Alatoran_header  
Əsərlər > Həmid Herisçi > Dünyanın Arşını

( jurnalist İradə Xanımla söhbət)

-Həmid bəy, Azərbaycan ədəbi mühitinin bədii təsvirini rəssam fırçasıyla işləsəydim, belə bir şəkil çəkərdim: Bakının Xaqani küçəsi, AYB-nin tarixi binası, onun qapısındakı elçi daşı üzərində «oç eləyib» oturmuş, belini bükmüş qocalar, gənclər… Ancaq sizi, bir də ustadınız Sabir Əhmədlinin sərt simasını mən bu şəklə həkk etməzdim, belə ki, sizləri bu dəstənin, toplantının içində görmürəm. Mənim xəyalımdakı bu şəklə münasibətinizi bildirmək necə, ürəyinizdəndirmi?
-İradə xanım, belə getsə, siz qələminizi fırça ilə əvəzləyəcəksiniz. Özü də , təsvir etdiyiniz mənzərəni çağdaş rəssamlığımızda indi unudulmuş, mənimsə çox sevdiyim Filonovun, Şaqalın abstrakt realizmi üslubunda işləməyiniz çox maraqlı ola bilərdi.
İndi ki, söhbət Sabir Əhmədlidən düşdü, müsahibəmizi onun 1966-cı ildə yazdığı «Dünyanın arşını» romanını üzərində qurmaq istəyirəm.
-Yəni necə?
-Bütün verilmiş sualların cavabını həmin romandan özümçün çıxardığım nəticələr əsasında verəcəyəm.
-Onda ilk sualım belədir: ədəbiyyatımızın, söz sənətimizin indiki durumunu necə görürsünüz?
-Mənsub olduğum postmodern estetikanın vacib tələblərindən biri söz sənətinə yeniliklə yanaşı, həm də köhnəlik gətirməkdir. Ən yeni dövrdən danışdıqda belə ən qədimə qayıtmaq lazım gəlir. Söz sənətinin əski nümunələri olan «Dədə Qorqud», «Qilqameş» dastanlarının quruluşuna fikir vermisinizmi? Bu dastanların əldə olan hissələrinin sayı sizcə, nəyə görə məhz on ikidir?
-Nəyə görə?
-Əslində bu fəsillərin sayı 24 olmalıdır – yaşadığımız bir günü təşkil edən saatların sayı qədər. Məsələn, antik yunanların «İliada», «Odisseya» eposlarındakı fəsillərin sayı məhz 24-dür. Bu 24-ün 12-si həqiqətin batini, sakral, gizli, sirli, metafiziki, qaranlıq, 12-si isə zahiri, profan, açıq, fiziki, işıqlı tərəfidir. Son iki min ildə dünya ədəb-iyyatı, o cümlədən Azərbaycan yazılı ədəbiyyatı bu 24 hissəli ilahi mətnin ancaq ikinci – işıqlı, zahiri, profan, fiziki tərəfini əks etdirməklə məşğul olub. Başqa sözlə, ədəb-iyyat «sutkasının» ancaq gündüzü əks olunub, gecəsi isə qaranlıq qalıb. Avropa mədəniyyəti Hötenin «Faust»u, Balzakın epik romanları, Dostoyevskinin psixoloji dastanları, Selinin çılğın etirafları, Limonovun eqosentrik fırtınaları, Sorokininin öldürücü sarkazmı, qısası özünün bir çox nümunələri ilə məhz bu qaranlıq qalan 12 hissəni, yəni ədəbi mətnin gecəsini açmaqla məşğul olub. İndi isə bu xətt dünya ədəbiyyatının aparıcı yönünə çevrilib. Postmodern ədəbiyyat məhz bunun sayəsində dünyanı lərzəyə gətirib. Müasir Azərbaycan ədəbiyyatının türkmənbaşıları – azərbaycanbaşıları isə var qüvvələri ilə çalışıb bu «gecənin» işıqlanmasına mane olmaq istəyirlər. Çünki bu gecə işıqlandıqca onların ədəbi çöhrəsi özünün bütün miskinliyi ilə üzə çıxır.
- Bəlkə dediklərinizi konrket faktlarla əyaniləşdirəsiniz.
- Təbii. Ustad şair Şəhriyarın «Heydərbabaya salam» poeması bayaq dediyim 24 hissəli o ilahi mətnin üzə çıxan yalnız 12 işıqlı hissəsidir. Şəhriyar onun qaranlığını, yəni şər tərəfini qələmə almayıb. «Nekroloq» romanındakı «Madonna. Bıçaq. Adaş. Qətl» hissəsinə daxil olan «Xeybərbabaya salam» novellasında mən onun şər hissəsini də qələmə almaqla mətnin əzəli bütövlüyünü bərpa etməyə çalışmışam. Nəticədə həmin ilahi mətn bütövləşib. Siyahını davam etdirək. Həmin hissəyə daxil olan «Baladadaşın son əclaflığı» nda isə Elçinin «Baladadaşın ilk məhəbbəti» povestinin qaranlıq hissəsi qələmə alınıb, mətn bütövləşib. Başqa misal: romanın «Tərcümə mərkəzi» adlı hissəsində Anarın «Beşmərtəbəli evin altıncı mərtəbəsi» əsərinin qaranlıq tərəfi, yəni bədii dillə desək, beşmərtəbənin zirzəmisi işıqlandırılıb. Nəticədə beşmərtəbə bütöv görünür. Postmodern ədəbiyyatın başlıca qayəsi məhz budur. İndiyədək yarımçıq qalmış bədii mətnlərin tamamlanması.
- Maraqlıdır, davam edin. Dediklərinizdən belə çıxır ki, ustad Şəhriyarın, ağır çəkili 60-cıların bədii mətnləri yarımçıqdır?
- Bəli. Ancaq, bədii mətnlərin bütövləşməsi prosesi yalnız postmodernistlərdən qaynaqlanmır. Bunu dahi Nizami də edib. İlk dəfə o özünün «İskəndərnamə»sində işıqla zülmətin, şərəflə iqbalın vəhdəti məsələsini qoyaraq problemin bədii həllinə nail olub: əbədiyyətin, ölməzliyin ağla qaranın, xeyirlə şərin, gecə ilə gündüzün vəhdətində olduğunu təsdiqləyib. Ən maraqlısı isə budur ki, bu vəhdəti çağdaş bədii fikrimizdə ustad yazıçı Sabir Əhmədli özünün «Dünyanın arşını» romanında əks etdirir. Əsərin mövzusu bütövlüklə «İskəndərnamə» ilə səsləşir. Romanın baş qəhrəmanı filosof Arif də eynilə İskəndər kimi iki «aləmə» səfər edir: qardaşının rəhbər vəzifədə işlədiyi doğma Cəbrayıla, bir də digər qardaşının İkinci Dünya Savaşında həlak olub dəfn edildiyi Polşaya, yad məkana. Arifin qardaşının məzarı üstündən götürdüyü torpaq İskəndərin zülmət dünyasından götürdüyü daş-qaşları yada salır. İskəndərin daş-qaşları onu ölməzlik arzusuna qovuşdurmadığı kimi Arifin də götürdüyü bir ovuc torpaq doğma Cəbrayılda öz təyinatını tapmır. Hər iki halda dirilik suyu tapılmır. Çünki nə İskəndər, nə də Arifin düşüncəsində işıqla qaranlıq, xeyirlə şər, zahiri ilə batini, sakralla profan hələ birləşməmişdi. Bir sözlə onların düşüncə sutkası hələ ancaq gündüzdən ibarət idi. Dirilik suyunu tapmaq üçün isə məhz onlar vəhdətdə olmalıdır. Nəticə: belə çıxır ki, həqiqi, əbədi, diri mətn o vaxt yaranır ki, onun iki tərəfi - «Şərəfnamə» ilə «İqbalnamə», Polşa ilə Cəbrayıl, ölümlə dirim birləşsin. Bu da sizin üçün bədii mətnin əzəli sirri. Nə yazıq ki, ədəbi azərbaşılarımız – azarbaşlılarımız bunu anlamaq iqtidarında deyillər.
- Kimi nəzərdə tutursunuz? Yenə köhnə, məlum, məşhur 60-cılar haqq-hesabı?
- Yanılmırsınız. Amma bura bir təyin də əlavə edin: məşum 60-cılar. Məsələ burasındadır ki, 60-cılar söz sənətinin ölçülərini «ədəb-iyyat» deyilən bir janrın prinsipləri ilə təyin edirlər. Nəzərə almırlar ki, Şərqin «ədəb-iyyat» anlayışı ilə Avropanın «literatura» anlayışı arasında dərin bir uçurum var. Elə canında gəzdirdiyi «ədəb» sözündən göründüyü kimi Şərqdəki «ədəb-iyyat» anlayışının başlıca meyarı estetika deyil, etikadır. Avropanın «literatura» anlayışına gəldikdə isə onun məğzində etikadan çox, estetik prinsiplər durur. 60-cılar əski Şərqə məxsus ədəb-iyyat anlayışının əsirləridir. Bu səbəbdən hətta Avropa «literaturasından» da ədəb-iyyat, yəni ədəb-ərkan gözləyirlər. Nəticədə, Avropanın postmodern ədəbiyyatını, yəni Lui-Ferdinand Selini, Eduard Limonovu, Çarlz Bukovskini, Jan Jeneni, Viktor Pelevini ədəbiyyat saymırlar. Bəli, bu, «ədəb-iyyat» deyil, literaturadır, onu öz meyarları ilə anlayıb dərk etmək gərəkdir. Qısası, 60-cılar qoy bir hələ ədəb-iyyatla vidalaşsınlar ki, biz onları literatura sayaq.
- Demək istəyirsiniz ki, Şərq, o cümlədən Azərbaycan, 60-cıların söz sənəti «ədəb-iyyat» anlayışının qurbanıdır? Yəni etik moizələr, didaktik düşüncələr onu inkişafdan saxlayıb?
- Nizamiylə Xaqaninin epik nəfəsi, sağlam realizm ənənəsi 14-cü əsr fars şairi Səədi Şirazi qələmindən çıxmış didaktik «Gülüstan» poemasıyla yanlış məcraya yönəldildi. Məncə, ədəb-iyyat dediyimiz anlayış məhz o dövrdə yarandı. Sonra o bütün Orta Şərq söz sənətini tənəzzülə gətirib çıxartdı. Həmin hadisə mistik bir şəkildə 20-ci əsrin son rübündə yenidən zühur edərək söz sənətimizə daha bir ölümcül zərbə vurdu. Bu, Bəxtiyar Vahabzadənin «Gülüstan» poeması idi. Gördüyünüz kimi, adı da eynidir.
- Məşhur «Gülüstan» poemasını bu cür qiymətləndirirsiniz?
- Səədi öz «Gülüstan»ı ilə Şərq ədəbiyyatını etik girdaba salıb estetikanı, yəni «literatura»nı ləğv etdiyi kimi, Bəxtiyar da bədii-estetik fikri yalançı millətçilik etikasına sürüklədi. Qəribədir, bizim söz sənətimizdə bütün anlayışlar gec-tez tənəzzülə uğrayıb axırda özünün əks modelini yaradır. 12-ci əsrdə bütün dünyaya örnək ola biləcək Xaqani Şirvani realizmi Şərqdə inkişaf etmədi. Axırda, 19-cu əsrin ilk rübündə Qaani adlı epiqon, sxolastik bir İran məlüküş-şüarası simasında öz antipodunu taparaq tamamilə ləğv edildi. 00Halbuki, adları da oxşardır. Xaqani-Qaani, əslində, eyni sözlərdir axı.
- Sizcə, «literatura» dediyiniz söz sənətində bədii mətn öz işıqlı və qaranlıq tərəfləri ilə bütöv əks olunur?
- «Literatura»nın «ədəb-iyyat»dan fərqi elə məhz bundadır: «literatura» həyatın həm işıqlı, həm də qaranlıq tərəflərini, «ədəb-iyyat»sa ancaq işıqlı tərəfi əks etdirir. «Literatura»da mələklə bərabər şeytan da iştirak edir, «ədəb-iyyat» yaradıcısı isə öz ilhamını ancaq və ancaq mələk qanadlarının həzin xışıltılarından alır. Dünyanı ancaq işıq arşını ilə ölçmək olmaz. Nizami, Sabir Əhmədli isə gecəni də ölçmək istəyiblər. Nizaminin son əsərində qoyulan bu problem Sabir bəyin ilk əsərində əks olunub. Nizami qurtaran yerdən Sabir Əhmədli, şer qurtaran yerdə nəsr başlayır. Axı, «literatura» həm də elə şerin nəsrlə əvəzlənməsi deməkdir. Eliot deyirdi ki, bədii fikir poeziyanı dəf etməsə, heç bir dərinliyə, bütövlüyə, inkişafa gəlib çıxa bilməz.
- Sizcə, ədəbiyyatımızın digər problemləri nədədir?
- Belə bir ədəbi klişeyə fikir vermisinizmi? Yazıçının «həyat və yaradıcılığı». Mən istərdim ki, bu iki sözün arasında «və» şəkilçisi olmasın, bütövlük yaransın. Bizdə isə yazıçının həyatı ilə yaradıcılığı arasında uçurum olduğuna görə onların arasında «və» körpüsünün salınmasına həmişə ehtiyac olub. Məsələn, 60-cılar bu şəkilçi ilə özlərinin həyat və yaradıcılığını bir-birinə calaya biliblər. Amma bir işə təəccüb edirəm: görəsən, 60-cıların aparıcı tənqidçisi Kamil Vəli nə əcəb öz namizədlik dissertasiyasını «və» yox, «ki» bağlayıcısına həsr edib. Mən «və» bağlayıcısı ilə bağlı bu sözləri təsadüfi demədim: 60-cıların gücü qaranlıqla işığı birləşdirmək üçün ancaq «və» bağlayıcısından istifadəyə çatar. Amma bu çox süni bir körpüdür.
- Mənsub olduğunuz Azad Yazarlar Ocağı, küllən Azərbaycan postmodernistləri bu gün nəyə hazırlaşırlar?
- Azad Yaşar, Rasim Qaraca, Murad Köhnəqala, Həmid Herisçi çağdaş Azərbaycan psevdoklassisizmi ilə, söz sənətinin yüksək meyarını folklor ölçüləri ilə tənzimləmək istəyən qara qüvvələrlə, AYB ilə, 60-cılarla mübarizəsini yenə də davam etdirəcək. Bizim «Alatoran» qəzetində etdiyimiz ədəbi inqilabı görməmək mümkün deyil. Hesab edirəm ki, çağdaş ədəbi gənclik: Şərif Ağayar, Zahid Əzəmət, Aqşinin simasında artıq müstəqil bir qüvvə kimi tam yetişmişlər. Onlara böyük ümidim var.
- Nə üzərində işləyirsiniz?
- Tezliklə dövrü mətbuatda «Nekroloq» romanımın yeni hissələrini çap edəcəm. Romanın 10-cu - «İlyas Ərnəfəs» hissəsi bu yeni yazılarımla bitəcək.
- Gözləyirik.
- Söhbəti yenə də Sabir Əhmədlinin yaradıcılığına müraciətlə bitirmək istərdim. «Dünyanın arşını»nda əsərin qəhrəmanı Arif orada iki məkana səfər edir, - bir qardaşının dəfn olunduğu Polşaya, bir də Cəbrayıla, qardaşının kolxoz sədri işlədiyi doğma yurda. Bəli, bu əsərdə Sabir bəy ölülər – dirilər dünyasına səfər etmişdi. Yazdığı son «Ömür urası» romanında isə «Dünyanın arşını» sanki davam edir, bu dəfə köhnə qəhrəman – Arif, artıq Müəllim adıyla yenidən dirilir. Özünün növbəti səfərinə başlayır – əbədiyyət dünyasına, doğma Qarabağa. Mən də onun yoluyla getmək, ora yetişib, dünyanın gerçək arşınının nə olduğunu anlamaq istərdim. Bu müsahibədə mən sizə ədəbiyyat arşınının nədən ibarət olduğunu açıqladım. Əbədiyyət arşınının nə olduğunu hələlik ancaq Sabir bəy bilər.