Alatoran_header  
Əsərlər > Həmid Herisçi > Keçən il Yevlaxda iki nəfər bir aşıqla yeyib-içib
     sonra onu qətlə yetirmişdi. Onların söhbəti
     tez-tez mənim qulağıma çatır…


Həyat öz köynəyinin qolunu heç zaman
həqiqət dirsəyinədək çırmalamaz,
ey aşıq, ey hoqqabaz,
saxla bir az,
polisin gözyaşardıcı qazı olmasa,
bu insanlar heç ağlamaz…

Alın yazısı şerdi?
yoxsa nəsrdi?
onu yazanlar böyük tayfadı,
yoxsa kiçik nəsildi?
Aşıq, mən gör neçə ildi
bu yazını oxuya bilmirəm,
əgər mən
saçların ot tayasında yatmış
insan kəllələrini yuxudan oyada bilsəm,
bu fani şəhərin küçələrinə
iman təyyarəsindən
inqilabi vərəqələr səpələsəm,
sevgi şüşələrini düzgün kəsib
onların könül pəncərəsinə yerləşdirsəm,
- bəlkə onda
alın yazısını oxuyaram,
döşəyini yastılatmış dustaq kimi
azadlığa çıxacağım günü hesablayaram…
alın yazısını oxumasam,
hamı kimi mən də,
mən də savadsızam,
sən kimi bir aşığam….

Arzularımın bişirdiyi
şirniyyatın üstünə
elə o dəqiqə ümüdsüzlük milçəkləri qonur,
aşıq, məni nəsə boğur,
Aşıq yanaqlarındakı bu qırmızı çuğundur
mənim beynimi pozur…
yaxındakı evdə kimsə
sınmış pəncərə şüşələrinin yerinə
taxtadan yamaq vurur….
Aşıq, sənlikmi bu riyazi düstur?

Pıçıltını bütün sözlərin, dillərin
kökü saysan,
gərək öz pıçıltılarının da
ilahi mənasını anlayasan,
gərək dərdin bağlı sərhədlərində
yeni buraxılış məntəqələri açasan,
saçların ot tayasında yatmış
insan kəllələrini
yuxudan oyadasan,
ulduz parıltısını bıçaq tək əlinə götürüb
gecəni bıçaqlayasan…

Aşıq, bəlkə mumlayasan?!!!