Alatoran_header  
Əsərlər > Həmid Herisçi > Ey, mənə bənzər insan,
     Mən daim səni axtarıram…

Bu aləm ağı qaranı özündə birləşdirən
qorxunc ağcaqayın idi,
bu çoxdan aydın idi,
göydəki ulduzları quru meyvə kimi
suya salmaq lazım idi,
bu çoxdan aydın idi…

Ey, mənə bənzər insan, sən hardasan?
hardasa yaxındasan
pərdənin arxasındasan,
ürəyin darıxır,
əlində kibrit qutusunu
oynatmaqdasan…

bu ucuz şorbaların buğundan tərləmiş
güzgülərin üstündə
mən barmağımla hansı sevgimin adını yazım?
bilmirəm ölüm,
yoxsa qalım.
bəlkə gedim, o mənə bənzər insanı
axtarım tapım,
bir əsgər kimi bel kəmərinin toqqasını
silib parıldadım,
onun qabağına çıxım?

Ağ ev, Qızıl meydan sözlərindəki
rənglərə olan qədim inamlara,
bəlkə də yalanlara,
məndə bir inam
qalmayıb,
zaman bizə verdiyi
maaşları azaldıb,
bilirəm, mənə bənzər o insan
gəlib buralarda məni
axtarıb…
ancaq tapmayıb…

burdakı yazı mizlərinin üstünə
fahişələrin telefon nömrələri yazılıb,
kim gəlib, bildiyi başqa nömrələri də
ora artırıb,
mizlərin üstündə boş yer qalmayıb!

bütün bunlar
mənim varlığımı sarsıdır,
ey, mənə bənzər insan, indi, bu gün
bizim görüşümüzün vaxtıdır !!!