Alatoran_header  
Jurnal > 2004/№1 > Alicənab prezident və istəksiz AYB sədri

Mərhum prezident Heydər Əliyevin ədəbiyyata diqqət və qayğısı haqında çox sözlər deyilib. Məlumdur ki, görkəmli bir siyasi xadim olması etibarilə onun ədəbiyyat və incəsənət adamlarına xüsusi münasibəti var idi və onları öz məqsədləri üçün alət etməyi çox yaxşı bacarırdı, taınmış adamların rəğbətini qazanmaqla cəmiyyətdə özü haqqında imic formalaşdırmağın da ustası idi. Azərbaycan yazıçılarının X qurultayındakı nitqində söylədiyi: «…ədəbiyyatdan, mədəniyyətdən həyatın başqa sahələrində işin müvəffəqiyyətlə həyata keçirilməsi üçün istifadə etmək lazımdır» ifadəsi onun ədəbiyyata və ədəbiyyat xadimlərinə bir vasitə kimi baxdığını sərgiləməkdədir.
Bu fikirlərin təsdiqi üçün çoxlu sayda konkret misallar gətirmək olar. 1997-ci il oktyabrın 29-da dövlət başçısının gənc şair və yazıçılarla görüşünü də həmin diqqətin bir təzahürü saymaq mümkündür. Ədəbiyyatımızın inkişafını istəməyən, bacardıqca onun yolunu azdırmağa çalışan, istedadlı insanları Yazıçılar Birliyindən incik salıb istedadsızları öz ətrafında toplayan indiki AYB rəhbərliyi ilə müqayisədə prezidentin nə qədər yüksək şüur sahibi olduğunu əks etdirdiyinə görə Heydər Əliyevin həmin görüşdə söylədiyi giriş sözündən bir parçanı diqətinizə çatdıırıq: «…Əsrimizin sonunda Azərbaycanın gənc yazıçıları ilə mən görüşə gəlmişəm. Əksəriyyətinizlə şəxsən tanış deyiləm. Təəssüflər olsun ki, sizin əsərlərinizi oxuya bilməmişəm. Həqiqəti etiraf etməliyəm. Lakin bilirəm ki , həyatımızın ən ağır illərində, əsrin əvvəllərində, Oktyabr inqilabından sonrakı dəyişikliklər dövründə, 1937-1938-ci illərin çətin repressiya şəraitində Azərbaycanda yazıçı nəsilləri ara vermədən biri-brini əvəz edib. İtkilər, repressiyalar nəticəsində dünyasını dəyişənlər olubdur. Ancaq yazıçılar nəsli ardıcıl olaraq yaşayıb və inkişaf edibdir. İndi biz tariximizin mürəkkəb keçid dövrünü yaşayırıq. Çox sevindirici haldır ki, bu dövrdə bizim yazıçılar nəsli daim yaşayır, yaradır, nəsillər arasında boşluq yoxdur…»
Dövlət başçısının nəsillər arasında boşluğun olmamasını vurğulaması diqqətəlayiqdir, onun yazıçılar idarəsini etibar etdiyi adamın yeni nəsillərə qarşı hansı siyasət yürütdüyündən xəbərsiz olduğunu göstərməkdədir. 1997-c ildə artıq 10 ildən bəri Yazıçılar Birliyinə rəhbərlik edən 60-cılar ədəbi nəslinin nümayəndəsi yazaıçı Anar Rzayev üçün ədəbiyyat adına yalnız özü və özündən ən azı bir pillə aşağıda öz nəsildaşları olduğundan prezident məlumatsızdır. Müşavirədə gənc adına onun görüşünə gətirilənlərin çoxu 40-50 yaş arasındadır (Səyyad Aran, Rüstəm Behrudi, Maarif Soltan, Vaqif Bəhmənli, Rəfael Hüseynov, Xeyrəddin Qoca və s.). Yazıçılar Birliyinin ünvanına tənqidi fikirlər söyləyəcək adamların adı şübhəsiz, görüş iştirakçılarının siyahısına daxil edilməyib.
1997-ci ildə mənzərə belə idi. Yaradıcı təxəyyüllü, təşəbbüslü dövlət başçısı öz içinə qapılmış, cılız intriqalardan başı ayılmayan, hər cürə təzə ideyaya, təşəbbüskarlığa qapalı Yazıçılar Birliyi heyəti ilə qurultayqabağı görüşə gəlmişdi, onların problemlərini həll etməyə hazır olduğunu bildirmişdi:
«…Heydər Əliyev: Birincisi, dərhal «Ulduz» jurnalı haqında demək istəyirəm, dediniz ki, jurnal ildə bir dəfə çıxır. Niyə? Vəsait çatmır?
Anar: Bəli, vəsait çatmır.
Heydər Əliyev: Aydındır. İldə neçə dəfə çıxara bilərsiniz?
Vaqif Yusifli: On iki dəfə.
Heydər Əliyev: Jurnalın bu qədər nömrəsini buraxmaq üçün əsərləriniz var?
Anar: Yox, on ikiyə çatmaz. Altı nömrə buraxmaq olar. Əgər vəsait olarsa.
Heydər Əliyev: Altı nömrə. Yaxşı bunu mən nəzərə alaram.
Elçin: Bunlar aylıq jurnallardır.
Heydər Əliyev: Bilirəm, aylıq jurnallardır»
Söhbət bu ruhda davam edir, prezidentlə AYB sədri arasında sanki mübarizə gedir, prezidentin keyfinin kök vaxtına düşüb, səxavət kisəsinin ağzını açmaq istəyir, lakin Anar buna qarşıdır, o vaxt sıralarında 500 nəfər olan bir təşkilatın sədri bir ildə jurnalın yalnız 6 nömrəsini buraxmaqda israrlıdır. Səbəb, müəliflər üçün yeni çap imkanlarının yaranmasında maraqlı deyil, özü özünü doyurub. Söhbət davam edir:
«…Heydər Əliyev: Axı, dedilər ki, «Azərbaycan» jurnalı çıxır, lakin tirajı azdır. Elədirmi?
Elçin: Bəli, tirajı azdır.
Heydər Əliyev: Niyə azdır? Kağız çatmırmı, yoxsa jurnal satılmır? Səbəb nədir?
Anar: Əvvələn, vəsait çatmır, ikincisi də maraq azalıb. Hətta jurnalın çıxan nömrələri bəzən satılmır. «Ulduz» və «Azərbaycan» jurnallarının ildə 12 nömrəsi buraxılsa daha yaxşı olardı. Amma mən reallığı bilirəm və deməliyəm ki, «Azərbaycan» jurnalı bədii meyarları nəzərə almaq şərti ilə yalnız ildə altı nömrə buraxa bilər»
Əlbəttə, Heydər Əliyev, jurnalın tirajı nə üçün azdır - bunu yaxşı bilir, ancaq bir də Anarın dilindən eşitmək və ətrafdakılara da eşitdirmək, Anarın ədəbiyat məsələlərindəki istəksizliyini stenoqrammaya saldırmaq istəyir, tarix üçün, gələcək nəsillər üçün, səbəb; öz böyüklüyünü və böyüklük iddiasında olan bir yazıçının cılızlığını nümayiş etdirməkdir. Demək Yazıçılar Birliyinin sədrinə qalarsa heç bir mətbu orqan yayınlanmayacaqmış, çünki o, reallığı bilir, o reallığı ki, yalnız tünd şəxsi ambisiyalar gözlüyündən seyr etmək mümkündür, çünki bədii meyarları nəzərə almaq lazımdır, o meyarları ki, AYB sədrinə görə öz əsərləri həmin meyarlara tən gəlir.
Bu gün Heydər Əliyev həyatda yoxdr. AYB-nin növbəti qurultayında yeni dövlət başçısının iştirak edib-etməyəcəyi məlum deyil. Lakin iştirak etsə belə, hətta qurultay ərəfəsində H. Əliyev kursunun davamı olaraq, gənc yazıçılarla görüşmək istəsə belə, reallığı bilən AYB sədrinin yenə də istəksiz qalacağı artıq heç kəsdə şübhə doğurmur.

R.Q.