Alatoran_header  
Jurnal > 2004/№1 > Xaqani-25 - ədəbiyyat qəbirstanlığı

Bunu biz demədik, BMT dedi

Əziz dostlar, bir il əvvəl informasiya vasitələri xəbər verdilər ki, BMT 20-ci əsrdə dünyada yaradılmış ən dəyərli ədəbi əsərləri sistemləşdirmək qərarını açıqlayıb. Təşkilatın ədəbiyyat proqramı çərçivəsində tanınmış mütəxəssislərdən ibarət 16 nəfərlik işçi qrup komissiya statusuyla fəaliyyətə başladı. Onların işi 20-ci əsrdə bütün qitələr üzrə yaranmış ədəbiyyatın kitabxanasını əmələ gətirməyə yönəlmişdi.
...Pulitser və Nobel mükafatları seçim səviyyəsi baxımından birmənalı qəbul olduğundan onlara layiq görülənlər siyahıya birinci daxil edildilər. Əvvəlcədən onu deyək ki, 16 nəfərlik komitədə bir nəfər də olsun erməni, nə də Ermənistanın müttəfiqləri - yunanlar, hindlər, hətta ruslar belə yoxdur. Komissiyanın əsas tərkibinə aşağıdakılar daxildir: Mikael Sulman, Sinkleyer Kater, Marian Smitson, resenziyaçı Harri Qudson, Dmitri Eşbou.
Nəhayət, bu il fevralın ilk günlərində 20-ci əsrdə bəşəriyyətin nail olduğu ədəbi incilər siyahısı açıqlandı. Burda elitar və kütləvi ədəbiyyata, müəlliflərin milli və dini mənsubiyyətinə fərq qoyulmadan yalnız ən dəyərli 1500 əsər toplanıb. Bütün millətlər hərəsi heç olmasa bir ədibi ilə dünya ədəbi standartlarını qane edib. Sovet ədəbiyyatı ora 18 müəlliflə daxil olub. Ermənilər belə, ermənicə bilməyən ABŞ-da doğulub böyümüş Edqar Purityanla təmsil olunub, millətinin üzünü güldürüb. Siyahıda yalnız Azərbaycan və Solomon adaları yoxdur. O Solomon adalarında ki, hələ ötən il adam yeyirdilər. Orda indi də adamyeyən olub-olmadığını deyə bilmərik. Hər halda Azərbaycan bundan "yaxşı" kampaniyaya düşə bilməzdi.
Sözügedən siyahının demək olar ki, yarısını - 630 nəfərini dünya 60-cıları təşkil edir. Onların arasında da azərbaycanlı ikonalar yoxdur. Çünki daha neçə dəfə deyərlər, dünya 60-cıları tarixə romantizm əleyhinə dalğa kimi düşübsə, bizimkilər həmin illərdə sentimentalizmə, kanonik mətnlərlə sevgi lirikasına başlayıblar. Toni Morisonun "mən öz təsəvvürümün bəzi şəxsi işlərindən zövq almaqda maraqlı deyiləm... Bəli, əsər ayrı-ayrı insanların şəxsi həyatları haqda olmamalıdır" (1932), Con Dos Possosun "əsər sənədli olmalı, müasir qəzet başlıqlarından, populyar mahnılardan, telekanallardan, reklamlardan, həmin dövrün tanınmış simalarının bioqrafiyalarından götürülmüş xronika əsasında realistcəsinə yazılmalıdır "(1919) spektlərindən sonra Azərbaycan 60-cılarının mövzuları linqvistlərin sözü olmasın, "ədəbiyyat" sözünün qrammatikasını təhqir etmək idi. Dünya ədəbiyyatı imzalarının arasına azərbaycanlı 60-cılar layiq görülüb salınmadı. Bu da xalqın on illərlə güvəndiyi 60-cıların biabırçı sonu!
Analoji məsələyə "Ulduz" jurnalının 2002-ci il 12-ci nömrəsində Yazıçılar Birliyinin fəxri üzvlərindən biri toxunub. Təxminən belə: "öz aramızdı, balaca irland xalqının dörd nümayəndəsi Nobel mükafatı aldı. Bizim 20-ci əsrdə dünya ədəbiyyatına ciddi şəkildə daxil olan bir yazarımız olmadı. Görəsən niyə?" Sizmi bizdən soruşursuz? Amma biz sizdən soruşmalıyıq ki, xalqın vergisilə dolan büdcəni "ədəbiyyatınızı yaradırıq" deyib, illər boyu maaş, mükafat, sanatoriya, putyovkalarınızla boşaldıb nəylə məşğul olurdunuz? Hanı o ədəbiyyat? Hanı gördüyünüz iş? Və hanı o tərəqqi bələdçiləri ki, başqalarına da pis nümunə olub, yazı hürriyyətindən sapdırdılar, öz bildikləri çərçivədə qələm yolu göstərib, rəyçilik, "bəh-bəh" edib Azərbaycan ədəbiyyatını günbəgün palçığa batırdılar? Ümumiyyətlə, AYB-nin indiki rəhbərliyinin Azərbaycan ədəbiyyatına vurduğu ziyanı hesablamaq üçün illər lazımdır.
O ədəbiyyatın qüdrəti yalnız SSRİ-nin künc-bucağında çürümə prosesi keçirən rimmakazakovaların təmtəraqlı məktublarında təriflənməyə, Türkiyənin Yedditəpə, Mimar Sinan, Fateh universitetlərinin fəxri doktoru olmaqla öyünməyə çatdı. Yeri gəlmişkən, ağı çıxarılıb çarxa qoyulan bu doktorluq hadisəsi ki var, hər ilin mayında Azərbaycanda keçirilən Türkiyə ali məktəblərinə qəbul prosesilə maraqlansanız, sadə bir həqiqəti görərsiz. Nüfuz və təhsil səviyyəsinə görə Türkiyə Yüksək Öyrətim Kurulu tərəfindən həmin Fateh, Mimar Sinan, Yedditəpə 80 universitet arasında 74, 77, 79-cu olaraq elan edilib. Türkiyədə təhsil almaq istəyən azərbaycanlı abituriyentlər də onları bir qayda olaraq, 12 yerlik sıralamada "tələbəsi olmağı ən az arzuladığım universitet" qismində göstərirlər. Arzu edirik, 80-ci yerdə olan Səlcuk Universitetinin də doktoru olasız. Bizə isə, əziz dostlar, üçmanatlıq mükafatlara şadlanmaq deyil, əsl ədəbiyyatın rəyi lazım olduğundan ədəbiyyatşünas Daniel Edmissonun Nobel Komissiyasının ədəbiyyat radiosunun veb-səhifəsində maraqlı bir məqaləsinə göz ataq. Həmin məqalədə siyahı hazırlanarkən ona həvalə olunan keçmiş SSRİ ədəbiyyatını araşdıranda rast gəldiyi tendensiyadan danışır: "Geridə qoyduğumuz əsr nə tarixçilər, nə də şairlər tərəfindən bütöv əhatə oluna bilməz. Bununla belə, o, dünya ədəbiyyatının ən templi dövrüdür. Lakin təhqiqatımız göstərdi ki, bəzi xalqlar bu prosesdən kənarda qalıblar. ...Şairlər hələ odalar və qoryatlar (xoryat nəzərdə tutulur) yazırlar, ən yaxşı halda aforizmlərə meyl edirlər. Və bu çox kədərlidir."
Belə sarsıdıcı 20-ci əsrdən sonra Yazıçılar Birliyi əyanları indi də 21-ci əsri "qurub-yaratmağa", söküb-dağıtmağa girişiblər.

***

İki Yazıçılar Birliyi var. Biri ədəbiyyat dağlarının əsasını qoyub, gəncliyin qayğısına qalır, yeni Azərbaycan ədəbiyyatını müvəffəqiyyətlə inkişaf etdirir, dünyaya tanıtdırır, yazıçıların mənəvi ocağıdır, əyalətlərdə də tədbirlər keçirir... Bu, kənardan görünən vizual Yazıçılar Birliyidir. Hansı ki, onun başçıları televiziyada, "Ədəbiyyat" qəzetində reklam etməkdə davam edirlər. Və bir də real Yazıçılar Birliyi var - ədəbiyyat polisidir, orda avtoritar siyasət, dostlar klanı hakimiyyətdədir, dövlət vəsaiti subyektiv xərclənir (qədim həqiqətdir ki, yalnız mədəni adamın obyektiv olmağa dərin tələbatı, ehtiyacı olur), əyalət bölmələri AYB-nin üzvlük vəsiqəsini kənd şairlərinə sözün hərfi mənasında satır, yaranan əsərlərinsə dünya ədəbi standartlarına heç bir dəxli yoxdur, obıvatellər irəli çəkilir, ədəbi gəncliyin bir neçə nümayəndəsi lazım gələndə gözə soxmaq üçün mükafatlarla satın alınır, qalanı müxtəlif təhqirlərlə sıxışdırılır, yazarlar yaltaqlara və qeyri-yaltaqlara parçalanıb, təkhakimiyyətlilik, saxtakarlıq baş alıb gedir... Məhz belə bir Yazıçılar Birliyi qurultayqabağı AYB mətbuatında göründü. Axır üç ayda baş verənlər göstərir ki, qurultay fotolentə alınmaya, qəzetlərə 30-cu illər qurultayının şəkil və materialları da göndərilə bilər. Sadəcə, 11-ci qurultay qədim saxta seçki keçirmək üsulunun yeni adıdır.
Hazırlığın iki istiqamətindən biri olan yaradıcılıq müşavirələri axır yeddi ildə azad ədəbi proseslərə praqmatik inkarçı mövqedə dayanan, fikir haqqında fikir yürüdən, ədəbi mühitə yalnız qınaqlarla reflektiv münasibətdən yaxına gələ bilməyən Yazıçılar Birliyinin böhranını açıq ortaya qoydu. Azad yazarların ötən illər ərzində işlək dilə gətirdiyi postmodernizmi görməməzlikdən gələn, onu yazıçılara məsləhət görməyən AYB sədri bu tərzin ötən altı ildə ədəbiyyatımıza fəaliyyət gətirən yeganə meyl olduğunu dinləməyə məcbur oldu. Dünya ədəbiyyatşünaslığının "təsvir, yoxsa izah" müzakirələrində birinci çoxdan dəfn olunduğu halda Azərbaycanın rəsmi məruzələri... belə ancaq hava haqqında məlumat vermək olar. Bu təbii keyfiyyətsizliyi nəzərə alsaq, əlbəttə deskrativ məruzələr fəsili təşkil etməkdə AYB-nin məqsədi gördüyü işlərin hesabatı, perspektivlərə müstəvi açmaq deyil, əslində çoxdan itirilmiş aktiv və ağıllı ədəbi müzakirələr mərkəzi statusunu qaytarmaq, böhrandan çıxmaq çabası idi. Amma bir neçə məruzə ilə rəhbərliyin yeddi ildə buraxdığı boşluqları, yol verdiyi spazmaları kompensə etmək olmazdı və olmadı da. Məruzələrin yüksək qonararı, üstəgəl ötən məruzəçilərin sonrakı taleyinin xarici işlər naziri təyin olunmağa qədər gətirdiyi faktının "yada düşməsi" hər iki abzasdanbir Anar müəllimə təşəkkür, rzayevlər sülaləsinə istinad edilməsini təmin etdi.
Qurultayqabağı fəaliyyətin ikinci istiqaməti gənclərin mükafatlarla satın alınması oldu. İndiyə qədər sanki AYB ifadəsinin yanında öz lüzumsuzluğunu başa düşüb səsini çıxarmağa utanan Ədəbiyyatın Təbliği Bürosunun "Yaddaş" Mükafatlar Komissiyası fəaliyyətə keçdi. Ümumiyyətlə, SSRİ Yazıçılar İttifaqının ilk katiblərindən olmuş B.Dobrıninin 38-ci ildə sovet respublikalarının yazıçı ittifaqlarının sədrləri üçün qoyub getdiyi "hər şey unudulur, mükafat verən əsla!", "mükafat sovet yazıçısının yaddaşı ilə xarüqələr yaradır" tövsiyələri qüvvədədir.
Anar müəllimin seçkiqabağı manevrlərindən biri 2007-ci ildə dövlətin latın qrafikacıyla ədəbiyyatın çapına ayırdığı pulun bir hissəsini hətta onu tənqid edənlərin də kitablarının çapına xərcləyəcəyini deməsi oldu. Yeri gəlmişkən, AYB rəhbərləri allahdan arzulayırlar ki, nə ola yenə bir əlifba dəyişikliyi ola, çünki belə şeylərdən bilirsinizmi nə qədər xeyir var.
Məntiqdən kənar olması nəzərə alınsa, əlbəttə, 2007 vədi onun ziyanlı idarəçiliyi əleyhinə qalxmış yazarların rəylər demokratiyasını qış yuxusuna, bihuşluğa aparmağa yönəlib.
AYB-nin 8 peyki "dar gündə, xoş gündə, xəstəlikdə, sağlamlıqda, kasıblıqda, varlılıqda" Anarı dəstəklədiklərinə, ona səs verəcəklərinə dair strateji bəyanat verdi. Mənafelərin sabaha qoyduğu sərmayələr apogeyinə çatdı. AYB mətbuatının bu bəyanata geniş yer verməsilə isə "Ədəbiyyat" qəzeti xalis bir namizədin - Anarın seçkiqabağı təbliğat plakatına çevrildi.
Azərbaycan münasibətlərin ənənəvi cənub kodeksinə aid olduğundan, gənclərin təklif etdiyi namizədlərin "Anarın yerinə göz dikmək" kimi qınaqlara məruz qoyulmaqla utandırılması, birgə təkzib bəyanatlarına cəlb edilmək və s. - Anar rəqiblərini siyasətçi taktikasıyla zərərsizləşdirir. Yazarlar əşyaviləşdirilir, depersonifikasiyaya uğradılır. Demokratik seçkilər üçün çırmanan gənc qollar başlanğıc nöqtədə peşman edilir. Nəticədə "AYB" o qədər mənfi məna kəsb etdi ki, onun üzvləri belə bu yarlığı qəbul etməkdən imtina etdilər.
Bütün bunların formalaşdırdığı təhlükəni əlbəttə, AYB də görməmiş deyil. Onlar geniş ictimaiyyətin yaranmaqda olan "gəncləri niyə buxovlayırsız" sualıyla üz-üzə qalmaq təhlükəsini önləmək üçün bir neçə sözəbaxan gənci ədəbi iqtidara çəkmək fikrinə düşdülər. Həmin gənclər isə ədəbi müxalifətdəki yaşıdlarına "xəbəriniz var, sizin mübarizənizdən biz qazanırıq" deyib minnətdar oldular.
Sonra bu qəbildən olan gənclərin AYB-nin fəaliyyətinə dair təklifləri dinlənildi. Biri nə təklif etsə yaxşıdı? Buyurun, oxuyun: Jurnalistlər Yazıçılar Birliyinin həyatından yaxşı yazılar yazmaları üçün pul, suvenir, kitab və sair hədiyyələrlə həvəsləndirilsin.
Ortalığa atılan bu məsələnin mahiyyətini anlamaq üçün Akademiyanın kitabxanasına müraciət edib Azərbaycan dilinin izahlı lüğətini xahiş etmək kifayətdir: "Rüşvət - pul, hədiyyə və ya maddiyyətləri vəd etmək yoluyla hər hansı məqsədə nail olunması..."
Bunları görəndə şübhə etmirsən ki, şeytanlar diyarı AYB-ni öz paytaxtına çevirib.
AYB artıq ədəbiyyatçıların peşəkar birliyi adlanmaq üçün mandata malik deyil. Öz danışdığına inanmayan adamlar kimi "AYB peşəkar yazarların birliyidir" cümləsini təkrar-təkrar elan etmək və qarşısına bir neçə nida işarəsi qoymaq o faktı dəyişmir ki, AYB məhz diletant yazarların birliyidir. Buranın tənqidçiləri yeni ədəbiyyatşünaslığa dair bir çox şeyi AYO-çulardan öyrəndiklərini özləri də etiraf edərlər.
AYB üzvlərinin günbəgün ədəbiyyatsızlaşması, əsərlərin faktual məzmundan məhrumluğu AYB sədrini narahat etmir. Təki onlar xasiyyətcə "ədəbli" olsunlar, "dələduzluq" etməsinlər.
Belə bir amoral şərait hökm sürür. Yazıçılar yox, AYB-nin bir qrup təşkilatçısı = texniki işçisi qurultaya hazırlaşır. Hazırlaşır elə bir möhlət almağa ki, daha yeddi il Azərbaycan ədəbiyyatını öz zurnasına oynatsın.
Əziz gənclər, biz ədəbiyyat respublikasında Azərbaycanın vətəndaşlığını əldə etmək üçün çalışırıq. Yazıçı maskası altında gizlənmiş siyasətçilərin rəhbərliyi altında isə illüziyalardan, donqarlardan arı yeni ədəbiyyat boy ata bilməz. Qəbirstanlığın aprel ziyarətiqabağı oyunlar göstərir ki, ədəbiyyatın gələcək taleyini AYB-nin indiki rəhbərliyinə həvalə etmək quşa cələdən yol göstərmək kimi bir şeydir. BMT-nin bir əsrin ədəbiyyatını əlin altına gətirmək qədər gözəl işinə gəlincə, hər evdə lazımlı bu 1500 əsər "20-th century high literature" seriyasından sentyabrda satışa çıxacaq.

Nərmin Kamal