içindən çıxan qədim ruhlar? Divlər, Məlikməmmədlər, nağıllar?...

***

Pasajdan çıxdım. Fikirləşmək, fəlsəfəyə keçmək istəmirdim - Kəvir də məsləhət görmürdü bunu mənə. Hiss edirdim: Fəlsəfəyə, məntiqə keçsəm dünyanın ən əclaf fikirlərinə gəlib çıxaram... Oqtay Vəlixanovun cins şalvarı kimi sürtük Hüsü Hacıyev küçəsi hara, hansı qəbirə, ümüdə, adama, idarəyə, prezidentə, nağıla gətirib çıxaracaq məni? Hansı?... Hamıdan uzaqlaşmaq, qədim nağılları dağıtmaq - bu ümidlə Basin, Çapayev küçələrindən keçdim - gicləmək, nəşələnmək istəyirdim. İnqilab küçəsi tərəfdə cayılın biri, təptəzə "mersedes"inin əyləcini birdən basdı, çağ təkərlərin qapqara iziynən bəzədi-düzədi, nişanladı buraları. Qonşumuz Hüseyn əmi bunu uzun-uzadı seyr edib sonra öz köhnə "jiquli"sini söydü. Mənim heç nəyim yox idi - mən ancaq özümü söyə bilərdim.

***

Görmüsən, seyr eləmisən də indiki Bakının toy məjlislərini - burda, süfrədəki bütün nimçə-nəlbəkilər tezliklə külqabıya, Gülnarə, Sevinjlər isə Gülya, Sevalara çevrilir. Orda, Baladadaş dönüb olur başqa adam - binəli Xədijəni öldürən Koroğlusifət Heydər. O, indi zindandan təzəjə çıxıb, durub gəlib öz evinə... Özü də bütün bu çevrilmələr "Qarı gəlin" şadlıq evində baş verir. Gəl bundan danışım sənə.