Alatoran_header  
Əsərlər > İNTİŞ > Maneken və mən

yaşadığım şəhərdə
xəqani ticarət mərkəzinin
aynabəndində düzülmüş
maneken qızların
sol tərəfdən üçüncüsü
mənim sevgilim
o çox nikbin
sadə
mülayim
dilsiz və sakit bir qızcığaz
və məni qısqanmaz
hər gün yanından
bir qızla keçsəm də
bizim deyingən qadınlar kimi
çörək
pul
geyim istəməz məndən
heç ehtiyacı da yox mənə
yay-qış alt paltarında olar
geyindiyi bu paltarları
satmaqla dolanar
mövsümdən mövsümə
və satılandan satılana
dəyişər
onun üçün üst paltar olan
alt paltarlarını
maneken sevgilimdən gözəl
qız yox bu şəhərdə
və həmçinin
bu şəhərin
mənnən də eybəcər
oğlanı yox
bir fərqimiz də var
mənim alt paltarlarım
elə üst paltarlarımdı

biz sevişsək
o üst paltarlarını çıxarmayacaq
mən də alt paltarlarımı