Alatoran_header  
Jurnal > 2004/№1 >Ədəbiyyatın Birləşmiş Millətlər Təşkilatı

Beynəlxalq PEN
(İnternational PEN)

Beynəlxalq PEN təşkilatı (PEN-Poets, Essayists, Novelist = Şairlər, Tənqidçilər, Romançılar) 1921-ci ildə ingilis yazıçı Con Qolsuorsi və dostları tərəfindən qurulmuşdur. Dünyanın müxtəlif ölkələrindəki PEN klubların qoşulması ilə Beynəlxalq PEN yazıçılar birliyi meydana gəlmişdir.
Beynəlxalq PEN, düşüncə, ifadə, çap azadlıqlarının təmin olunması və dünya miqyasında yazıçı hüquqlarının qorunması üçün fəaliyyət göstərir. Bu istiqamətdə aylıq dövri nəşrlər, dünyanın müxtəlif yerlərində düşüncə azadlığına qarşı hərəkətləri əks etdirən illik hesabatlar dərc edir, düşüncə günahkarları üçün beynəlxalq kompaniyalar təşkil edir. Beynəlxalq konqreslər düzənləyərək bu konqreslərdə hökumətlərin yazıçılara qarşı olan təzyiqi gündəmə gətirilir və dərc edilən beynəlxalq bəyannamələrlə ictimai rəyə təsir göstərilir. Beynəlxalq PEN təşkilatı «Ədəbiyyatın Beynəlxalq Millətlər Təşkilatı» olaraq qəbul edilir.
Beynəlxalq REN təşkilatının bəyan etdiyi bəzi maddələri diqqətinizə çatdırırıq :
1. Yazıçı, kökən olaraq yerli – milli də olsa, siyasi və millətlərarası münaqişələrə baxmayaraq sərhəd tanımazdır və millətlər arasında ortaq axın olaraq davam etməlidir.
2. Bütün şərtlər altında və xüsusilə savaş durumunda, insanlığın ən böyük mirası olan sənət əsərlərinə milli və siyasi ehtiraslarla toxunulmamalıdır.
3. PEN üzvləri hər zaman millətlər arasında xoş niyyət və qarşılıqlı hörmət naminə bütün təsir güclərindən istifadə etməlidirlər : özlərini irqçiliyi, sinfi və milli düşmənçilikləri məhv etmək üçün əllərindən gələni etməyə və tək bir insanlığın yaşadığı tək bir dünya idealını yüksəltməyə həsr etməlidirlər.
Qeyd:
Beynəlxalq PEN təşkilatının Azərbaycan bürosu fəaliyyət göstərməkdədir. Respublika PEN klubuna tanınmış yazıçı Maqsud İbrahimbəyov rəhbərlik edir. Müavinləri isə Çingiz Abdullayev və Vaqif Səmədoğludur. Ancaq maraqlıdır ki, bu fəaliyyət hər zaman ədəbi ictimaiyyətdən gizli saxlanılıb. Beynəlxalq PEN ənənələri Azərbaycan ədəbiyyatına gətirilməyib, əksinə Azərbaycan Yazıçılar Birliyinin mənfi ənənələrini özünə hopdurub.
Bu təşkilatın Azərbaycanda neçə nəfər üzvü var, kimlərdir, nə iş görürlər? – açıqlanmayıb, dolayısıyla, aşkarlıq və demokratiya carçısı İnternational PEN-in məramnamə tələbləri kobudcasına pozulub.