Alatoran_header  
Əsərlər > İNTİŞ > Bürokratik ailə

«Ailə kiçik dövlətdir»
qulağımız deşilib
bu şablon ifadədəni eşitməkdən
yaxşı qoy olsun
lap siz deyən
və bu «kiçik dövlət»in
quruluşu haqqında
bir-iki kəlmə də mən deyim
deyim ki bizim ailədə
əməlli-başlı bürokratiya baş alıb gedir
atam çox sadəlöhv
və bu «kiçik dövləti» idarə edə bilməyən
prezidentə bənzəyir
ifrat demokratçılığı isə xaosla nəticələndi
böyük qardaşım elə ki böyüdü
atamın yerinə keçib
ən parlaq diktator oldu
anamsa yalnız özü üçün çalışan
biznesmenə bənzəyir
mədəniyyətdir ona öz biznesi
ortancıl qardaşım
o ən böyük kefcildir
vecinə olan bir şey yox
dilinlə pul istə kömək edər
lap kazinoya da gedər
çoxlu bacım var
ağılları bir şey kəsməz
siyasətdən ədəbiyyatdan həyatdan
11 illik məktəbdən kitabdan
yeznəmsə ətrafına
qohum-əqrabasını yığar
əlindən gələn köməyi də edər ki
asılı olasan ondan
əks halda məhv olarsan
böyük xalaoğlu
gah obadadı gah kənddə
sonra rayonda şəhərdə
məhkəmənin dostudu həkimlərin tanışı
nə bilim
bəlkə də MTN-nin əməkdaşı

mən özüm isə bu ailənin
11 illik məktəb görən
və ali məktəb bitirən
yeganə üzvüyəm
elə bu keçidlərə görə
«kiçik dövlət» tərəfindən
dinsiz-imansız
yalançı
fırıldaqçı
pozğun
oğru
avaragor
və sair damğalar ilə
damğalanan ən böyük müttəhim oldum
bir sözlə
bizim ailə quruluşca
elə öz ölkəsi
Azərbaycana bənzəyir.