Alatoran_header  
Əsərlər > Həmid Herisçi > 1995-ci il. Zindan. Gecələr.
     Müstəntiq məni dindirir.
     Əlimi ümiddən üzmüşəm.


Hərflərdə gözəllik var…
bəlkə onlarla ancaq
şer yazmaq olar,
bəlkə hərflərlə yazılmış
bütün başqa yazılar
əlifbaların təhqiridi,
cır- cındır çəkmənin
gərəksiz təmiridi,
bizim bu fani dünya
cinayət qohum – əqrəbasının oğlan
tərəfidi…

Yoldaş müstəntiq,
sizə verdiyim ifadələri
dəftərinizə hərflərlə
yazmayın,
həyat qazanındakı mənim payımı
götürüb ona – buna paylayın,
ömür evimə giribsinizsə,
orda çəkmələrinizi çıxarın….
Qışqırmayın!
qışqırmayın…
Bütün ağacların
qocalmış gül – çiçək olduğunu anlayın,
əl saxlayın….

İndi dünyada yollar yox,
ancaq küçələr var…
sizin mənə verdiyiniz bütün ittihamlar,
sözlərinizdəki bu uzun hecalar,
nəyə gətirib çıxaracaq?
paltar geyməyi kəfən geyməyin
hazırlığına oxşatsaq,
insan onsuz da cəza çəkir,
söz bircə məndən getmir…

Hər bir adam,
hər bir müsyo, hər bir madam
qocala bilməyəndə ölür,
bəlkə, yalnız qocalmaq ölümü öldürür,
bəlkə heç kim ölmür,
hamı ancaq öldürülür…

Deyirlər sizin rəis
rüşvət götürmür…
bu şəhərə
söz şəkilçisi kimi qoşulan kəndlərdə
dünyanın keyfini görür…

Mənə səkkiz il düşür.