Alatoran_header  
Əsərlər > İsmayıl Bayramoğlu > Şerlər

***

Necə də bəsitik, ilahi
Qara
Yaşıl
Qırmızı
Sonra yenə qara
Özü də eyni ardıcıllqda.
Qalan rənglərə pərsəng də demək olar…

***

Göydən üç alma düşür
biri mənim
biri sənin
biri nağıl deyənin…
Burda bitər bütün nağıllar
kəsilər bütün paralellər
başlanar həyat –
kəsilər alma yağışı.

***

Beynimdə
qızmar dəmir külçəsi fikirlər
əriyib axar
dişlərimin arasından

Ürəyimdə
qızmar dəmir külçəsi əlacsız dərd
nifrətim frezer dəzgahında
mərmiyə dönər

Dizlərimdə
qorxuya bənzər
qızmar dəmir külçəsi

Beynimdə yetişən bu fikir
Ürəyimdə əlacsız bu dərd
Dizlərimdən asılan bu qorxu –
qızmar dəmir külçəsinə dönüb
axır dabanlarıma
yapışdırır ayaqlarımı torpağa

Mən bir polad ağac…

***

Bir müstəvidə
nəhəng robot
dizlərini dayayıb torpağa
dua edir allaha

Digər müstəvidə
hər yanı çəyirtkə bürüyür
ilan sürüsü keçir
sərhədin bu tayına

Üçüncü müstəvidə
bir qalaq şeri
vurub qoltuğuma
aparıram dəfn etməyə

Dördüncü müstəvidə
misra tıxayıram
içimdən partlayıb çıxan
nifrətin ağzına

***

Doğulsaydım dünyanın o başında –
kərkədanlardan, timsahlardan
vəhşi qurd-quşdan qoruna-qoruna
ağacdan ya daşdan
bir allah yapardım özümə
diz çöküb önündə
imdad dilərdim

Uzaq şimalın
sonsuz qarları arasında
gəlsəydim dünyaya –
balığı çiy
əti iylədib yeyərdim
maral qanı içə-içə
nerpa piyinin oduna qızına-qızına
ümidimi Ana Marala
Nerpa Ataya bağlardım

Babam Nəsimi tək
hürufiliyi qəbul etsəydim –
«mənəm Allah» deyərdim
içimdə axtarardım yaradanı

Bütpərəst olsaydım
dualı gəzərdim gecə-gündüz
qurbanlan verərdim bütlərə
mantralar oxuyar
zahidlik eşqi ilə
tərkidünyalıq edərdim
arzuma yetməkçün

Xaç çəkər
öpərdim ikonaları
ən gözəl psalomları mən deyərdim
Tövratı əzbər öyrənərdim
xaçpərəst olsaydım

Müsəlman doğulmuşam

***

Bir də vərəqlədim oxuduğum kitabı.
Vərəqlərin arasından
qup-quru yarpaqlar töküldü
bir paslı mismar düşdü ayağıma
iki küçə iti ağız-ağıza verib hürdü

Vərəqlərin arasından
M-X tipli raket tuşlandı üzümə
yeddi mərtəbəli söyüş axıb süzüldü aşağı
ağzında sümük tutmuş bir qadın
dişlərini qıcırtdı üstümə
qırılmamış üç finiş bantı dolandı boğazıma
çiriş kimi qan sıçradı köynəyimə

Vərəqlərin arasından
polislər çıxıb yatdı pusquya
tapançaya uzanmağa hazır əllər
simi qırılmış tar
kibrit qutusu böyüklükdə şer
iki bunuz çıxdı sora …

Ucaboy
yuvarlaq
üçbucaq qadınlar
barıt dolu çəlləklər
çəkələkli kişilər və qara mantolu keşişlər
töküldü vərəqlərin arasından

Vərəqlədikcə oxuduğum kitabı
hər şey tökülürdü…

***

Pəncərəmin önündən axır yol
hər gün
gözümə dola-dola.
Yam-yam kölgələri düşür yola

Gözümə dolur görürəm
günbəgün gəlib keçir adam-badamlar
qoyun sürüləri
dımırlana-dmırlana keçir çaxır çəlləkləri
uça-uça mələklər
süənə-sülənə itlər
şirinliyindən partlayan nar
özünə sığmayan ehtiras
qınına sığmayan qılınc
tiyəsi yuxarı bıçaq

Gözüm dolu görürəm
günbəgün ölçür pəncərəm önündəki yolu
cingildəyən dəmir pullar
dairələr
kublar
kvadratlar
paraleliprpedlər
tükləri yolunmuş boz qurd
yenə bir sürü qoyun
gözlərində eynək boyunlarında qalstuk
araq şüşələri
yol boyu axan çirkabı ləpələndirərək
keçir yaz küləyi
üstünə ilgək vurulmuş kəndirlər keçir
yanınca sabun parçaları
ayrıca qərənfillər və məzar daşları…

Gözüm dolu görürəm
günbəgün
nələr keçir pəncərəmin önündən
nələr…

Gözüm dolur.
Görürəm günbəgün sabahı
pəncərəmin önündən axan yolun
axıb qurtarmasını
pəncərəmin boş qalmasını